“Sevil”in aldanmış müştəriləri pullarını istəyir
Elə adamlar var ki, bankdan kredit götürmüşdü, indi onun faizini ödəyə bilmir
"Sevil Massivi” Mənzil-Tikinti Kooperativi payçılarının vəsaiti hələ də ödənmir. Böyük xəyallarla kooperativə vəsait yatırıb evinin tikiləcəyini gözləyən vətəndaşlar indi faktiki küçədə qalıb. Səbəb də məlumdur. MTK-nın təsisçisi və direktoru barəsində vergidən yayınma və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaya görə cinayət işi açılıb.
Və həmin insanlar həbs edilib. Hazırda istintaq işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində aparılır. Ortada təqribən 2 milyona yaxın pulun mənimsənilməsi faktı var. Bu barədə Baş Prokurorluq bir neçə ay öncə məlumat yayıb. İstintaq gedir və şübhəsiz ki, cinayət əməlinə görə, konkret şəxslər məsuliyyətə cəlb ediləcək. Bəs, vətəndaşların mənimsənilən pulu necə olsun? Onlara pullarını kim qaytarmalıdır? "Şərq” redaksiyası ilə əlaqə saxlayan vətəndaşlar bildirdilər ki, Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi bu işi Abşeron rayon inzibati ərazi nümayəndəliyinə təhkim edib. İdarənin göndərdiyi qərarda açıq şəkildə qeyd olunur ki, vətəndaşların pulu qaytarılsın. Amma Abşeron Rayon İcra Hakimiyyəti də, inzibati ərazi nümayəndəliyi də vətəndaşları aylardır ki, get-gələ salır, qəbula yazılan vətəndaşlara "vəsait yoxdur, nə vaxt vəsait olsa, pulunuzu qaytaracağıq” deyirlər. Redaksiyamıza telefon açan Şıxəliyeva Arzu bildirdi ki, 6 aydır ərazi nümayəndəliyinin qapısını döyür. Hər dəfə də "get, həftənin sonu gəl”, həftə sonunda isə "həftənin birinci günü gəl” deyib, vaxt uzadırlar:
- Biz MTK-ya nağd pul ödəmişik. Öz pulumuzu tələb edirik. Nağd ödənişlər bəs hara gedib? Ödəmə yolu ilə pul verməmişik ki, hardansa qaytarılmasını gözləyək. Verdiyimiz pullar, MTK-nın vətəndaşlardan yığdığı pullar bəs hanı? Bizim pulumuzu qaytarsınlar. Ən aşağı ödəniş 2000 manat olub. Torpaq sahəsinin, evin ölçüsünə görə məbləğlər müxtəlif idi. 2000 manat ödəyən də vardı, 5 min, 10, hətta 20 min manat da. Elə insan var ki, evini satıb "Sevil Massivi”ndə torpaq sahəsi almışdı. İndi kirayələrdə qalmağa məhkum olub. Bəzi vətəndaşlar bankdan kredit alıb MTK-ya ödəmişdilər. Yazıqlar, bank faizi ödəyirlər. Pulları qaytarılmır ki, bankdan canları qurtarsın. Təsəvvür etməzsiniz ki, elə adam var, evi tikilmişdi, aparıb içinə mebel yığmışdı. İndi o mebeli də oradan aparmağa icazə vermirlər. İnsanlar çox ağır durumdadır. Korrupsioner məmurların qəbulunda gözləyə-gözləyə xəstəlik tapıblar. İnsanlar əsəb gərginliyi keçirir. Biz niyə əlimizlə verdiyimiz pulun ardınca aylarla sürünməliyik?!
A.Şıxəliyeva Abşeron Rayon İcra Hakimiyyəti önündə keçirilən aksiyanın başqa rəsmi strukturlar önündə də keçiriləcəyini bildirdi:
- Biz heç kəsi təhqir etmirik. Sadəcə, pulumuzu istəyirik.
