"Şərq"in əməkdaşı xəsarət alıb - "BakuBus"dan ŞİKAYƏT

Fazilə Məmmədova: "Bel, baş və boyun hissəmdə kəskin ağrılar var"


Dünən "Şərq” qəzetinin baş mühasibi Fazilə Məmmədova "BakuBus"da xoşagəlməz hadisə ilə üzləşib. Avtobus hərəkətdə olarkən sürücünün əyləci sərt sıxması səbəbindən sərnişinlər müvazinətini itirib və əməkdaşımız da daxil olmaqla bir neçə sərnişin yıxılıb. 

Bu barədə Sherg.az-a əməkdaşımızın özü məlumat verib. 

O bildirib ki, iyulun 10-da 3 nömrəli 99 İH 106 dövlət nömrə nişanlı "BakuBus" avtobusuna minərək "Olimp”dən "Kapital” Bankın Nəsimi filialına yola düşüb. Statistika Komitəsinin yaxınlığına çatdıqda avtobus dairədən hərəkət edərkən sürücü anidən əyləci sərt sıxıb və avtobusdakı əksər sərnişin yıxılıb:

"Mən də yerə yıxıldım və xəsarət aldım. Sərnişinlər halımın pisləşdiyini görüb, məni oturacağa oturtdular. Sürücü isə yıxılan sərnişinlərlə maraqlanmadı və heçnə olmamış kimi əvvəlki qaydada işinə davam etdi. Ona etirazımı bildirdikdə mənə əhəmiyyət də vermədi. Şikayət edəcəyimi deyəndə "Get kimə, hara şikayət edirsən et " dedi. Görünür, bu adamlar sərnişinlərə insan deyil, başqa bir varlıq kimi baxırlar. Biz hüquqi, demokratik ölkədə yaşayırıq. Deyəsən, o sürücü hələ bunun fərqində deyil".

Çox ağır xəsarət aldığını söyləyən əməkdaşımız bel, baş və boyun hissəsində kəskin ağrıların olduğunu deyib:

"Ağrılar yatmağa da imkan vermir. Çox əziyyət çəkirəm. Səsimizi duyan aidiyyatı qurumlardan həmin sürücünün cəzalandırılmasını tələb edirəm. Ümumiyyətlə, dəfələrlə bür cür arzuolunmaz hadisələrlə qarşılaşdığım üçün "BakuBus"un fəaliyyətindən narazıyam”.

Aysel Aslan