SORĞU: partiyalar bələdiyyə və parlament seçkilərinə necə hazırlaşır ? - Nəticələr ümidsizlik yaradır




Azərbaycanda 2019-cu ilin sonunda bələdiyyə, 2020-ci ildə isə parlament seçkiləri keçiriləcək. Yəni qarşıda iki mühüm seçki marafonu var. Təbii olaraq, siyasi partiyalar seçkilərdən xeyli əvvəl hazırlıq prosesinə başlayırlar və bu canlanma ictimai-siyasi həyatda açıq şəkildə hiss olunur. Hətta bir sıra partiyalar qurultaylar çağıraraq seçki öncəsi yenidən təşkilatlanır, rəhbərlik və nümayəndələrini, həmçinin, irəli sürəcəkləri namizədləri müəyyən edirlər. Lakin ölkəmizdə fəaliyyət göstərən əksər siyasi təşkilatların durumuna nəzər salsaq, hansısa aktivlikdən söhbət getmədiyinin şahidi olarıq. Ümumiyyətlə, ölkənin siyasi meydanında durğunluq müşahidə edilməkdədir. Partiyaların bəyanatları, konfransları, tədbirləri demək olar ki, gözə dəymir. Siyasi təşkilatların hazırda nə işlə məşğul olduqlarını öyrənmək üçün bir neçə partiya arasında sorğu apardıq...

AMİP Siyasi Şurasının üzvü Əli Orucovun "Şərq”ə verdiyi məlumata görə, təmsil etdiyi partiyanın qarşıdan gələn bələdiyyə seçkilərində iştirak edib-etməməklə bağlı qəti qərarı yoxdur. Ancaq bu istiqamətdə partiya daxilində müzakirələr və ilkin hazırlıqlar gedir:

 "Siyasi Şuranın təsdiq etdiyi plana uyğun olaraq partiyanın bölgə təşkilatlarında görüşlər keçirilir, vəziyyət yerində öyrənilir. Eyni zamanda müxtəlif tapşırıqlar verilir. Mən özüm Göyçay, Ucar, Gəncə, Samux, Ağstafa, Şəmkir və Tovuz milli istiqlalçıları ilə təmaslarda olmuşam. Rayon təşkilatlarının rəhbərləri və fəallarla müzakirələr aparmışam. Açığı, gəldiyim qənaət ondan ibarətdir ki, insanların bələdiyyə seçkilərinə həvəsi çox deyil. Lakin arada xeyli vaxt var və bu müddət ərzində çox şeylər dəyişə bilər. Partiyanın cari il planlarında qurultay keçirmək də var. Rayon təşkilatlarında hesabat-seçki yığıncaqları keçirilib və qurultay nümayəndələri seçilib. Sadəcə, texniki məsələlərin həlli qalır. AMİP-in qurultayları həmişə ölkədəki ictimai-siyasi proseslərin sürətli axınına ciddi təsir göstərib. Heç şübhəsiz, bu dəfə də elə olacaq. Təşkilatlanma, yeni üzvlərin sıralarımıza cəlb edilməsi cari gündəliyimizdə mövcuddur. Hər halda düşünürəm ki, cəmiyyətin fəallaşması partiyaları da bir növ ətalət girdabından çıxara biləcək və yeni bir stimul verəcək”.

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev isə "Şərq”ə vurğulayıb ki, təmsil etdiyi partiyanın son qurultayı 2016-cı ildə keçirilib. Onun sözlərinə görə, qurultay öz səlahiyyətləri çərçivəsində partiyada təşkilati məsələləri həll edib:

 "Qurultaydan sonra partiyanın sədri öz aparatını müəyyənləşdirib və təşkilatlanma sona çatıb. 1994-cü ildə qurulan partiyamız 1998-ci ildə rəsmən qeydiyyata alınıb. Bu illər ərzində partiya yüksəliş dövrü olmaqla yanaşı, çətinliklər də yaşayıb. Lakin bütün bunlara baxmayaraq, sədrimiz, millət vəkili Tahir Kərimlinin fədakar davranışları və ağıllı siyasi kursu təşkilatımızı qoruyub saxlaya bilib. Hazırda partiyanın bütün strukturları fəaliyyət göstərir və parlamentdə təmsil olunur. Ölkədə baş verən bütün hadisələri diqqətlə izləyir və xalqın mənafeyi məsələsində müzakirələrdə iştirak edirik. Bu məsələlər ilk növbədə partiyanın siyasi şurası və məclisində müzakirə olunur. Qəbul olunan qərarlar isə partiya iclasları gündəliyinə xalqdan gələn təkliflər əsasında formalaşır. Millət vəkili Tahir Kərimli parlamentin ən fəal deputatlarındandır. Problemli kreditlərdən tutmuş əhalinin sosial durumunu yüngülləşdirən qanunların qəbul olunmasının təşəbbüskarlarından biridir. Qısası, partiyamız bütün funksiyalarını yerinə yetirdiyinə görə, bələdiyyə seçkisi ərəfəsində növbədənkənar qurultay keçirmək nəzərdə tutulmur”.

