
Sevinmək hələ tezdir: Manatın möhkəmlənməsi müvəqqəti amildir
"Reallıq bundan ibarətdir ki, bugünkü rəsmi məzənnə bazardakı tarazlıq kursu deyil""Mərkəzi Bank bazardan tamamilə çəkildiyini elan etsə, o zaman manatın bazardakı tarazlıq məzənnəsi indikindən daha aşağı olacaq" 

Azərbaycan Mərkəzi Bankı (AMB) ABŞ dollarının aprelin 1-nə rəsmi məzənnəsini 1,5238 AZN/USD səviyyəsində müəyyən edib. Qeyd edək ki, manat 21 dekabr devalvasiyasından sonra ilk dəfə olaraq dollar qarşısında bu həddə qədər möhkəmlənib. İndiki halda manat hansı həddə qədər bahalaşa bilər?
İqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə bildirib ki, mövcud şəraitdə manatın möhkəmlənməsi üçün ciddi iqtisadi səbəb yoxdur:” Neftin qiymətinə, tədiyyə balansına, xarici ticarət dövriyyəsinə baxdıqda hər hansı müsbət irəliləyiş görünmür. ABŞ-ın Federal Ehtiyat Sisteminin (Federal Reserve System) başqanı Jannet Yellenin çıxışıdan sonra bütün dünyada dolların avro və digər valyutalara qarşı zəifləməsi müşahidə edilir. Manatın cüzi möhkəmlənməsinin yeganə səbəbi də məhz budur. Təsir cüzi olsa da, manatdan da yan keçmədi. Manatın hansı həddə qədər ucuzlaşa biləcəyi proqnozunu vermək çox çətindir. Çünki, Mərkəzi Bankın (MB) elan etdiyi "üzən məzənnə” sistemi Azərbaycanda yoxdur. MB inzibati qaydada manatın hansı səviyyədə düşməsini, yaxud qalxmasını planlaşdırırsa, o da olacaq. Çünki, bunun iqtisadi əsasları yoxdur”.
"Ümumilikdə "üzən məzənnə” sisteminə keçidin elan olunması və MB-ın hər dəfə növbəti gün üçün məzənnə elan etməsi ziddiyyət təşkil etmirmi? sualına gəlincə, ekspert dünya praktikasında belə halın müşahidə olunmadığını deyib: "Postsovet ölkələrindən başqa dünyanın heç yerində MB məzənnə elan etmir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə məzənnəni birja müəyyən edir. Nə Britaniya Bankında, nə Avropa İnkişaf Bankında, nə də FES-də belə bir praktika var. Dəfələrlə qeyd etmişik ki, Azərbaycanda "üzən məzənnə”yə keçid üçün heç bir instutisional dəyişikliklər baş verməyib. Yüzlərlə, minlərlə şirkət olmalı, ölkəyə davamlı olaraq vəsait daxil olmalıdır ki, "üzən məzənnə”yə keçid təmin olunsun”.
Manat həqiqətən də möhkəmlənirsə, niyə mal-məhsulun qiyməti dəyişmir - iddiasını şərh edən N.Cəfərli diqqətə çatdırıb ki, bunun cavabı çox sadədir: "MB-ın rəsmi məzənnəsindən əlavə real valyuta alış-verişi arasında fərq var. Bu gün əlinizdə olan manatı dəyişmək üçün hər hansı banka yaxınlaşsanız, məzənnəni MB elan etdiyindən fərqli olduğunu görəcəksiniz. İxracatla məşğul olan şirkətlər də real məzənnə ilə işlədiklərindən gətirdikləri məhsulu real qiymətə uyğun təklif edirlər”.
