Sirkə turşusunun faizi azaldılsın, intiharlar çoxdur

Həkimlər sirkə turşusunun faizi ilə bərabər istifadəsinin də azaldılmasını məsləhət görür



Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov dünən keçirdiyi brifinqdə respublikadakı zəhərlənmələrdən danışıb. Toksikoloji zəhərlənmələr arasında sirkə turşusundan zəhərlənmələrin üstünlük təşkil etdiyini qeyd edən A.Maqsudov deyib ki, əvvəllər sirkə turşusu 85-90 faizlik buraxılırdısa, indi bu rəqəm 75 faizdir. Buna baxmayaraq, yenə də ölüm faizi çoxdur. Hər ay xəstəxanaya sirkə turşusundan zəhərlənmə ilə bağlı 10-15 xəstə qəbul olunur.

Ekspertin sözlərinə görə sirkə turşusunun faizinin azaldılması ilə bağlı 1995-ci ildə Kənd Təsərrüfatı Nazirliyinə müraciət edilib: "Xəstəxanaya qəbul olunan xəstələrin 80-90 faizi ağır və kəskin ağır vəziyyətdə gətirilir. İl ərzində 2 mindən çox xəstə toksikoloji mərkəzə ümumi zəhərlənmələrlə bağlı müraciət edir. 2 min müraciətdən 30-40 nəfəri ölümlə nəticələnir. Onların əksəriyyəti sirkə turşusu, psixotrop maddələr və tək-tək hallarda dərmanlardan zəhərlənir”.

"Şərq”ə danışan tibb və fəlsəfə elmləri doktoru, həkim Şəmsiyyə Namazova isə sirkə turşusunun faizi ilə bərabər istifadəsinin də azaldılmasını məsləhət görür: "Ümumiyyətlə, bizim kulinariyamızda sirkə turşusunun istifadə edildiyi məhsullar, yeməklər çoxdur. Xüsusən də qışa hazırlıq vaxtı xanımlarımız ev şəraitində hazırladıqları turşularda sirkədən bəzən qeyri-düzgün istifadə edirlər. Bu həm ev şəraitində düzəldilmiş, həm də satın alınmış sirkələrdən təhlükə yaranmasına səbəb olur. İstehsalda olan turşuların tərkibində sirkənin istifadəsinin azaldılması xüsusən lazımlıdır. Bu yolla daha effektiv formada zəhərlənmələrin qarşısını almaq mümkün olar”.

Qida zəhərlənmələrinin hətta qarşısı alınmayan qorxulu xəstəliyə də gətirib çıxara biləcəyi faktını xatırladan Şəmsiyyə Namazova sirkənin və turşuların qida tərkibindən çıxarılmasını düzgün hesab edir: "Yay fəsli gəldiyinə görə biz isti havalarla əlaqədar, artıq daha diqqətli olmalıyıq. Sirkənin faizi ilə yanaşı istifadə etdiyimiz sirkə tərkibli məhsulların hazırlanma şəraitinə və vaxtına da diqqət etməliyik. Ciddi fəsadlar törədən sirkə zəhərlənmələrini əsas götürəndə hətta mən turşuların qida rasionundan çıxarılmasının, satışının ləğv olunmasının tərəfdarıyam”.

Aysel Aslan