Partiya funksionerinin sözlərinə görə, hazırda bələdiyyə seçkiləri partiyanın diqqət mərkəzindədir:

 "Bələdiyyə seçkiləri son Siyasi Şura iclasının gündəlik məsələlərindən biridir. Partiya bələdiyyə seçkilərinə ciddi yanaşır və çoxsaylı namizədləri ilə seçkilərdə iştirak etmək niyyətindədir. Şəhər və rayon təşkilatlarımıza sədr tərəfindən lazımi göstərişlər verilib. Seçki komissiyalarındakı üzvlərlə görüşlərin keçirilməsi nəzərdə tutulub. Fəal olmayan komissiya üzvlərinin fəaliyyəti araşdırılır, lazım gələrsə, onların əvəzlənməsi məsələsi qaldırılacaq. Açığını deyim ki, komissiyalar formalaşarkən Vəhdət Partiyasının namizədlərinə diqqət çox aşağı oldu. Dairə seçki komissiyalarında isə təmsilçiliyimiz çox zəifdir. Ən azından növbəti dəfə seçki komissiyalarımız formalaşanda bu yanlışlığı aradan qaldırmalıyıq. Diqqəti çəkən bir məsələ də odur ki, partiyanın nə mərkəzi aparatı, nə də şəhər təşkilatları qərargahla təmin olunub. Rəsmi fəaliyyət göstərən və parlamentdə təmsil olunan partiyanın mərkəzi qərargahının indiki imkanlar daxilində olması vacibdir”.

Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli isə "Şərq”ə bildirib ki, nizamnaməyə uyğun olaraq qurultayın keçirilmə vaxtı 2021-ci ildədir: 

"Artıq qurultaya hazırlıq işlərinə start verilib və rayonlarda konfransların keçirilməsinə başlanıb. Partiyanın Ali qərarverici orqanı tərəfindən qurultaya nümayəndəlik norması müəyyənləşdirilib. Bütün təşkilatların konfransları keçirilib. Qurultayın nümayəndələri seçiləndən sonra vaxt təyin olunacaq. Hazırda partiyanın gündəmində olan əsas məsələ bu il keçiriləcək bələdiyyə və gələn il keçirilməsi gözlənilən parlament seçkilərinə hazırlıqdır. Bu istiqamətdə partiyanın seçki qərargahında plan üzrə iş aparılır. Rayon təşkilatları bələdiyyələrə irəli sürəcək namizədlərini müəyyən edirlər. Proses rayon təşkilatlarında yekunlaşandan sonra təşkilatlar namizədlərin və səlahiyyətli nümayəndələrin siyahılarını Seçki Qərargahına təqdim edəcək. Bundan sonra isə VHP-nin Siyasi Şurası seçkilərdə iştirakla bağlı qərarını verəcək. Əlavə olaraq partiya ölkədə və dünyada baş verən prosesləri də diqqətdə saxlayaraq cari məsələlərlə bağlı mövqeyini bildirir, tədbirlər həyata keçirir”.

AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli də diqqətə çatdırıb ki, təmsil etdiyi partiyanın qurultayı 2016-cı ildə olub. Növbəti qurultaya isə 2 il var: 

"Seçkilərə görə qurultay keçirmək gündəmimizdə yoxdur. Ümumilikdə isə partiya olaraq təşkilat və təbliğat işlərimizi davam etdiririk. Təəssüf ki, bələdiyyə seçkiləri formal xarakter daşıyır. Parlament və prezident seçkilərinə gəldikdə isə AĞ Partiya adıyla təşkilatımız keçən il növbədənkənar prezident seçkilərində tələb olunan 40 mindən çox imza vərəqəsi topladı. Lakin subyektiv səbəblərdən namizədimiz qeydə alınmadı. Gələcək parlament seçkilərində də iştirak edəcəyik. Siyasi partiyanın ilk işi seçkilərə qoşulub gücünü göstərməkdir”.

ADP sədri Sərdar Cəlaloğlu isə yaxın vaxtlarda partiyanın qurultayını keçirməyi planlaşdırmadığını söyləyib:

 "Biz onsuz da nəzərdə tutulandan iki dəfə çox qurultay keçirmişik. Hələlik qurultaya ehtiyac duymuruq”.

İsmayıl