Qulu Məhərrəmli: “Yeni texnologiyaların meydana gəlməsi və vətəndaş jurnalistikasının artması ilə yeni qorxulu tendensiyalar yaranır”
Sosial mediadan peşəkarlıq tələb etmək olmaz
Vüsalə Mahirqızı: “Sosial media informasiya agentlikləri üçün operativ mənbədir”
Qulu Məhərrəmli: “Yeni texnologiyaların meydana gəlməsi və vətəndaş jurnalistikasının artması ilə yeni qorxulu tendensiyalar yaranır”
Qulu Məhərrəmli: “Yeni texnologiyaların meydana gəlməsi və vətəndaş jurnalistikasının artması ilə yeni qorxulu tendensiyalar yaranır”
Hazırkı dövrdə müasir texnologiyanın sürətli inkişafı dünya reallıqlarını dəyişib. Hətta bir çox dövlət başçıları, məmurlar belə öz mesajlarını sosial şəbəkələr vasitəsilə qarşı tərəfə çatdırırlar. Çox təəssüflər olsun ki, Azərbaycanda sosial şəbəkələrə münasibət bir az fərqlidir. Ölkəmizdə daha çox qarşılıqlı kommunikasiya üçün nəzərdə tutulan sosial şəbəkədən və ya mediadan informasiya mənbəyi kimi istifadə olunur. Şübhəsiz ki, bu da, ümumilikdə ölkə mediasının simasına mənfi təsir göstərir. Belə olan halda jurnalistlər axtarışlar aparmır və daha asana qaçırlar. Son nəticə isə əksər mətbuat orqanlarının eyniləşməsinə gətirib çıxarır. Doğrudur, sosial şəbəkələr və ya sosial media peşəkar jurnalistika üçün müəyyən mənbə rolunu oynaya bilər. Lakin kimsə hər hansı məlumatı paylaşırsa, bu, hələ dürüst məlumat deyil.
(əvvəli ötən sayımızda)
Ona görə məlumatı götürəndən sonra dəqiqləşdirməli, bu barədə müxtəlif mənbələrdən öyrənilərək müqayisələr aparılmalı, ondan sonra mətbuatda yayımlanmalıdır. Bizdə isə əksinədir. Əksər hallarda sosial mediadan ciddi mənbə kimi istifadə olunur ki, bu da ciddi dezinformasiyalara yol açır. Bundan başqa, sosial media ona görə rezonans doğurur ki, peşəkar mətbuat maraqlı mövzular seçə bilmir. Mətbuatın mövzu məhdudiyyəti və peşəkarlıq problemi var. Yəni bəzən hər hansı tələbənin sosial şəbəkədə yazdığı bir fikir bəzən qəzetdə dərc edilən məqalədən çox təsirli və tutarlı olur. Eyni zamanda sosial mediaya müraciətlərin artmasında azadlıq məsələsi də önəmli rol oynayır. Yəni sosial şəbəkələrdə daha çox sərbəstlik var. Bu kimi nüanslara görə sosial şəbəkələr özünə auditoriya toplamağı bacarır. İnsanlarda belə təsəvvür yaranır ki, sosial şəbəkələrdə tənqid varsa, qəzetdən və ya saytdan fərqli və faydalıdır. Bu baxımdan sosial şəbəkələrin jurnalistikanı üstələdiyini dana bilmərik. Məhz bu məsələlərə görə də, jurnalistika yeni medianın içərisində əriyir. Buna rəğmən sosial media ilə jurnalistika arasında bərabərlik işarəsi qoymaq doğru deyil. Çünki jurnalistika peşəkar həkimdir, sosial şəbəkələr isə xəstəliyi sağaltmaq haqqında təsəvvürü olan sıravi bir insan. Sosial media heç bir halda jurnalistika deyil. Ona görə ki, jurnalistika bir sistemdir, onun qaydaları var, qanunla tənzimlənir. Etik qaydalar toplusu, normaları var. Ancaq sosial şəbəkədə bunların heç biri yoxdur. Ona görə heç bir halda sosial şəbəkələri jurnalistika hesab etmək olmaz. Sosial şəbəkələr hər kəs üçün açıqdır və hamının çıxışı var. Masa arxasında psixi cəhətdən çatışmazlıqları olan insanlar da otura bilər. Əgər biz sosial şəbəkələri KİV kimi qəbul etsək, onda həmin anormal insanların paylaşımlarını da informasiya kimi təqdim etməliyik. Bu isə artıq qeyri-mümkündür”.
