“Siyasi ölüm” yaxınlaşır

Lapşinin zərbəsi hələ düşməni çox üzəcək
Ermənistanın bu qədər narahatçılığına səbəb Qarabağa səfər edən əcnəbi “işbaz”ların sayının azalması ehtimalıdır

Belarusun Ermənistandakı səfiri İqor Nazaruk son vaxtlar iki ölkə arasındakı münasibətlərdə problemlərin yaranması ehtimallarına aydınlıq gətirib.Səfir iki ölkə arasında ticarət dövriyyəsinin artdığını vurğulasa da, erməni jurnalist prezident Lukaşenkonun KTMT-də erməni baş katibin seçilməsini bir neçə dəfə əngəllədiyini və Belarusun blogger Aleksandr Lapşini Bakıya təhvil verməsini səfirə xatırladıb.

Diplomat isə cavabında Lapşinin Ermənistana heç bir dəxli olmadığını sərt şəkildə bəyan edib: "Siz elə adam barədə israr edirsiniz ki, onun Ermənistana heç bir dəxli yoxdur. O, bir sıra ölkələrin vətəndaşıdır, ancaq Ermənistan vətəndaşlığını daşımır. Ona görə də mən planetin 7.5 milyard sakinindən birini ayrıca müzakirə edə və ona belə diqqət ayıra bilmərəm”.
Maraqlıdır, Ermənistana heç bir aidiyyəti olmayan bloggerin Belarus hökuməti tərəfindən həbs olunaraq Azərbaycana təhvil verilməsi hansı səbəbdən Ermənistanda bu qədər gərginlik yaradıb. 

Lapşinin taleyi vətəndaşı olduğu dövlətləri belə maraqlandırmazkən, ermənilər niyə bu qədər nigarandır?
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Zahid Oruc "Şərq”ə açıqlamasında qeyd edib ki, Lapşinin Azərbaycana ekstradisiyasının Ermənistanda bu qədər narahatlıq doğurmasına səbəb Dağlıq Qarabağa səfər edən əcnəbi "işbaz”ların sayının azalması ehtimalıdır:

"Sözügedən məsələyə nəinki səfir, hətta Belarus Prezidenti Aleksandr Lukaşenko səviyyəsində dəfələrlə izah verilib ki, bu şəxs Azərbaycan tərəfindən beynəlxalq axtarışa verilmişdi. Biz də onun məsuliyyətini üzərimizdən atmaq üçün lazım olanı etdik. Ancaq çox təəssüflər olsun ki, erməni tərəfi Lapşinin həbsini mühüm dövlətin mənafe savaşının bir elementinə çevirdi və bu günə qədər də mənasız mübarizəni davam etdirir. Ermənilər ilk başlarda bu istiqamətdə aparılan kampaniyaya Rusiya və İsraili də cəlb etməyə çalışsa da, istəklərinə nail ola bilmədilər”.

Millət vəkilinin sözlərinə görə, məlum olaya qədər ermənilər Belarus-Azərbaycan münasibətləri ilə bağlı narahatlıqlarını iki ölkə arasındakı hərbi əməkdaşlıqla bağlayırdılarsa, Lapşinin həbsindən sonra sanki onlar üçün yeni bir xətt açıldı: 