Digər iqtisadçı Nazim Məmmədov qeyd edib ki, neftin qiyməti 40 dollar ətrafında uzunmüddət qalsa, manat stabilləşə bilər. Onun fikrincə, hazırda manatın dollar qarşısında dəyər qazanmasının səbəblərindən biri xalq arasında yaradılmış süni manat qıtlığıdır:” Buna kəskin bahalaşma demək olmaz. Əslində, ajiotaj fonunda vətəndaşlar manatın ucuzlaşmasının siqnalını alırsa, onda özlərinə müvəqqəti dollar almış adamlar tez banklara üz tutaraq əllərində olan dolları manata çevirəcəklər. Bu hadisə istənilən ölkədə baş versə, milli valyuta həm ucuzlaşa, həm də bahalaşa bilər. Bizim manatın kursu neftin ucuzlaşmasından asılı olduğundan, hesab edirəm ki, neftin qiyməti 40 dollar ətrafında uzun müddət qalsa, manat stabilləşə bilər”.
Ekspertin qənaətincə, Azərbaycanda iqtisadi böhran hələ uzun zaman davam edəcək: "İqtisadi böhranın ötüb keçdiyini demək hələ çox tezdir. Sadəcə, müvafiq inzibati metodlarla Mərkəzi Bank manatın kursunu möhkəmləndirməyə cəhd edir. Bayram ərəfələrində və sonrakı vaxtlarda iqtisadi fəallığın az olması da təsiredici amillərdəndir. Güman edirəm ki, valyuta birjalarında da manatın kurs azadlığı yoxdur. Əhalidə süni manat qıtlığı həyəcanı var və bütün bunlar Mərkəzi Bankın apardığı siyasətdir. Eyni zamdanda, Azərbaycan iqtisadiyyatının indiki şəaraitdə manatın güclü olması məqsədəuyğundur. Çünki milli valyutanı ixrac yönümlü məhsulları daha da stimullaşdırmaq üçün ucuzlaşdırırlar. Ancaq bu, yalnız çox səbəbdən biridir. Digər səbəb isə daxili bazarda mal bolluğudur. Adətən, bazarda mal bolluğu yaranırsa, sahibkar başqa bazarlar axtarmağa başlayır. Ona görə əgər Azərbaycanın iqtisadiyyatı, istehlak malları, gündəlik tələbat malları idxaldan asılı olsa belə, mal ixracını stimullaşdırmaq olmaz. Və daxildə kifayət qədər rəqabət yoxdursa, xarici ticarət əlaqələrində inkişaf əldə etmək mümkün deyil. Ona görə bir neçə il lazımdır ki, daxili istehçalçılar daxili tələbatı ödəsin və xarici bazarda cavab verə bilsinlər. İndiki şəraitdə isə bu yoxdur. Səbəbi də Azərbaycan iqtisadiyyatında olan monopoliyadır. Necə olur ki, xaricdə istehsal olunmuş mallar nəqliyyat xərci də üstünə əlavə olunaraq Azərbaycanda istehsal olunan mallara nisbətdə daha ucuz olur. Buna görə də dövlətin daha vacib vəzifəsi monopoliyanı qaldırmaq, daxili bazarı stimullaşdırmaq, sahibkarların maliyyə resurslarına çıxışını təmin etmək olmalıdır. Çünki bu qiymətlərlə, kredit faizləri ilə heç bir Azərbaycan sahibkarı rəqabətə dözümlü mal istehsal edə bilməz. Əvvəlcə məmur özbaşınalığını aradan qaldırmaq lazımdır ki, azad daxili iqtisadi bazar münasibəti formalaşsın, sonra xarici bazar barədə düşünmək lazımdır”.
