Sosial media Beynəlxalq Humanitar Forumun gündəliyində...
Azərbaycanın və dünyanın aparıcı media ekspertləri, ictimai xadimlər jurnalistikanın dəyərlərini müzakirə edib
Dünən V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində AzərTAC-ın təşkilatçılığı ilə "Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun sivilizasiyalararası dialoqun təmin edilməsində rolu” mövzusunda "dəyirmi masa” keçirilib. Üç paneldən ibarət olan "dəyirmi masa”da informasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması, mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolu, müasir cəmiyyətin çağırışları kontekstində virtual jurnalistikanın əhəmiyyəti və sosial şəbəkələrin rolu məsələləri müzakirə olunub.
"İnformasiya cəmiyyətində jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması” adlı birinci panelin moderatoru Rusiyanın TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman olub. Moderator M.Qusman Forumun təşkili ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edib.
YUNESKO baş direktorunun birinci müavini Enqida Qetaçyu internetin inkişafı ilə sosial medianın inkişaf etdiyinə diqqət çəkib: "İnternet inqilabı ümumilikdə mediaya və bütövlükdə cəmiyyətə təsir göstərdi, fikir azadlığı mühiti yaratdı. Eyni zamanda internet, gənclərin lazımi bilik əldə etməsinə də imkan yaradıb. Transformasiya mühitində keyfiyyətli jurnalistika önəmlidir. Jurnalistika böhran və müharibə dövrlərində cəmiyyətə obyektiv informasiya çatdırmalıdır. Etibarlı məlumat, humanitar böhran dövrlərində media və informasiyanın insanların həyatının xilas edilməsində çox böyük rol oynaması vacibdir. Məlumatlardan istifadə imkanları davamlı inkişafda mühüm rol oynayır. Azərbaycan hökumətinə təşəkkür edirəm ki, bilik və informasiyaların mübadiləsi üçün Forumu belə platformaya çevirib”.
ADA Universitetinin Aparat rəhbəri Şəfəq Mehrəliyeva Azərbaycanda medianın, mədəniyyətin, ədəbiyyatın, musiqinin inkişafından, Şərqdə ilk demokratik cümhuriyyət olan Azərbaycan Xalq Cümhuriyyətindən söz açıb. Jurnalistikanın vəzifələrinə toxunan Ş.Mehrəliyeva medianın məsuliyyətli olmasını zəruri sayıb.
İranın İRNA xəbər agentliyinin icraçı-direktoru Məhəmməd Xodadi isə bu gün insanların internet vətəndaşına çevrildiyini, yeni medianın yeni xidmətlər təklif etdiyini qeyd edib: "Əgər 1970-1980-ci illərdə "Reuters”, "Associated-Press” kimi agentliklər əsas informasiya qaynaqları idisə, bu gün sosial media əsas informasiya qaynağıdır. Müasir dövrdə informasiya daha geniş auditoriyanı əhatə edir. Jurnalistikanın artıq yeni reallıqlara adaptasiyası lazımdır”. Malayziya "Qlobalist” jurnalının təsisçisi Yusof Haşim Asiya ölkələrində informasiyaların tənqidi xarakter daşımadığını qeyd edib.