Qeyd edək ki, hüquqları pozulmuş MTK payçıları növbəti həftə mətbuat konfransı keçirməyi planlaşdırırlar.
Məsələ ilə bağlı Neftçilərin Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının fikirlərini öyrəndik. M.Qəhrəmanlı vətəndaşların məhkəməyə müraciət etməli olduğunu dedi:
- Aksiyalarla onlar nəyəsə nail ola bilməyəcəklər. Əksinə, haqlı ikən haqsız duruma düşəcəklər. Öz təcrübəmizdən bilirəm ki, məhkəmələrdə sosial, mülki yönümlü işlərə ədalətlə baxılır. Əvvəllər biz də əmək qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı çətin duruma düşürdük. Fəhlələrə kömək edə bilmirdik. Amma sonra problemləri məhkəmə yolu ilə çözmək qərarına gəldik və sizə deyim ki, udduğumuz işlərin sayı qat-qat çoxdur, nəinki uduzduğumuz. Problem burasındadır ki, bizim insanlar hüquqlarını bilmirlər və məhkəmələrə də inanmırlar. Amma nahaq yerə. Bir halda ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi payçıların vəsaitlərinin qaytarılmasına dair qərar qəbul edib, cəza növü də təyin olunub və bu qərar əlaqədar instansiyaya çatdırılıb, amma vətəndaşların pulu qaytarılmır, deməli, burada icranın yerinə yetirilməməsi halı baş verir. Buna görə də məhkəmədə ikinci istintaq işi açılmalıdır. İcranı yerinə yetirməyənlər məhkəmənin hökmü ilə həbs də oluna bilər. Sadəcə, vətəndaşlar məhkəməyə iddia ərizəsi ilə şikayət etməlidirlər.
M.Qəhrəmanlı oxşar hallarda vətəndaşların hüquqlarının qorunmamasına ölkədə vəkillik institutunun da lazımi şəkildə formalaşmadığının da səbəb olduğunu bildirdi:
- Bilirsiz, insanların ödənişsiz müdafiəsi demək olar ki, sıfır dərəcəsindədir. Əksər vəkillər müdafiə işinə başlamazdan öncə müqavilə bağlayıb ödəniş edilməsini istəyir. Amma nəzərə almaq lazımdır ki, insanın ödənişi etməyə imkanı olmaya da bilər. Mülki işlərdə vəkillər əvvəlcədən deyil, iş məhkəmədə qazanıldıqdan sonra ödəniş edilməsini istəsələr, daha yaxşı olar.
Vəkil də buna çalışmalıdır ki, apardığı işdə uğur qazansın, həm vətəndaşın pozulmuş hüququ təmin edilsin, həm də ona maddi təzminat ödənsin. Bundan sonra vəkil gördüyü işin haqqını alsın. İnsanlarımız da öz hüquqlarını bilmir, vətəndaşlarla hüquqi maarifləndirmə işi aparılmır. Təkcə "Sevil Massivi”ndən söhbət getmir. Bir çox başqa MTK-lar da efirlərdə geniş reklam olunur. Vətəndaşlar da bu reklamlar, elanlarla tanış olub ödəniş həyata keçirirlər, mənzil almaq istəyirlər. Amma vətəndaşa mülki məsələ ilə bağlı üzləşəcəyi hər hansı problemlə bağlı hara müraciət edə biləcəyi, haqqını harada tələb edə biləcəyi ilə bağlı bir dənə də informasiya verilmir. Ona görə də insanlar çətin duruma düşürlər. Mən yenə də həmin vətəndaşlara məhkəməyə müraciət etməyi məsləhət görürəm. Qoy lap yerli məhkəmə instansiyalarını keçib sonda Avropa Məhkəməsinə üz tutsunlar. Gec-tez onların işinə baxılacaq və onlara təzminat ödəniləcək.
Məlahət Rzayeva