İqtisadçı Vüqar Bayramov da qeyd edib ki, milli valyutamız fevral ayının sonları və martın əvvəlindəki dəyərsizləşmədən sonra yenidən möhkəmlənməyə başlayıb: "Manatın möhkəmlənməsi və xarici valyuta təklifinin artması daha çox əvvəlki aylarda müşahidə edilən sürətli dollarlaşma prosesi ilə bağlıdır. İkinci devalvasiyadan sonra bankların mövcud nağd aktivləri, əsasən dollarlaşdı. Nəticədə, mart ayının ikinci yarısından başlayaraq bankların bir qismi öz dollar aktivlərini müəyyən hissəsini manata çevirməyə başlayıblar. Bu isə dollar təklifini artırdı. Bəzi banklar son günlər ayrı-ayrılıqda bazara 15 milyon dollara yaxın xarici valyuta çıxarıblar. Manatın mərhələli möhkəmlənməsi əhalinin dollar satışını da artırıb. Bəzi vətəndaşlarımız dolların daha çox ucuzlaşacağından ehtiyatlanaraq bunu edirlər, bəziləri isə cari xərcləmələr üçün dollarını dəyişirlər. Təbii ki, bayram günləri ölkəyə gələn turistlərin sayının çox olması da bankların dollar ehtiyatlarına təsir göstərdi. Bu günlərdə bankların bir qismi özləri üçün məqbul məzənnə ilə dollar alışı həyata keçirdilər. Eyni zamanda, Mərkəzi Bank tərəfindən manat bazasının azaldılması da məzənnəyə təsir göstərir. Mərkəzi Bankın siyasəti "az manat və dollara olan az tələbat” prinsipini hədəfləyib. Faktiki olaraq, Mərkəzi Bank pul bazasını 5 milyarddan aşağı endirib. Bu isə o deməkdir ki, rəsmi statistikaya əsasən, pul bazası son 1 ildə 2 dəfədən çox azalıb. Bu gün vətəndaşlar və biznesdə manat qıtlığı müşahidə edilir. İkinci kəskin devalvasiya nəticəsində nəinki vətəndaşlar, hətta biznes də əllərində qalan manatın əksəriyyətini dollara çevirmək məcburiyyətində qaldılar. Bu gün bir tərəfdən manat qıtlığı var, digər tərəfdən vətəndaşlar yığdıqları dolları cari xərclər üçün manata çevirməyə məcburdurlar. Yəni, manatın möhkəmlənməsinin iqtisadi səbəbləri inzibati müdaxilədən yaranan amillərdir. Nəticədə son zamanlar Dövlət Neft Fondu auksiona dollar çıxarırsa da, tam satılmır. Bununla yanaşı, reallıq bundan ibarətdir ki, bugünkü rəsmi məzənnə bazardakı tarazlıq kursu deyil. Mərkəzi Bank bazardan tamamilə çəkildiyini elan etsə, o zaman manatın bazardakı tarazlıq məzənnəsi indikindən daha aşağı olacaq. Ancaq hələlik Mərkəzi Bank və Dövlət Neft Fondu bazarda qalır”.
Ekspert hesab edir ki, növbəti günlərdə milli valyutanın məzənnəsinin möhkəmlənəcəyi güman edilir: "Çünki bazarın dollar satışı yüksəkdir, xarici valyutaya isə tələb azdır. Eyni zamanda, dolların manata nisbətən son ucuzlaşmalarından ehtiyatlanan vətəndaşların da dollarlarını manata çevirməyi davam etdirəcəyi də gözlənilir. Bu isə növbəti günlərdə də dollara sifarişin azalmasına gətirib çıxara bilər. Amma mövcud iqtisadi şərtlər, o cümlədən neftin dünya bazarındakı indiki qiyməti ilə prosesi uzun müddət aparmaq mümkün deyil. Bazarın kənar intervensiyalar olmadan uzun müddətli dövr üçün tarazlı dollar təklifi formalaşdırmaq imkanları məhduddur. Eyni zamanda, Mərkəzi Bankın pul bazasını necə dəyişməsi də bazara təsir göstərəcək. Mərkəzi Bank manat bazasını genişləndirsə, o zaman milli valyutanın möhkəmlənmə prosesi dayanacaq. Bütün hallarda ötən illərdə də tövsiyə etdiyim kimi, pulun valyuta səbəti formasında saxlanması vətəndaşları və biznesi bütün valyuta risklərindən qoruyur. Dollar, avro və milli valyutadan istifadə etməklə formalaşan səbət ən risksiz hesab edilir”.
Ayyət Əhməd