Maraqlıdır, görəsən, sosial media ilə jurnalistika arasındakı fərq nədən ibarətdir və sosial şəbəkələri jurnalistikanın bir qolu saymaq olarmı?
Suallarımızı cavablandıran "APA-Holding” MMC-nin prezidenti Vüsalə Mahirqızı "Şərq”ə bildirib ki, sosial media virtual cəmiyyətdir. Şirkət rəhbərinin sözlərinə görə, sosial şəbəkə medianın bir növüdür: "Sosial medianın peşəkar mediadan fərqi odur ki, o, virtual cəmiyyətin toplaşdığı bir məkandır. Orada subyektivlik daha çoxdur. Peşəkar medianın isə subyektiv deyil, obyektiv olmaq öhdəliyi var. Bunu peşəkar medianın nəzəriyyəsi tələb edir. Ona görə də, hesab edirəm ki, sosial media peşəkar media üçün yaxşı bir mənbədir. O mənbədən yararlanmaq, oradakı platformadan istifadə etmək lazımdır. Amma sosial mediada paylaşılanların peşəkar mediaya olduğu kimi yansıması doğru deyil”.
V.Mahirqızı "sosial media informasiya agentliklərini üstələyib” iddiası ilə razılaşmayıb: "Bu, doğru yanaşma deyil. Ona görə ki, informasiya agentlikləri peşəkar media quruluşu olaraq xəbərin hamısını mənbədən alır. İnformasiya agentliyinin özü xəbər yaratmır. Xəbər mənbədə olur. O mənbənin virtual və ya konkret bir şəxs olmasının elə bir əhəmiyyəti yoxdur. Əvvəllər media xəbəri konkret şəxsdən alırdısa, indi isə sosial şəbəkəsindəki profilindən alır. Bu, virtual cəmiyyətdir. Media o xəbəri hardansa alır. Onu yayımlayan ilk mənbə olur. Yenə də informasiya agentlikləri operativdirlərsə, ilk mənbə funksiyasını yerinə yetirə bilirlər. Bir daha təkrar edirəm ki, sosial media informasiya agentlikləri üçün operativ mənbədir”.
Müsahibimiz hesab edir ki, sosial medianı jurnalistikanın bir qolu saymaq olar: "Sosial media artıq media şəbəkəsi kimi qəbul olunur. Bunu peşəkar deyil, vətəndaş jurnalistikasının bir növü kimi dəyərləndirmək olar”.
Azərbaycanda informasiya agentliklərinin sosial şəbəkələrdəki səhifələrdə xəbər paylaşıb, İP yığmaq məsələsinə diqqət çəkən şirkət prezidenti söyləyib ki, xarici ölkələrdə də informasiya agentlikləri sosial şəbəkələrin piar xidmətlərində istifadə edirlər: "Peşəkar media sosial şəbəkədə material paylaşırsa, hətta buna görə pul da ödəyirsə, burda qeyri-adi bir şey yoxdur. Media özü də biznes vasitəsidir. Pul qoyub pul götürür və bunun da qarşılığı olaraq İP qazanır”.
"Xaricdəki abunəli saytlar Azərbaycanda niyə yoxdur” sualına gəlincə, baş yazar əlavə edib ki, bizim bazarımız çox balacadır: "Balaca bazarlarda xəbər az olur. Belə bazarlarda hər kəsin xəbərə əlçatımlığı olur. Məsələn, cəbhədə baş verən hadisələr zamanı paytaxtda olan hər kəsin cəbhə bölgəsində yaşayan yaxını, tanışı bizdən əvvəl onlara məlumat verirdilər. Bəzən onlar mediadan da tez məlumatlar ala bilirdilər. Bazar balaca olanda xəbərin biznesə çevrilməsi çətin olur. Səbəb yalnız budur”.
Tanınmış telejurnalist, BDU-nun professoru Qulu Məhərrəmlinin qənaətincə, yeni informasiya texnologiyaları meydana çıxdıqca, yenilər köhnələri sıxışdırır: "Çünki yeni maraqlıdır, yeninin üstün imkanları var, yeni daha çatımlıdır və sairə. Amma bununla yanaşı, bir vaxtlar televiziya çıxanda deyirdilər ki, kinoteatrı məhv edəcək. Vaxtilə hətta, fransız sosioloqu Jan Kokto bununla bağlı çox böyük bir araşdırma aparıb. Bəs, nəticə nə olub? Nəticə o olub ki, hər iki blok bir müddət paralel inkişaf edir, amma yeni şəbəkələr, yeni texnologiyaya əsaslanan sistem daha sıçrayışlıdır. Məsələn, indiki halda biz internetin sayəsində çox böyük geniş informasiya resurslarına yiyələnirik. Yeni yaranan şəbəkə bizim üçün həm tezis sistemidir, həm məlumat qaynağıdır, həm də müəyyən dərəcədə saxlanc, anbar rolunu oynayır. Yəni, biz bu imkanlardan bəhrələnə bilirik”.
