Sosial şəbəkələr peşəkar jurnalistika üçün müəyyən mənbə rolunu oynaya bilər

“Amma kimsə hər hansı məlumatı paylaşırsa, bu, hələ dürüst məlumat deyil”



Müasir dövrdə innovasiyalı texnologiyanın sürətli inkişafı informasiya agentlikləri üçün ciddi problemlər yaradıb. Bu sözləri mayın 23-də Bakıda keçirilən Dünya Xəbər Agentlikləri Konqresi (NACO) Şurasının növbəti iclası ilə bağlı jurnalistlərə müsahibəsində AZƏRTAC-ın baş direktoru Aslan Aslanov deyib. Baş direktorun sözlərinə görə, insanlar özləri sosial medianın imkanlarından istifadə edərək daha asan, daha sürətlə xəbərləşirlər və bu da ənənəvi media qarşısında ciddi çətinliklər törədir: "Bu problemlərdən çıxış yollarının tapılması Dünya Xəbər Agentliklərinin (DXA) Bakıda keçiriləcək V Konqresinin müzakirə mövzusu olacaq”.Baş direktor onu da diqqətə çatdırıb ki, DXA-nın Bakı Konqresində əsasən informasiya sahəsində dünya mediasını düşündürən qlobal məsələlər müzakirəyə çıxarılacaq: "Bu müzakirələrin əsasını ilk növbədə sosial media ilə ənənəvi media arasındakı münasibətlər məsələsi təşkil edəcək. Konqresdə iştirak edəcək dünya mediasının görkəmli nümayəndələri qarşıda duran problemlərdən çıxış yollarını araşdıracaqlar”.

(əvvəli ötən sayımızda)

Məsələni dəyərləndirən "Xalq cəbhəsi” qəzetinin və "Baymedia” internet portalının baş redaktoru Elçin Mirzəbəyli də söyləyib ki, bu gün dünyada reallıqlar dəyişib. Hətta bir çox dövlət başçıları, məmurlar belə öz mesajlarını sosial şəbəkələr vasitəsilə qarşı tərəfə çatdırırlar: "Bu sahədə isə daha etibarlı mənbə tvitter hesab olunur. Amma çox təəssüflər olsun ki, Azərbaycanda sosial şəbəkələrə münasibət bir az fərqlidir. Bizdə daha çox qarşılıqlı kommunikasiya üçün nəzərdə tutulan feysbuk şəbəkəsindən informasiya mənbəyi kimi istifadə olunur. Hesab edirəm ki, jurnalistlərimizin sosial şəbəkələrdə həddindən artıq vaxt keçirməsi ümumilikdə mətbuatın simasına təsir göstərir. Belə olan halda jurnalistlər axtarışlar aparmır və daha asana qaçır. Bu da son nəticədə əksər mətbuat orqanlarının eyniləşməsinə gətirib çıxarır. Sosial şəbəkələr peşəkar jurnalistika üçün müəyyən mənbə rolunu oynaya bilər. Amma kimsə hər hansı məlumatı paylaşırsa, bu, hələ dürüst məlumat deyil. Ona görə məlumatı götürəndən sonra dəqiqləşdirməli, bu barədə müxtəlif mənbələrdən öyrənilərək müqayisələr aparılmalı, ondan sonra mətbuatda yayımlanmalıdır. Bizdə isə əksinədir”.

E.Mirzəbəylinin fikrincə, bir çox hallarda sosial şəbəkələr ona görə rezonans doğurur ki, peşəkar mətbuat maraqlı mövzular seçə bilmir. Onların mövzu məhdudiyyəti, peşəkarlıq problemi var: "Hər hansı tələbənin sosial şəbəkədə yazdığı bir fikir bəzən qəzetdə dərc edilən məqalədən çox təsirli və tutarlı olur. Bu mənada, mətbuatda azadlıq məsələsi də rol oynayır. Yəni sosial şəbəkələrdə daha çox sərbəstlik var. Bu kimi nüanslara, ayrı-ayrı qığılcımlara görə sosial şəbəkələr özünə auditoriya toplamağa başlayır. İnsanlarda belə təsəvvür yaranır ki, sosial şəbəkələrdə tənqid varsa, qəzetdən və ya saytdan fərqli və faydalıdır. Burada xaosa yol vermək olmaz”.

