"Siqaretdən istifadə edənlərin sayını xeyli azalda bilərik” - NECƏ ?





"Qanun layihəsi ilə paralel maarifləndirmə də aparılarsa, cərimələr tətbiq edilsə, siqaretdən istifadə edənlərin sayını xeyli azalda bilərik”.

Bunu "Sherg.az”a "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi ilə bağlı danışarkən "Siqaretsiz həyat” ictimai birliyinin eksperti İradə Polad deyib. O xatırladıb ki, gənc nəsil informasiyanı daha çox internet üzərindən əldə etdiyindən buna yönəlmək lazımdır:

"Təbliğat yüksək səviyyədə olmalıdır. Bu sahədə sırf mütəxəssislər danışmalıdır ki, gənclər özlərinə ibrət götürsünlər. Televiziyalarda da bu sahədə müxtəlif məzmunlu müzakirələr aparılmalıdır. Hazırkı tədbirlər şəklində qanun çərçivəsinə salmaq da olar”.

Qeyd edək ki, sözügedən qanun layihəsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların və gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəçiliyin profilaktikası, tütün məmulatlarının istifadəsinin və tütün tüstüsünə ətraf mühitə ziyanlı təsirlərinin azaldılmasının hüquqi əsaslarını müəyyən edir.

Qanun layihəsinə əsasən, səhiyyə, elm və təhsil müəssisələrində, muzeylərdə, kitabxanalarda, kinoteatr, teatr, sirk binalarında, sərgi və nümayiş salonlarında, idman yarışları, konsert və digər kütləvi tədbirlər keçirilən zallarda, ticarət, məişət və sosial xidmət obyektlərində, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda (avtostansiyalarda) və avtobusun dayanacaq məntəqələrində, beynəlxalq və ölkədaxili sərnişin daşınmasında, sərnişindaşınmaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələrində və taksi minik avtomobillərində, çoxmənzilli binaların liftlərində və ümumi istifadə otaqlarında, uşaq meydançalarında, çimərlik əraziləri hüdudlarında və digər yerlərdə siqaret, sulu qəlyan və elektron siqaretin çəkilməsinə icazə verilməyəcək.

Aysel Aslan