“Şollar-Bakı su qurğuları kompleksi - 100 il: əbədi həyat mənbəyi
Ötən əsrin əvvəlində Bakı Duması şəhərə su kəmərinin çəkilməsi layihəsini təsdiqləyəndə və Hacı Zeynalabdin Tağıyev başda olmaqla, daha bir neçə Vətən oğulları var-dövlətlərini millət yolunda əsirgəməyib qollarını çırmayıb işə başlayanda 100 il sonra adlarının ehtiramla yad ediləcəyini yəqin düşünməmişdilər də. Xeyirxah işlər heç vaxt unudulmur. 100 ildir ki, "Şollar” su kəməri Bakı sakinlərinə həyat bəxş edir. Bakılılar da tez-tez "Allah bu suyu çəkənə rəhmət eləsin...” dualarını əskik etmirlər.
O hesabla, indi görün, ümummilli lider Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Prezidentin tapşırıqlarını layiqincə yerinə yetirən aidiyyətli qurumların rəhbərliyi nə qədər alqış qazanır. Ötən əsrin əvvəllərində təkcə Bakı içməli su ilə təchiz edilmişdisə, hazırda içməli su qıtlığı çəkən şəhər və qəsəbə qalmayıb, deyə bilməsək də, ürəklə, az-az tapılar, deyə bilirik (bu günlərdə efirdə Şamaxı sakinlərinin hələ də içməli suyu pulla, su maşınından aldıqları süjeti yayımlanmışdı - red.). 100 il həqiqətən nəhəng zamandır. Bu illər ərzində Azərbaycanda su təsərrüfatı, əhalinin içməli suya olan tələbatının ödənməsi istiqamətində 100 il qədər nəhəng işlər görülüb.
Səməd Vurğunun "Muğan” poeması yadıma düşdü:
Muğana su gəlir, Milə su gəlir,
Axışıb, öz eli, ulusu gəlir.
Torpağa insanın arzusu gəlir...
Ötən əsrin ortalarında su elektrik stansiyalarının, su anbarlarının tikintisində, kəndlərə, qəsəbələrə su xətlərinin çəkilməsində əməyi olanlara neçə-neçə əsərlər, poemalar yazılıb, insan əməyi tərənnüm edilib. Bu gün də su təsərrüfatı sahəsində böyük layihələr icra olunur.
Zaman keçdikcə, tələbat da artır, şərtlər də dəyişir, köhnə qurğular da sıradan çıxır. Bu da su təsərrüfatının daim yenilənməsi zərurətini yaradır.
"Azərsu” niyə tənqid olunur?
Maraqlıdır ki, "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin ötənilki fəaliyyəti ilə bağlı məlumatlar əldə etmək üçün internet resurslarda axtarışa çıxanda qarşıma bol-bol tənqidi yazılar çıxdı; filan küçədə kanalizasiya borusu partlayıb, filan yerdə gölməçələr var, küçələri su basdı, adamlar yolda "mahzur” qaldı, filan küçə yeni asfaltlanmışdı, "Azərsu” gəlib qazıb və sair... Sanki bu qurumun yaxşı işi heç yoxmuş. Amma bir tərəfdən də düşündüm ki, bəlkə də bu tənqidlərə səbəb yağış yağanda küçələrin su altda qalması, paytaxt yollarının dənizi xatırlatmasıdır. Hər necə olmasa, insan gördüyünə inanır axı. Çox adam da bildi-bilmədi, "Azərsu”nu qınayır. Sanki paytaxtın yağış sularına təslim olmasının tək səbəbkarı var - o da "Azərsu”dur, həqiqətdə isə belə deyilmiş.