Baş yazar hesab edir ki, sosial şəbəkələrin özünün müəyyən üstün cəhətləri var, geniş miqyasda ünsiyyət sistemi yarada bilir, auditoriyanın marağını önə çıxardır, təşkilatlanma üçün çox çevikdir: "Geniş müzakirələr apara, bir mövzu ətrafında diskussiyalar yarada bilir. Bütün bu cəhətləri ilə yanaşı, hələ jurnalistika sayılmır. Çünki o, vahid sistem deyil və qaydaları yoxdur. Məsələn, biri deyəndə ki, başım ağrıyır, ona 10 dənə dərman məsləhət görürlər. Ancaq məsləhət verənlərin heç biri həkim olmur. Hesab edin ki, jurnalistika peşəkar həkimdir, sosial şəbəkələr isə xəstəliyi sağaltmaq haqqında təsəvvürü olan sıravi bir insan. Bunların arasında bərabərlik işarəsi qoymaq doğru deyil. Ancaq dana bilmərik ki, sosial şəbəkələr jurnalistikanı bir növ üstələyir. İnsanlar sosial şəbəkələrdə fikirlərini, geyimlərini sərbəst şəkildə nümayiş etdirə bilirlər və bu gün sərhədlər biri-birinə qovuşduğuna görə ağla qaranı, gerçəklə yalanı biri-birindən seçmək olmur. Ona görə də jurnalistika yeni medianın içərisində əriyir. Bu da cəmiyyətin biliksiz olmağından irəli gəlir”.

Sosial şəbəkələrin "jurnalistikanın bir qolu” adlandırılmasını tamamilə yanlış hesab edən baş redaktor düşünür ki, bu artıq dünyada qəbul olunan standartlara uyğun gəlmir: "Dediyim kimi, sosial şəbəkə kommunikasiya vasitəsidir, informasiya vasitəsi deyil. KİV-lərin sosial şəbəkələrlə eyniləşdirilməsi heç cür məntiqə uyğun deyil. Sosial şəbəkələrdə gedən yazışmalar, məişət söhbətinin bir qədər geniş miqyasda davamıdır. Sosial şəbəkələrə yanaşma bu cür olmalıdır. Ünsiyyət vasitəsi kimi sosial şəbəkədən müxtəlif peşə sahibləri istifadə edir. Amma o, heç bir halda jurnalistika deyil. Ona görə ki, jurnalistika bir sistemdir, onun qaydaları var, qanunla tənzimlənir. Etik qaydalar toplusu, normaları var. Ancaq sosial şəbəkədə bunların heç biri yoxdur. Ona görə heç bir halda sosial şəbəkələri jurnalistika hesab etmək olmaz. Sosial şəbəkələr hər kəs üçün açıqdır və hamının çıxışı var. Masa arxasında psixi cəhətdən çatışmazlıqları olan insanlar da otura bilər. Əgər biz sosial şəbəkələri KİV kimi qəbul etsək, onda həmin anormal insanların paylaşımlarını da informasiya kimi təqdim etməliyik? Bu isə artıq qeyri-mümkündür”.

Söz Azadlığını Müdafiə Fondunun layihələr üzrə koordinatoru Nəzirməmməd Zöhrablı isə bir çox hallarda ənənəvi medianın sosial şəbəkələrə uduzduğunu deyib: "Sosial şəbəkələrdə paylaşılan statusların xəbərə çevrilməsini bəzi məqamlarda normal qarşılamaq olar. Çünki sosial şəbəkələrdə aktiv kəsim daha çox media mənsublarıdır. Ancaq bu kimi şəbəkələrdən başqa kəsimlər də istifadə edir və təbii ki, sosial şəbəkəyə nəzarət etmək mümkün deyil. Əslində, bu nəzarətin tətbiqi düzgün də deyil. Bu mənada sosial şəbəkələrdə xəbər "istehsal edib paylaşmalar”ı bir növ müharibə getdiyi məqamlarda hərbi və ya dövlət sirrinin yayılması halı ilə müqayisə etmək olar. Bu zaman xüsusilə demokratik cəmiyyətlərin mediasında problem onu yayanın daxili senzurasının ümidinə qalır. Daxili senzura isə bir az təfəkkürdəndir, bir az məfkurədəndir, bir az intellektual potensialdan, səviyyədəndir, bir az peşəkarlıqdandır, bir az vicdandandır və sairə. Bu amilləri nəzərə ala bilənlərin paylaşdığı sosial media xəbərlərindən, təbii ki, heç kim ziyan çəkməyəcək.

Məsələnin ikinci tərəfinə gəldikdə isə, hamılıqla boynumuza almalıyıq ki, klassik, ənənəvi, elektron media internet qanadlarında doğulmuş sosial mediaya uduzur. Bu, bir gerçəklikdir, ancaq acı gerçəklik deyil. Elə belə də olmalı idi. Biz bunu gözləmişik. Amma bir çoxları hələ də texniki yenilikləri qəbul etsə də, şüurda, idarəçilikdə, intibahları, yenilikləri həzm edə bilmir. Baxmayaraq ki, bizim üçrəngli bayrağımızın üzərindəki qırmızı rəng daim yeniləşməni nəzərdə tutur”.

"Gündəlik Bakı” qəzetinin əməkdaşı Günel Mehdi də qeyd edib ki, bu gün sosial şəbəkələrin sayının artması eləcə də sürətlə inkişaf etməsi çap və elektron medianı sıradan çıxarmaq üzrədir: "Artıq nəinki çap mediası, eləcə də elektron media sosial şəbəkələrdən geridə qalıb. Əvvəllər informasiya əldə etmək üçün qəzetlərə, jurnallara müraciət edərdilərsə, hazırda bunları sosial şəbəkələr əvəzləyib. Bu gün sosial şəbəkələr operativlik baxımından çap və elektron mediadan bir addım öndədir. Artıq elektron media da sosial şəbəkələrdən bəhrələnir. Feysbuk, tvitter kimi məşhur şəbəkələr elektron media üçün baza rolunu oynayır. Məsələn, saytlarda görürük ki, filan ekspert tvitter və yaxud feysbuk səhifəsində filan məsələyə aydınlıq gətirib. Artıq buradan görünür ki, elektron KİV-lər sosial şəbəkələrdən bəhrələnirlər. O baxımdan da sosial şəbəkələrin öndə getdiyini xüsusi vurğulamaq yerinə düşər. Buradan aydın göründü ki, sosial şəbəkələr operativlik baxımından da irəlidədir. Dünyada, eləcə də ölkədə baş verən mühüm hadisələrlə bağlı dərhal görüntüləri əldə edə bilirik. Halbuki, bir neçə saat sonra saytlar, eləcə də telekanallar bununla bağlı material verirlər. Artıq bu, tamaşaçılar üçün maraqlı olmur. Bu ancaq və ancaq təkrarçılıq olur. Eyni zamanda gecikmiş xəbər olur. Tamaşaçıya təkrar material yox, yeni material lazım olur. Ona görə də telekanallarda xəbər proqramları artıq baxımsız olub. Çünki telekanallar gecikmiş xəbərlərlə tamaşaçının qarşısına çıxırlar. Bu da artıq tamaşaçı üçün maraqsız olur. Ona görə də artıq vətəndaşlar yeni xəbər öyrənmək istədikdə, məhz elə sosial şəbəkələrə üz tuturlar”.

Həmkarımızın sözlərinə görə, bütün yenilikləri ilk növbədə sosial mediadan əldə etmək mümkündür: "Bundan başqa saytlar, xəbər portalları, internet televiziyaların populyarlaşmasında sosial şəbəkələrin rolu danılmazdır. Demək olar ki, bütün elektron KİV-lərin feysbuk və tvitter şəbəkələrində hesabları var. Saytda olan bütün informasiyalar sosial şəbəkələr vasitəsilə paylaşılır. Və bu da həmin kütləvi informasiya vasitələrinin bir çox izləyici tərəfindən tanınmasına səbəb olur. Dünyanın ən nüfuzlu, tanınmış mətbu orqanları internet vasitəsilə bütün ölkələrə yayılır. Bundan başqa onu da qeyd edim ki, elektron mediadan fərqli olaraq sosial şəbəkələrdə yayılan informasiyalara nəzarət etmək, demək olar ki, mümkün deyil. Sosial şəbəkələrdə informasiyaları daha çox adi insanlar yayır və odur ki, həmin informasiyaların obyektivliyi şübhə altında qalır. Lakin mətbuat nümayəndələri informasiyanın dəqiqliyini, obyektivliyini öyrənmədən yaymamalıdırlar. Heç şübhəsiz ki, bu məqam media mənsublarının da diqqətindən kənarda qalmır. Ona görə də sosial şəbəkələrdə adi insanlardan, dövlət və hökumət qurumlarından fərqli olaraq media qurumları və onların təmsilçiləri daha fəal olurlar və ya olmalıdırlar”.

Ayyət Əhməd

Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb