"Şeytan arabası” insanların qorxulu filmlərinə çevrilib

Qatar, qatar dərdlərimiz var
Günahı yetimin boynuna atmaq asandır. Dəmir Yolları İdarəsinin də səhlənkarlığı ortadadır


Bakının Binə qəsəbəsində 160 saylı marşrut avtobusunun yük qatarı ilə toqquşması cəmiyyətdə böyük xof yaradıb. İki gündür hadisənin şokundan çıxa bilməyən sərnişinlər evdən çıxmaq istəmir. Məcburiyyətdən şəhərə gəlməli olan insanlar isə axşam evə sağ qayıdacağına əmin deyil. Bəziləri isə gedəcəkləri ünvana sağ-salamat çatmaq üçün az qalırlar kilometrlərlə yolu piyada getsinlər. Təki 160 saylı avtobusa minib faciənin baş verdiyi ərazidən keçmək məcburiyyətində qalmasınlar. Bu bilirsiniz nəyə bənzəyir? Uşaqlıqdan bu yana sevə-sevə izlədiyimiz "Sehirli xalat” filmində saraydan qaçan xanın ona sarı gələn avtobusu görəndə "Vay, şeytan arabası” deyərək qaçdığı səhnə yəqin ki, hər birinizin xatirindədir. 

Bax, 21-ci əsrin Bakısında vəziyyət o cürdür. İnsanlar marşrut avtobuslarına "şeytan arabası” kimi baxırlar. Avtobus şoferlərini görəndə isə "Vay, cin, cin” deyib, başlarını tuturlar. Əslində, haqsız da sayılmazlar. Marşrut avtobuslarının iştirakı ilə baş verən yol qəzaları, xəsarət alan, dünyasını dəyişən sərnişinlərin statistik göstəriciləri vətəndaşların bu narahatlığı və qorxusu üçün çox ciddi əsasdır. Axı, avtobus marşrutunun bu qədər qəzalara səbəb olduğu bir şəhərdə kimə təhlükəsizliyi üçün təminat vermək olar? Şübhəsiz ki, insanların ölüm fətvasını verən yol-nəqliyyat qəzalarını doğuran səbəblər və buna şərait yaradan şəxslərdir. Məhz bu səbəbdən, qatar gələn zaman yolda bu cür nəzarətsizlik və laqeydlik insanda acı təəssüfdən başqa bir hiss yaratmır. Qatar gələn zaman yolun hər iki hissəsi bağlanmalı olduğu halda, bu yolda niyə şlaqbaumlar aşağı salınmır? Baş verən hadisə ilə bağlı sürücünü ittiham etmək, narkotik istifadəçisi olduğunu iddia edib bütün günahı onun boynuna atmaq asandır. Söz yox ki, sürücü günahkardır, amma bu işin məsuliyyəti tək onun çiyinlərinə yüklənməməlidir. Həmin marşrut xəttindən gün ərzində yüzlərlə sərnişin istifadə edir. Bu isə o deməkdir ki, aidiyyəti qurumlar baş verən bədbəxt hadisədən dərs çıxarmadıqları müddətdə hər gün yüzlərlə sərnişin ölüm təhlükəsi ilə üzləşəcək. Ən azından gələcəkdə belə hadisələrin baş verməməsi üçün birinci növbədə aidiyyəti qurumlar üzərlərinə düşən işi görməlidir.

Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar Mərkəzinin rəhbəri, nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynlinin fikrincə, qəzanın başvermə səbəblərinə kompleks yanaşmalar ola bilər: "Konkret səbəbi bilmək üçün hərtərəfli araşdırma aparılmalıdır. Hazırda baş verən hadisəyə görə əsas məsuliyyət sürücünün üzərinə atılıb. Halbuki qəza "Azərbaycan Dəmir Yolları” QSC-nin səhlənkarlığı ucbatından baş verib. Dəmir və avtomobil yolunun kəsişdiyi yerlərdə təhlükəsizlik qaydalarına nə dərəcədə riayət olunduğu araşdırılmalıdır.

Qatar yolun kəsişən hissəsinə yaxınlaşdığı zaman uzaq məsafədən siqnallar verilməli və hərəkətdə olan avtomobillərin fəaliyyəti nizamlanmalı, şlaqbaumlar qoyulmalıdır. Bizdə isə bu sahədə biabırçı vəziyyət yaranıb. Problem sadəcə sözügedən ərazi ilə bağlı deyil. Bakı- Qazax, Ələt-Astara istiqamətində hərəkət edən dəmiryolu xətlərinin avtomobil yolu ilə kəsişən hissəsində bu cür səhlənkarlıqlara yol verilir. 