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) Baş direktoru Aslan Aslanov Bakı Beynəlxalq Humanitar Forumunun nüfuzlu beynəlxalq platformaya çevrildiyini, Forumun humanitar əməkdaşlığın Azərbaycan modeli olduğunu söyləyib: "Ümumiyyətlə, bu mövzu dünya mediasını da dərindən düşündürür və narahat edir. Bu baxımdan da sözügedən mövzu Azərbaycan üçün olduğu kimi, dünya mediası üçün də aktualdır. Ona görə də biz Bakıda keçirilən 5-ci Humanitar Forum çərçivəsində 3 sessiya keçirəcəyik. Birinci sessiyada jurnalistikanın inkişafının alternativ modellərinin formalaşması məsələsi müzakirə olunacaq. İkinci sessiyada isə mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin olunmasında mətbuatın roluna baxılacaq, bu məsələlər ətrafında geniş diskusiyalar aparılacaq. Üçüncü sessiyada isə sosial media, virtual və internet jurnalistikasının problemlərindən söhbət açılacaq. Bu da ənənəvi media ilə internet mediasının çox aktiv mübarizə apardığı dövrə təsadüf edir. Bütün bu məsələlər təkcə region və Azərbaycan üçün deyil, bütövlükdə dünya mediasını narahat edir. Mən bu yaxınlarda Avropa dövlətlərinin xəbər agentliklərinin Brüsseldə keçirilən toplantısında iştirak edirdim. Həmin toplantıda da bütün bu məsələlər ətrafında geniş müzakirələr aparılıb”.
Tədbirdə dünyanın 50-dən çox ölkəsindən 80-dən çox nümayəndənin iştirak etdiyini vurğulayan A.Aslanovun sözlərinə görə, onların böyük əksəriyyəti xarici ölkələrin informasiya agentliklərinin, radio və televiziya qurumlarının, mətbuat orqanlarının rəhbərləri və təmsilçiləridir: "Onlar Bakıda keçirilən toplantıda çox fəal iştirak ediblər. Toplantıda müzakirə olunan mövzular o qədər aktual və maraqlıdır ki, sessiyaya dünyanın bir çox tanınmış siyasi xadimləri maraq göstərirlər. Misal üçün, Xorvatiyanın iki keçmiş prezidenti də bizim sessiyada çıxış etmək istəyir, mətbuatın qlobal problemləri barədə fikir bildirmək istəyir. Bundan başqa, Argentinanın vitse-prezidenti, YUNESKO-nun baş direktorunun birinci müavini və digər tanınmış və nüfuzlu şəxslər də öz təşəbbüsü ilə bugünkü toplantıda iştirak edir. Onların çıxışları da gözlənilir. Bütün bunlar bir daha onu göstərir ki, müasir jurnalistika yeni mərhələyə qədəm qoyub və dünya nizamında mütləq öz yerini tapmalıdır. Bunun üçün də gərgin müzakirələr gedir. Əminəm ki, bu gün Bakıda sözügedən mövzularda çox maraqlı və səmərəli müzakirələr olacaq. Bu müzakirələrə Azərbaycanın yerli mütəxəssisləri, jurnalistika sahəsində çalışan alimlər, o cümlədən Azərbaycan Milli Elmlər Akademiyasının, Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin və Azərbaycan Diplomatiya Akademiyasının alimləri və media rəhbərləri də cəlb olunub. Onlar da medianın qarşılaşdığı yeni problemlərlə bağlı maraqlı fikirlər bildirəcəklər. Bütün bunlara görə də hesab edirəm ki, bugünkü müzakirələr dünya mediası üçün böyük töhfə olacaq”. Paneldə media qurumlarının informasiya bazarında yeri və onların obyektivliyi ilə auditoriya qazanmaq prinsiplərinə də toxunulub.
Qeyd olunub ki, internetin geniş yayılması ilə hər bir insan kontent yaratmaq və onu bütün dünyaya yaymaq imkanı əldə edib. Peşəkar jurnalistika, xəbər yayımı üsulları dəyişir, bloqçuluq, sosial media, texnologiyalar inkişaf edir.
"Dəyirmi masa” mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolunun müzakirə olunduğu ikinci panel iclası ilə davam etdirilib.
"Mədəniyyətlərarası, dinlərarası və sivilizasiyalararası dialoqun təmin edilməsində müasir jurnalistikanın rolu” mövzusunda keçirilən ikinci panel iclası ABŞ-ın Markett Universitetinin beynəlxalq proqramlar üzrə administratoru, beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin moderatorluğu ilə keçirilib. Piter Teyzin sözlərinə görə, Azərbaycan xaricdə dərc olunan qərəzli
informasiyaların qurbanı olur: "Xaricdə Azərbaycanla bağlı məlumatların şəffaflığı və səmərəliliyinə nail olunmasının yolları barədə də araşdırmalar aparılmalıdır”.