"Bələdiyyələrin Fəaliyyətinin Təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli bu fikirdədir ki, paytaxtın yağış sularına təslim olmasına şəhər infrastrukturuna cavabdeh bütün qurumlar məsuliyyət daşıyır:
- Burada təkcə "Azərsu”nu, yaxud meriyanı, yaxud hansısa icra hakimiyyətini günahlandırmaq düzgün olmaz. Şəhər infrastrukturuna bir deyil, bir neçə qurum cavabdehdir. Deyək ki, Nəqliyyat Nazirliyi yol çəkir, körpü tikir, "Azəryolservis” hardasa asfalt örtüyünü dəyişir, "Azərsu” su xətti, kanalizasiya borularını çəkir və s. Bütün bu infrastrukturun istismara yararlı halda olmasında bütün qurumlar məsuliyyətlidir. Körpülərdə su axarları qoyulub. Bəs onların açıq qalmasını təmin etmək lazım deyil? Bu işi gərək kommunal təsərrüfatı birlikləri həyata keçirsin. Harda su axarları varsa, onların axıcılıq qabiliyyətini yoxlasınlar, "gözü” tutulanları açsınlar. Digər tərəfdən, yollar çəkilərkən, asfalt örtüyü təzələnərkən su-drenaj sisteminin düzgün qurulmasına diqqət edilməlidir. Yol elə çəkilməlidir ki, ortası hündür, kənarları isə alçaq olsun ki, su yolun ortasında yığılıb qalmasın, kənarlara doğru axsın, oradan da su axarları vasitəsilə ümumi kanalizasiya şəbəkəsinə ötürülsün. Yolun relyefindən asılı olaraq çökəkliklərdə kanalizasiya xətləri, yağış barmaqlıqları, su axarları quraşdırılmalıdır. Bəzən bunlar düzgün quraşdırılmadığından yağış suları yolda və yol kənarlarında yığılıb qalır. Mən fikir vermişəm ki, yeni çəkilən yollarda yol boyu bir dənə də su axarı yoxdur. Bəs bu su hara axmalıdır? Axmırsa, yığılıb qalacaq. Kanalizasiya sistemi bir çox yerlərdə köhnədir və suyu ötürmə gücünə malik deyil. Ona görə həm yağış suları, həm də qrunt suları məhəllələr arasında, həyətlərdə toplanır. Yağış sularının axıdılması üçün kanalizasiya sisteminin düzgün qurulmasına ehtiyac var.
"Azərsu” gecə də işləyir”
"Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bu sözü ötən ilin sentyabrında - Bakıya güclü yağış yağdığı günlərdə demişdi. A.Cəbrayıllı səslənən iradlara qarşılıq bildirmişdi ki, paytaxtın kanalizasiya xətləri normal rejimdə işləyir və vaxtında təmizlənir: "Ancaq dünən gecə yağan yağışların həcmi çox olduğundan kanalizasiya xətləri həddindən çox yüklənib və çirkab suyun daşınmasını çatdıra bilməyib. "Azərsu” ASC-nin müvafiq şöbələrinin əməkdaşları küçələrdə yaranmış bu problemi aradan qaldırmaq üçün gecədən səhərə qədər işləyiblər. "Azərsu”, Fövqəladə Hallar Nazirliyinin işçiləri, "Azəravtoyol” ASC-nin və digər qurumların işçiləri ilə birlikdə çalışıblar. Yağan yağışların fəsadlarının aradan qaldırılması üçün işlər görülüb”.
Amma hər dəfə yağış və ya qar normadan artıq yağanda şəhərdə eyni vəziyyət təkrarlanır. Demək, daha ciddi tədbirlərin icrasına ehtiyac var.
"Master-Plan” - Bakının xilası...
Məhz yaranan problemlərin aradan qaldırılması məqsədilə "2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla, Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün "Master Plan” hazırlanıb. Azərbaycan Respublikası Nazirlər Kabinetində "Master Plan”ın təqdimatı keçirilib. Qeyd edilib ki, son illər əhalinin sayının artması və dinamik inkişaf nəticəsində Abşeron yarımadasının mövcud su təchizatı və kanalizasiya sistemi hazırkı tələbatı ödəmək gücündə deyil və nəticədə bir sıra problemlər ortaya çıxır. Paytaxtın bəzi qəsəbələrində kanalizasiya sisteminin olmaması içməli su mənbələrinin çirklənməsinə gətirib çıxarır ki, bu da yoluxucu xəstəliklərin yayılması riskini artırır.
Sonuncu güclü yağışlar zamanı da göründü ki, paytaxtın Binəqədi rayonunda, Bayıl, Kürdəxanı qəsəbələrində, habelə Abşeron rayonunda bir sıra ciddi problemlər yaşandı. Bu problemlərin qarşısının alınması üçün zəruri tədbirlərin görülməsi mühüm əhəmiyyət daşıyır.
Təqdimat mərasimində çıxış edən "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov bildirib ki, Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin müasir standartlara uyğun yenidən qurulması üçün beynəlxalq təcrübəyə malik şirkətlərin iştirakı ilə 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla "Master Plan” hazırlanıb. Sənədin hazırlanması zamanı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin "Böyük Bakının Regional İnkişaf Planı”, Dövlət Statistika Komitəsinin və digər qurumların məlumatları nəzərə alınıb. Ümumilikdə 18 bölmədən ibarət olan "Master Plan” hazırlanarkən şəhərsalmanın inkişafı, əhalinin artımı və sıxlığı, turizmin perspektivləri, təmizlənmiş çirkab suların təkrar istifadəsi, ekoloji tarazlıq və digər amillər əsas götürülüb.