Halbuki əvvəllər bu keçidlərdə şlaqbaumlar və onların fəaliyyətini tənzimləyən işçilər olub. Sonradan isə qənaət məqsədi ilə işçiləri vəzifədən kənarlaşdırıb şlaqbaumları da ləğv ediblər. Nəticədə isə əziyyəti vətəndaşlar çəkir. Saatlı-İmişli istiqamətindəki hərəkət zolağında dəmiryolu ilə nəqliyyat yolu 2-3 ərazidə kəsişir. Şlaqbaumlar isə ləğv edildiyi üçün oradan keçən sürücülər ancaq intuisiyaları ilə hərəkət edirlər. Bu nə deməkdir? Belə çıxır ki, insanlarımız Allah umuduna yola çıxır. Saatlının çıxış istiqamətindəki yol kəsişməsində bir neçə dəfə qəzalar və ölüm hadisəsi baş verib. Bunu apardığım monitorinqlərə əsasən deyirəm və aidiyyəti qurum əməkdaşlarına həmin ərazini göstərə də bilərəm. Hər nə qədər həmin yolda nəqliyyatın hərəkəti intensiv olmasa da, vəsaitlərə qənaət məqsədilə insanların həyatı ilə oynamaq düzgün deyil”.

Dünya praktikasını misal çəkən ekspertin sözlərinə görə, dəmir və avtomobil yolunun kəsişdiyi yerlərdə şlaqbaumlar qoyulur və qatarın hərəkəti məsafədən idarə olunur. Qatarı idarə edən maşinist isə öncədən xəbərdarlıq siqnalı verir: "İstintaq araşdırmaları zamanı bütün bunlara əməl olunub-olunmadığı araşdırılmalıdır. Avtobus sürücüsünün məsuliyyətini və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin səhlənkarlığını istisna etmirəm. Hadisə detallarına qədər araşdırılmalıdır ki, doğrudanmı sürücü qəza zamanı narkotik maddənin təsiri altında olub. Əgər belədirsə, onun məsuliyyətinə şərik olan qurumlar var. 

Törətdiyi qəzaya görə əvvəllər məhkumluq həyatı yaşayan və narkotik maddə istifadəçisi olan bir şəxsi hansı kriteriyalarla sürücü götürüblər? Bunlar araşdırılmalı və sürücünün cəzası müəyyənləşdirilməlidir. Təbii ki, aidiyyəti qurumlarla birgə. Bu cür ağır yol qəzasını avtobus sürücüsünün narkotik maddə qəbul etməsi ilə əlaqələndirib, digər tərəfləri məsuliyyətdən yayındırmaq gələcəkdə növbəti qəzaların və ölüm faktlarının baş verməsinə zəmin yaradacaq”.

İ.Hüseynlinin fikrincə, ictimai nəqliyyatı idarə edən şəxslərin işə götürülməsi zamanı şərtlər o qədər sərtləşdirilməlidir ki, sərnişinlərin həyatı hər yoldan ötənə əmanət edilməsin. Həmin adamın kateqoriyaları, nəqliyyatı idarəetmə vərdişləri yoxlanılmalı, psixoloji durumu öyrənilməlidir”.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

DİN-in məlumatına görə, oktyabrın 1-də saat 14 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əlixan Şirəliyev idarə etdiyi "Daewoo” markalı 160 saylı xətt avtobusunu qorunan keçiddə hərəkətdə olan elektrovoza vurub. Nəticədə sürücü və 42 sərnişini xəstəxanaya yerləşdirilib, onlardan Şakir Əliyev və Yusif Dadaşzadə orada ölüblər. Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Ağır qəzanı törədən 160 nömrəli avtobusun sürücüsü Elxan Şirəliyev əvvəl də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törədiyi üçün məhkumluq həyatı yaşayıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov qəzadan sonra tibbi müayinədən keçirilən sürücünün narkotik istifadəçisi olduğunun da müəyyənləşdiyini bildirib.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib ki, sürücülərin işə qəbulu təmsil etdiyi qurum tərəfindən həyata keçirilmir: "Qəzadan sonra daşıyıcı şirkətə xəbərdarlıq olunub. M.Ağayev deyib ki, bu kimi halların qarşısının alınması üçün vahid sürücü bazasının hazırlanması və peşəkar sürücülərlə bağlı məlumatların toplanması davam edir”.

Şəymən