Eyni zamanda Q.Məhərrəmli qeyd edib ki, iqtisadi cəhətdən yeni texnologiyalar daha uyğundur: "Amma yeni texnologiyalarda çatışmayan cəhəti odur ki, burada tənzimləmə ilə bağlı ciddi problemlər var və bu problemlər olduğuna görə, ənənəvi medianın qaydaları heç də həmişə yeni mediaya, yeni sistemə tətbiq olunmur. Bu isə öz növbəsində internet üçün böyük bir qorxu, təhlükə, inamsızlıq yaradır. Ona görə insanlar psixoloji olaraq yeni mediadan daha çox ənənəvi mediaya meyillənirlər. Düzdür, ənənəvi medianın özünün də içərisində parçalanma var. Belə demək mümkünsə, onun peşəkar, keyfiyyətli tərəfi də, həmçinin keyfiyyətsiz və dəyərlərə çox önəm verməyən tərəfi də - nə bilim, tablo qəzetlərdir, sarı mətbuatdır və sairə - var. Ona görə bu gün nə qədər ki, hamının internetə bağlı kompyuteri, hamının internetə çıxışı yoxdur, hələlik bir müddət bu bərabər səviyyəli rəqabət gedəcək. Amma təbii ki, dünyanın məntiqi də, texnologiyanın məntiqi də odur ki, gələcək yeni texnologiyanındır”.
Ekspertin fikrincə, yaxşı qəzet, yaxşı çap orqanı odur ki, o, həm oxucunun, auditoriyanın marağını nəzərə ala, həm də özünün prinsiplərini gerçəkləşdirə bilir: "Avropanın ən böyük sosioloqu sayılan Habermasın fikrinə görə, yeni texnologiyaların meydana gəlməsi və vətəndaş jurnalistikasının artması ilə yeni qorxulu tendensiyalar yaranır. Ənənəvi jurnalistika ilə internet jurnalistikanın təməl prinsipləri qarışdırır ki, bunun da sayəsində, ümumiyyətlə, o təməl prinsiplərin təsdiqi situativ yanaşma meydana çıxarır, yəni bu, burada olar, ya olmaz. Bunu o, çox pis əlamət hesab edir. Onun fikrincə, klassik media, ənənəvi media özünün mövqelərindən çəkilə bilər. Amma bununla yanaşı, məsələn, on il bundan əvvəl bütün dünyada sorğu aparıldı, keyfiyyətli və keyfiyyətsiz deyilən mətbuat orqanları müəyyənləşdirildi. Dünyanın on keyfiyyətli mətbuat orqanı müəyyənləşdirildi ki, "Vaşinqton post”, "Nyu-York Tayms”, "Guardian”, BBC kimi KİV orqanları da məhz bura aiddir. Yəni, bunlar o strukturlardır, o qurumlardır ki, auditoriyanın, cəmiyyətin maraqlarını güdüb, hakimiyyət üzərindən ictimai nəzarəti gerçəkləşdirib öz səhifələrində, ekranında, efirində ictimai forum yaradaraq, müxtəlif fikirləri əks etdirən diskussiyaları təşkil edə bilir”.
Tanınmış telejurnalist onu da əlavə edib ki, yeni medianın, o cümlədən telekanalların ənənəvi medianı tamamilə sıradan çıxaracağını düşünmür: "Baxın, qəzetlər həm özlərinin elektron səhifələrini saxlayırlar, həm də onlayn tərzində işləyirlər, məlumatları tez-tez təzələyirlər. Amma eyni zamanda, özlərinin çap variantını, yazılı variantını inkişaf etdirirlər, yeni rubrikalar açırlar, yeni fikir tapırlar, yeni dizayn tapırlar və sairə. Bu, o deməkdir ki, biz gerçəkliyi müxtəlif formalarda ifadə edə bilirik”.
(davamı var)
Ayyət Əhməd
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb