“Lakin burada çox incə bir məqam da var; araşdırmalarda tələskənliyə yol verilməməlidir. Kifayət qədər faktlar olmalı, faktlar sübuta yetirilməli, bundan sonra qərar verilməlidir”
1 saylı körpələr evi ətrafında yaşanan qalmaqal baş həkim Nəhayət Əliyevanın işdən kənarlaşdırılması ilə nəticələndi. Nəhayət Əliyeva Körpələr Evindən avtomobilə nələrinsə yüklənməsi ilə gündəmə gəlmişdi. Və nə qədər təəccüblü görünsə də, Körpələr Evindən nələrinsə avtomobilə yükləndiyini ölkəyə duyuran müğənni Rəqsanə İsmayılovanın qızı Aysundur.
Bir neçə gün öncə Aysun Körpələr Evindən hansısa əşyaların daşındığını yaşadığı mənzilin eyvanından görüntüləmişdi və çəkdiyi görüntüləri sosial şəbəkəyə yerləşdirərək paylaşmışdı. Hay-küy də bundan sonra qopdu. Körpələr Evinin baş həkimi Nəhayət Əliyeva açıqlama verərək məntiqli görünməyən izahlar verməyə çalışdı. Gah dedi ki, bacısı oğlu tanınmış şahmatçıdır, ad günü münasibətilə Körpələr Evinə sovqat gətirib. Gah da, gözətçinin məzuniyyətə gedərkən öz yataq dəstini maşına yüklədiyini söylədi. Üstəlik, qara yaxmaya görə müğəninin qızını məhkəməyə verəcəyini də bildirdi. Aysun isə Körpələr Evindən nələrinsə avtomobilə daşındığını dəfələrlə müşahidə etdiyini və əlində sübutlar olduğunu dedi. İndi Aysunun videoya çəkdiyi digər görüntülər də sosial şəbəkələri "bəzəyir”.
1 saylı Körpələr Evinin baş həkimi isə vəzifəsindən kənarlaşdırılıb, amma hələ ki, müvəqqəti. Səhiyyə Nazirliyi bunun izahını verib.
Nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədovanın Lent.az-a verdiyi məlumata görə, hazırda Səhiyyə Nazirliyi baş verən hadisə ilə bağlı araşdırma aparır: "Qanuna əsasən, hansısa vəzifəli şəxs barədə araşdırma aparılanda onun səlahiyyətləri müvəqqəti olaraq dayandırılır. Hazırda araşdırma getdiyinə görə N. Əliyevanın səlahiyyətlərini müvəqqəti olaraq müavini icra edir”.
"Ola bilərmi ki, araşdırmalar zamanı müdirin təqsirli olduğu sübut edilməsin və o, yenidən vəzifəsinə bərpa edilsin” sualına isə S.Əhmədova cavab verib ki, araşdırma zamanı hər şey ola bilər.
Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova isə Nəsimi rayonunda 1 saylı Körpələr Evinin baş həkimi Nəhayət Əliyevanın işindən kənarlaşdırılmasına münasibət bildirib. A.İsmayılova məsələ ilə bağlı sosial şəbəkədə bu sözləri yazıb:
"Allaha dua etməyi heç vaxt unutmayın. Hər zaman halal çörək yeyin. Haramçılığa göz yummayın. Allahdan başqa heç kəsdən qorxmayın”.
Məsələ ilə bağlı "Şərq”ə danışan "Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova Körpələr Evinin baş həkiminin işdən kənarlaşdırılmasının doğru qərar olduğunu dedi:
- Həmin görüntülər ilk dəfə yayıldığı zaman da mən demişdim ki, mütləq ciddi araşdırılma aparılmalı, həqiqət üzə çıxmalıdır. Bu mənada Körpələr Evinin baş həkiminin işdən kənarlaşdırılması müsbət haldır. Hesab edirəm ki, Səhiyyə Nazirliyi tamamilə düzgün qərar verib. Çünki araşdırma aparıldığı bir vaxtda baş həkimin vəzifə başında qalması obyektivliyə zərər toxundura bilərdi. Məhz baş həkimin aparılan araşdırmaya təsir imkanları olmasın deyə, o, vəzifəsindən kənarlaşdırılıb.
M.Zeynalova son zamanlar sosial şəbəkələrin ictimai nəzarət mexanizmini üzərinə götürməsinin də alqışlanacaq hal olduğunu dedi:
- Sosial şəbəkələr aktivliyi ilə seçilir. Sosial şəbəkələr artıq ictimai nəzarət funksiyasını yerinə yetirir, şəffaflığı təmin etmiş olur. Bu, müsbət haldır. Sosial şəbəkələrin ictimai nəzarət funksiyasını yüksək qiymətləndirirəm. Rəqsanə İsmayılovanın qızının Körpələr Evi ilə bağlı videogörüntü yayması da alqışlanmalıdır. Müsbət olan həm də aidiyyətli qurumların sosial şəbəkələrdə yayılan məlumatlara, çağırışlara, paylaşımlara reaksiya verib, gərəkən zamanda araşdırma aparılmasına qərar verməsidir. Lakin burada çox incə bir məqam da var; araşdırmalarda tələskənliyə yol verilməməlidir. Kifayət qədər faktlar olmalı, faktlar sübuta yetirilməli, bundan sonra qərar verilməlidir. Çünki bəzən tələskənlik, faktların dəqiq və obyektiv araşdırılmaması təcrübəli kadr itkisinə səbəb olur. Hesab edirəm ki, 1 saylı Körpələr Evi ilə bağlı yaranmış vəziyyət digər qurumlar üçün də ciddi siqnal olmalıdır. Xüsusilə də uşaq müəssisələri ilə bağlı həssas yanaşmaya ehtiyac var. Əgər uşaqların gözü qarşısında oğurluq, rüşvət halları baş verirsə, sabah o uşaqlar da bu hərəkətləri təkrarlaya bilər.
Məlahət Rzayeva