Qeyd edilib ki, "Master Plan”a uyğun olaraq, su təchizatı və kanalizasiya sistemi müxtəlif tullantılardan təmizlənib. Bu istiqamətdə görülən işlər nəticəsində indiyədək əsas daşıyıcı kollektorların 106 kilometrlik hissəsində təmizləmə işləri aparılıb. Buradan təxminən 12 min kubmetr həcmində bərk məişət tullantıları çıxarılıb. Bu da kollektorların su daşıma qabiliyyətinin tam bərpa olunmasını təmin edib. Diqqətə çatdırılıb ki, Abşeron yarımadasının su təchizatı və kanalizasiya sistemlərinin, su kəməri şəbəkəsinin 70 faizi istismar müddətini çoxdan başa vurduğundan böyük həcmdə su itkiləri yaranır. Nəticədə istehlakçıların keyfiyyətli və dayanıqlı su təchizatında problemlər meydana çıxır, binaların zirzəmiləri su ilə dolur.
Bildirilib ki, "Master Plan”da Abşeron yarımadasının su təchizatı sisteminin yaxşılaşdırılması məqsədilə 8100 kilometr uzunluğunda yeni su şəbəkəsi xətlərinin çəkilməsi nəzərdə tutulur. Artıq bu xətlərin 1950 kilometri çəkilib. Kanalizasiya sistemində Abşeron yarımadası üzrə tullantı sularının axıdılması üçün öz axarı ilə təbii toplanan 107 hövzə müəyyən olunub. Tullantı sularının həmin hövzələr vasitəsilə 11 əsas hövzədə toplanması layihələndirilib. Yağış sularının idarə edilməsi üçün Abşeron yarımadasındakı mövcud 150 göldən 49-dan istifadə edilməsi nəzərdə tutulub. Ümumiyyətlə, su-kanalizasiya sistemlərinin yenidən qurulması su itkisinin 2035-ci ilədək dəfələrlə azaldılmasına imkan yaradacaq.
"Şollar”ın bayramı...
İnanırıq ki, problemlər həllini tapacaq. Hələliksə, "Şollar-Bakı Su Qurğuları Kompleksi”nin istismara verilməsinin 100 illiyi ilə əlaqədar "Azərsu” Açıq Səhmdar Cəmiyyətində yubileyə hazırlıq işləri davam etdirilir. Tədbirlər Planına uyğun olaraq "Şollar-Bakı Su Qurğuları Kompleksi”nin obyekt və qurğularında əsaslı-təmir, yenidənqurma, abadlıq və yaşıllaşdırma işləri aparılır.
Görülmüş işlərin gedişi ilə tanış olmaq məqsədilə "Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov Siyəzən, Şabran və Xaçmaz rayonlarında olub və onun iştirakı ilə kəmərin marşrutu boyu qurğu və obyektlərə, həmçinin su mənbəyinə baxış keçirilib. Səhmdar Cəmiyyətin sədrinə "Şollar” su mənbəyində, eləcə də magistral su xəttinin keçdiyi ərazilərdə layihə çərçivəsində görülmüş işlər barədə məlumat verilib.
"Şollar-Bakı Su Qurğuları Kompleksi”ndə həyata keçirilən layihə çərçivəsində su mənbəyində abadlıq işləri aparılıb. Burada yeni mühafizə postları tikilib, ərazidəki tikili və qurğular qədimliyi qorunmaq şərti ilə əsaslı təmir olunub. Ümumilikdə kəmərin marşrutu boyu dukerlər, baxış quyuları, aralıq suqəbuledici kameraları tarixi arxitektura əsasında təmir edilib. Hazırda su mənbəyində və kəmərin marşrut boyu keçdiyi ərazilərdə təmir-bərpa, abadlıq və yaşıllaşdırma işləri davam etdirilir.
"Azərsu” ASC-nin sədri bu istiqamətdə işlərin sürətləndirilməsi ilə bağlı tapşırıqlarını verib. Qısası, "Azərsu” "Şollar”ın 100 yaşını bu qədim layihənin əhaliyə verdiyi töhfə miqyasında qeyd etməyə hazırlaşır. Biz də bayramda iştirak etməliyik. Çünki "Şollar”ın 100 yaşı hamının bayramıdır - hər gün evində, həyətində su kranını açdıqda büllur suyu görüb sevinən hər kəsin.
Məlahət Rzayeva
Yazı "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə keçirdiyi müsabiqəyə təqdim olunur.