"Erməni mediasında və ölkənin siyasi- ictimai ekspert cameəsində fərqli bir mövqedən bu hadisəni istismar eləməyə çalışdılar. Onların bu narahatlığı isə bizim üçün bir o qədər də təəccüblü deyil. Çünki sözügedən hadisə nəinki əcnəbi jurnalistlərin, parlamentarilərin, siyasət adamlarının Qarabağa səfər etməsinə zərbə vura bilər, eyni zamanda da Azərbaycanın Qarabağ üzərindəki suveren hüquqları ilə bağlı mübarizəsinə də bilavasitə təsir edən bir amildir. Ermənistanın narahatlığı ondandır ki, Belarusiya kimi dövlətlərin sayı arta bilər. Lapşin kimilərinin həbs olunaraq, Azərbaycana verilməsi təkcə presedent yaratmır, həmçinin beynəlxalq hüququn tərəfində olan dövlətlərin də analoji addımlar atmasına rəvac verə bilər. Belə olan təqdirdə isə Azərbaycanın siyasi mövqeyi möhkəmlənmiş olur. Bu mənada Lapşin məsələsi başlayandan bəri onun ətrafında qurulan müdafiə istehkamı Qarabağ uğrunda aparılan müharibənin tərkib hissəsidir. Əgər Ermənistanın səyi öz nəticəsini göstərsəydi, yəni üç ölkə öz vətəndaşının qorunması üçün bütün vasitələri işə salaraq onun ekstradiyasının qarşısını ala bilsəydilər, bu hadisə Qarabağ münaqişəsində erməni tərəfinin aktivliyinə yazılacaq mühüm nailiyyətə çevriləcəkdi. Lakin Azərbaycan dövlətinin siyasi iradəsi ermənilərin növbəti avantürist planını iflasa uğratdı. Ermənilərin yenilməzliyi və beynəlxalq məkanda əlahiddə gücü haqqında formalaşmış əsatirlər də son hadisələrlə növbəti zərbəni almış oldu”.

Z.Oruc hesab edir ki, Belarus məhkəməsinin qərarı Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsbit edən verdikt saya bilərik və şübhəsiz, məsələnin əvvəlcədən bizim iradəmizdən kənarda hüquqi çərçivəni aşıb siyasiləşməsinə görə ölkəmizin diplomatik qələbəsi adlandırmağa tamamilə haqqımız var. Hər kəs bilməlidir ki, işğal reallığı yalnız düşmən orduları hesabına həyata keçirilmir:

"Ermənilər hər nə qədər Qarabağı Qafqazın "zümrüd”ü adlandırıb, Qarabağı demokratik azadlıqların bərqərar olduğu bir ünvan kimi təqdim etsələr də, separatçıların bizim torpaqlarımızda yaratdıqları qondarma respublikanı müstəqil subyekt kimi beynəlxalq aləmdə tanıda bilmirlər. Ermənistan ötən on illər ərzində bir milyona qədər azərbaycanlını doğma yurduna dönməkdən məhrum etməklə yanaşı, ələ keçirilmiş torpaqlara beynəlxalq turlar təşkil edir, baronessaları, ünlü mədəniyyət və siyasət xadimlərini aparır və ölkəmizə mənəvi sarsıntılar yaşadır. Ona görə də Lapşinin cəzalandırılması hər hansı kriminal ünsürün və ya xarici cinayətkarın, yaxud terrorçu qruplaşma təmsilçisinin Azərbaycana təhvil verilməsindən daha böyük mənaya malikdir. Sözügedən şəxs haqqında çıxarılan hökm isə bundan sonra Qarabağa səfər edən insanlar üçün bir siqnal rolu oynaya bilər”.

Komitə üzvünün sözlərinə görə, Qarabağa səfər edib, Azərbaycan xalqını qıcıqlandıran yazılar yazan Lapşin istintaq altında olduğu dövrlərdə həqiqətləri dərk edib, Azərbaycanın haqlı mövqeyini qəbul etməyə başladığı andan bu məsələ Ermənistanın əleyhinə çevriləcək. Belə olan halda isə Ermənistanın hər fürsətdə gündəmə gətirdiyi bu hadisə erməni gündəliyindən silinəcək və o artıq Azərbaycanın növbəti agenti kimi təqdim olunacaq: "Həmin ana qədər isə "Lapşin presedenti” hələ uzun müddət davam edəcək və erməni mediasının yeritdiyi siyasi-diplomatik savaşın mühüm bir elementi olaraq qalacaqdır. Əgər ikinci bir şəxs haqqında da eyni hökm çıxarılsa, bu artıq Ermənistanın siyasi-diplomatik ölümü olacaq. Çünki ermənilər bu məsələni fərdi hadisə yox, dövlət əhəmiyyətli mübarizə kimi görürlər”.

Şəymən