Hazırda ənənəvi jurnalistikanın dinamik transformasiyaya məruz qaldığını diqqətə çatdıran AzərTAC-ın baş direktoru isə deyib ki, bu, internet şəbəkədə zərərli məlumatların yayılmasına, silah və narkotik vasitələrin hazırlanması texnologiyalarının yayılmasına da şərait yaradır. Onun sözlərinə görə, bu, transformasiya şəraitində yeni çağırışlardır: "Şəbəkə jurnalistikası və mikrobloqların roluna xüsusi toxunmaq lazımdır. Bunlar vətəndaş informasiya agentliklərinə çevrilir. Müasir trendlərə yeni reallıqla yanaşmaq lazımdır və onları qəbul etməyə məcburuq. Biz şəbəkə jurnalistikasına təhlükə mənbəyi kimi yox, sərt korporativ nəzarətdən xilas olma forması kimi baxmalıyıq”.
"Media olmadan müharibə və sülh mümkün deyil”- deyən Xorvatiya Respublikasının sabiq prezidenti İvo Yosipoviçin sözlərinə görə, soyqırım və müharibələrin hamısı media vasitəsilə baş verir: "Bununla yanaşı, sülh də media vasitəsilə həyata keçirilir. Medianın auditoriyaya çıxışı çox genişdir. Anonimlik mediada mənfi tərəflərdən sayılır. Biz dialoqlar vasitəsilə jurnalistikanın yüksək standartlarını əldə etməliyik. Media biznes olarsa, onun missiyası düzgün olmaz. Mediada monopoliya olmamalıdır. Media müstəqil, lakin nizamlayıcı olmalıdır. Medianın azadlığı çox vacibdir və media multikulturalizmi təbliğ etməlidir. V Bakı forumu da elə məhz bu məsələyə xidmət edir”.
"Bu gün jurnalistika artıq birtərəfli küçə deyil. Xəbərlər təkcə bir auditoriya tərəfindən hazırlanır. Burada digər tərəf də var. Biz hər iki tərəflə dialoqlarımızı davam etdirməliyik”. Bu sözləri isə slovakiyalı jurnalist, "İnternational Habitat for Humanity” təşkilatının əməkdaşı Yekaterina Bezgaçina forum çərçivəsində keçirilən paneldə çıxış edərkən deyib.
Hazırkı dövrdə rəqəmsal inqilabın nəticələrinin göründüyünü vurğulayan slovakiyalı jurnalist deyib ki, xəbərlər tez baş verir: "Biz kanalları idarə edə bilmirik. Bu, azadlıq baxımdan çox yaxşıdır. Amma digər tərəfdən bunun ziyanını da görürük. Məlumat axını həddindən artıq gurdur. Biz məlumat dənizində bata bilərik. Çünki bu məlumatların nə qədər düzgün olduğuna əmin deyilik. Bu, çox önəmli faktordur. Bəzən dəqiq məlumatı tapmaqda belə çətinlik çəkirik. Lakin biz bunun müsbət tərəflərindən istifadə edə bilərik”.
Slovakiyalı jurnalist əlavə edib ki, peşəkarlarla əməkdaşlıq gücləndirilməlidir: "Biz təşkilat kimi jurnalist rolunu oynayır, cəmiyyətin tələbatını öyrənməyə çalışırıq. Media sosial platformalarından peşəkar sürətdə istifadə etməyi bacarmalıdır”. Argentinanın "Telam” xəbər agentliyinin prezidenti Rodolfo Pousa isə qeyd edib ki, XXI əsrdə texnoloji transformasiya qloballaşmanı daha da sürətləndirib və bu da sivilizasiyalar arasında yaranan problemləri ən tez bir zamanda həll etmək tapşırığını qarşıya qoyur. Sivilizasiyalar arasında dialoqu gücləndirmək üçün müasir jurnalistika heç vaxt tolerantlıq prinsipini unutmamalıdır.
"Dəyirmi masa”nın "Müasir cəmiyyətin çağırışları kontekstində virtual jurnalistikanın əhəmiyyəti və sosial şəbəkələrin rolu” adlı üçüncü paneli isə AZƏRTAC-ın Almaniya üzrə xüsusi müxbiri Vüqar Seyidovun moderatorluğu ilə keçirilib. Panelin mövzusunun böyük əhəmiyyəti olduğunu vurğulayan V.Seyidovun sözlərinə görə, paneldə sosial şəbəkələrin fəaliyyətinin təşkili xüsusiyyətləri, korvergensiya prosesi, bloqerliyin fərdi jurnalist fəaliyyətini reallaşdırmaq forması və rəsmi KİV-lərə özünəməxsus alternativ mövcudluğu, internetdə KİV-lərin inkişaf perspektivləri kimi məsələlərə xüsusi diqqət ayrıldığını deyib. Hazırda insanların sosial şəbəkələrə üstünlük verdiyini deyən V.Seyidov qeyd edib ki, sosial şəbəkələr bizə süni həyat yaşamağı öyrədib: "Artıq ailələrdə hər kəs biir-birini sosial şəbəkələr vasitəsilə təbrik etməyə başlayıb. Amma sosial şəbəkələrin müsbət tərəfləri də var”.
Daha sonra çıxış edən Çilinin "Andres Bello” Universitetinin professoru Marcos Belmor Borkoski Paes isə bildirib ki, hazırda çap mediası ilə internet media arasında mübarizə gedir: "Müasir dövrdə biz internet media ilə daha tez informasiya əldə etmək imkanına malik oluruq. Jurnalistlər humanitar məsələləri təbliğ etməlidirlər. Bu, bizim üçün çox önəmlidir. Jurnalistika təkcə informasiya çatdırmaq demək deyil. Biz ilk növbədə insan olduğumuzu unutmamalıyıq. Jurnalist üçün faciə xəbəri bir filmə bənzəyir. Biz informasiyaların dəqiqliyinə önəm verməliyik”.
"Sosial media yeni dialoq platforması yaradır”. Bunu isə ABŞ Mədəniyyət Diplomatiyası Assosiasiyasının sədri Diana Altman deyib.
Onun sözlərinə görə, müasir dövrdə jurnalistikanın formatı dəyişir: "Bu da jurnalistlər və oxucular arasında etimadı artırır. Bu gün 18-20 yaşlı gənclər xəbəri sosial mediadan əldə edir. Ənənəvi media sosial medianın imkanlarından yararlanmağı, "rəqs etməyi” bacarmalıdır”. Özbəkistanın "Darakçı” nəşriyyat evinin redaksiya heyətinin müavini Rüstəmcon Cabbarov bildirib ki, hər birimiz informasiya dövründə yaşayırıq: "İnformasiyaya olan tələbatımız artıb. Əvvəllər informasiyanı aylar ərzində əldə etmək mümkün idisə, indi onu anında öyrənə bilirik. Çörçilin "kimin məlumatı varsa, dünyanı o idarə edir” fikri bu gün özünü təsdiq edib. Əgər bir müddət öncə informasiya dalınca qaçırdıqsa, indi isə biz ondan qaçmağa başlayırıq. Yayımlanan bütün informasiyaların məqsədi var. Dünyadakı vəziyyəti araşdırsaq görərik ki, baş verən proseslər bir-birilə ziddiyət təşkil edir. Bütün proseslərdə düzgün olanı tapmaq çox çətindir. Özbəkistanda hər kəs öz fikrini azad, sərbəst ifadə etmək hüququna malikdir. Bu gün informasiya istənilən silahdan güclüdür”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb