Sosioloq xanım həyəcan təbili çaldı

“Sanki hansısa qüvvələr boşanmış qadınların karyerasında daha sürətli inkişaf olduğu barədə piar aparır”“Əgər ailənin başçısı işsiz qalsa, evə bir ay çörək gətirə bilməsə, qadına boşanmaq üçün bundan əla fürsətin olmadığı aşılanır”
Gənclər evlənərkən xəstəlikdə və sağlıqda, pis-yaxşı gündə hər zaman biri-birinin yanında olacağına dair vədlər verir. Amma aralarındakı sevgi münasibətləri pozulan kimi verilən vədlər də, içilən andlar da unudulur. Hadisələr o qədər sürətlə baş verir ki, gənclər nədən ayrıldıqlarının belə fərqinə varmırlar. Şablon da bir səbəb tapıblar, bir balaca sözləri çəpləşən kimi "xasiyyətlərimiz tutmadı” deyib, məhkəməyə müraciət edirlər.
Qeyd edək ki, Azərbaycanda rəsmi qaydada qeydə alınan nikahların və boşanmaların statistikası açıqlanıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2016-cı ilin 11 ayı ərzində 60 min 800 nikah olub, 12 min boşanma faktı qeydə alınıb. Bu da əhalinin hər 1000 nəfərinə 6.9 nikah, 1.4 boşanma deməkdir. 2015-ci ildə isə əhalinin hər 1000 nəfərinə nikahların sayı 7.102, boşanmaların sayı isə 1,3 olub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Aynur Veysəlovanın sözlərinə görə, gənclərin ailə həyatına hazırlıq məqsədi ilə Komitə tərəfindən "Gənc ailələr”, "Gənc ana” kursları təşkil olunur: "İndiki gənclər birgə yaşamağı bacarmayanda, artıq əvvəlki nəsil kimi dözümlülük nümayiş etdirmir, ən son atacaqları addımı elə ən başda atırlar, yəni birdəfəlik ayrılırlar”.
Sosioloq-jurnalist Lalə Mehralı isə "Şərq”ə açıqlamasında böyük təəssüflə boşanmaların günümüzdə çox kritik bir rəqəmlə müşayiət olunduğunu deyib: 
"Bizim ölkədə ailələr sonsuzluqdan, zərərli vərdişlərə aludəçilikdən, xasiyyət uyuşmazlığından, erkən nikah problemindən və daha bu kimi onlarla səbəbdən dağılır. Bəzən ekspertlər birmənalı olaraq ölkəmizdə boşanmaların iqtisadi amildən qaynaqlandığını deyirlər. Mən bu məsələdə alternativ fikirliyəm, düşünmürəm ki, ailələrimiz maddi problemlərdən dolayı dağılır, çünki möhkəm ailə varsa, maddi çətinlik onlar üçün boşanmaya səbəb ola bilməz. Bizim vətənimiz vaxtilə dünyanın ən dağıdıcı, ən ağır müharibəsindən qalib çıxıb, arxa cəbhədə insanlar ac qalıb, amma cəbhəni ərzaqla təmin ediblər, o ağır illəri, çətinliyi, aclığı görən bir millət bu səbəbdən ailə dağıtmaz. Üstəlik, bizim mental dəyərlər elədir ki, qadın evdə quru çörək yesə də, çöldəki bunu bilmir. Çünki qadın həyat yoldaşını başqalarının gözündə alçaltmaq istəmir”.
Lalə xanımı daha çox narahat edən nüans isə boşanmaların təbliğidir. Onun sözlərinə görə, sanki hansısa qüvvələr boşanmış qadınların karyerasında daha sürətli inkişaf olduğu barədə piar aparır:
"Çünki televiziyalarda, mətbuatda işində uğur əldə etmiş qadınlardan reportaj, müsahibə hazırlayırlar, orda xüsusilə də qeyd edilir ki, o, bu karyerasına boşandıqdan sonra nail olub. Yəni qadınları təhrik edirlər ki, boşanın və sizi parlaq karyera gözləyir. Şüur altına yeridirlər. Əgər ailənin başçısı işsiz qalsa, evə bir ay çörək gətirə bilməsə, qadına boşanmaq üçün bundan əla fürsətin olmadığı aşılanır. Beləcə boşanmaları adiləşdirirlər. Evində duzu qurtaran da boşanmağa qərar verir”.
Gənclərin dözümsüzlüyü ilə bağlı Dövlət Komitəsinin rəsmisi ilə həmrəy olduğunu vurğulayan sosioloq boşanmalarda qadınların payının daha böyük olduğunu deyib: "Çox təəssüflə qeyd etmək istəyirəm ki, gənc ailə, xüsusilə də qadın böyüklərin verdiyi məsləhətləri qıcıqla qarşılayır, əmr kimi qəbul edir və bu da ailədə söz-söhbətə səbəb olur. Belə bir ifadə var: "Biri od olanda, biri su olar”. Bizim gənclərin ikisi də od olur ailədə. Güzəştə gedilmir. Hamımızın ətrafında belə ailələr var. Gəlin qayınananın tövsiyəsinə qulaq asmır, məsləhətini əmr kimi qəbul edir və bunu da qəbul etmək istəmir.
Amma səbəblər içində boşanmaya ən çox səbəb olan əsas amil sonsuzluqdur. Bizim mentalitetdə "uşaq olmasa, o ailədən ailə olmaz!” düşüncəsi hakim olduğu üçün övladı olmayan qadını və ya kişini ailəli görmək istəmirlər. Çox maraqlı məqam isə odur ki, çox vaxt bunu valideynlər edir, qızını və ya oğlunu övladı olmayan biri ilə yaşamağa qoymur. Təsəvvür edin, 12-13 min ailə dağılır. Boşanan hər 10 ailədən 8-nin övladı yoxdur. "Əgər övladın yoxdursa, sənin ailəli olmağa haqqın da yoxdur” - bu düşüncə tərzi Azərbaycanda ailə institutunu dağıdır”.
Boşanmanın qlobal bir problem olduğunu deyən psixoloq Elnur Rüstəmovun sözlərinə görə, bütün dünyada ailələrə müdaxilələr olur: 
"Bir çox Avropa ölkələrində, hətta Amerikanın özündə boşanma asan bir məsələ deyil. Ona görə də tərəflər nikaha girməyi uzadırlar. Bu gün boşanma prosesi Azərbaycanda çox rahat bir formada həyata keçirilir. Ailələrə müxtəlif tərəflərdən müdaxilələr olur. Biz buna misal olaraq texnologiyanı və interneti qeyd edə bilərik. Bunlar da ailədaxili münasibətlərin pozulmasına və canlı ünsiyyətdə problemlərin yaranmasına, hər şeyin virtuallaşmasına gətirib çıxarır. Boşanmalarda daha çox şəxsi maraqların və şəxsi eqoların olması da əsas səbəbdir. Psixoloji problemlərin çoxalması, aqressiv davranış, konsultiv pozuntular, tərəflərin məsuliyyət daşımaq istəməsi boşanmaya gətirib çıxaran amillərdəndi. Sanki ailə qurmaq simvolik bir xarakter daşıyır. Ölkəmizdəki boşanmalara müxtəlif aspektdən yanaşmaq olar. Bununla bağlı maariflənmə işlərinin aparılması çox vacibdir”.
Şəymən