Aqil Abbas:"Onlar öldürdüyü hər bir ədəbiyyat və incəsənət xadimini dəfn ediblər. Axı bu adamlar məhkəmə hökmü ilə güllələnib, onlara qarşı sui- qəsd edilməyib ki, öldürüb dənizə atsınlar”
"Bir yazıçı kimi Mikayıl Müşfiqlə bağlı məsələnin ölkə başçısı tərəfindən şəxsi nəzarətə götürülməsini alqışlayıram və bu qərara görə, cənab prezidentdə təşəkkür edirəm”.
Bu sözləri "Sherg.az”a açıqlamasında millət vəkili, yazıçı Aqil Abbas deyib.
Onun sözlərinə görə, bu addım ədəbiyyatımıza, sənətkarlarımıza verilən yüksək dəyərin təzahürüdür. Xüsusən də Mikayıl Müşfiqin qalıqlarının aşkarlanması istiqamətində işçi qrupunun yaradılması son dərəcə təqdirəlayiq haldır:
"Müşfiq Azərbaycan xalqının ən çox sevdiyi və rəğbət bəslədiyi şairlərdən biridir. Onun yaradıcılığından əlavə repressiya qurbanı olaraq günahsız yerə güllələnməsi, nakam taleyi şairə olan sevgini ikiqat çoxaldıb. Müşfiq şeirləri ilə eşqin, ölümü ilə mübarizənin simvoluna çevrilmiş adamdır. Bu baxımdan mən cənab prezidentin göstərişinə sözügedən qurumlar tərəfindən təxirəsalınmaz vəzifə kimi əməl olunacağına ümid edirəm. Necə ki, ümummilli liderin müdrik siyasəti sayəsində
Hüseyn Cavidin nəşinin qalıqları Azərbaycana gətirilib və doğma yurdu Naxçıvanda torpağa tapşırılıb, bu gün də həmin ənənə İlham Əliyev tərəfindən davam etdirilir”.
Yaradılan işçi qrupunun bu işin öhdəsindən məharətlə gələcəyini qeyd edən A.Abbas qeyd edib ki, orada təmsil olunan şəxslər adi adamlar yox, öz sahələrinin mütəxəssisləridir:
"Həm AMEA, həm də Səhiyyə və Mədəniyyət nazirliklərində öz sahəsi üzrə peşəkarlaşan, öz işini bilən insanlar var. DNT analizi vasitəsilə bu o qədər də çətin olmayacaq. Onun nəslindən olan və hələ də həyata olan insanlar var. Həmçinin də bacısının qəbirindən nümunələr götürüb Putada tapılan qalıqların Mikayıl Müşfiqə aid olub- olmadığını dəqiqləşdirmək olar”.
İş adamı Fərhad Əhmədovun 70-ci illərdə güllələnmiş atası Teymur Əhmədovun məzarının axtarışı zamanı Mircəfər Bağırovun qəbrini tapdığını xatırladan millət vəkili vurğulayıb ki, tapılan qalıqların da Müşfiqə aid olması inandırıcıdır:
"Düzdür bu iddiaları təkzib edən insanlar Müşfiqin Nargin adasında güllələnərək meyidinin dənizə atıldığını deyirlər. Halbuki Sovet hökumətinin Müşfiqi güllələdikdən sonra onun ayağına ağır əşya bağlayıb dənizə atması absurd fikirdir. Onlar öldürdüyü hər bir ədəbiyyat və incəsənət xadimini dəfn ediblər. Axı bu adamlar məhkəmə hökmü ilə güllələnib, onlara qarşı sui- qəsd edilməyib ki, öldürüb dənizə atsınlar”.
Represiyya qurbanları haqqında arxiv sənədləri və xəritələrin DTX-da saxlanıldığını vurğulayan A. Abbas söyləyib ki, bütün bu faktlar üzə çıxarılsa, işin ağırlığı Fərhad Əhmədovun üzərinə düşməzdi:
"Amma repressiya qurbanlarının sayı Müşfiqlə bitmir. Digər şəxslərin nəşinin tapılması istiqamətində də müvafiq addımlar atılmaldır. Ayna Sultanova hər nə qədər bolşevik, sovet hökumətinə sədaqətli biri kimi tanınsa da, o Azərbaycan xalqının qızıdır və uzun müddət rəhbər vəzifələrdə çalışıb. O xanım haqqında bütün arxiv məlumatlarını oxumuşam, hətta ona olan simpatiyamdan "Dolu” romanımda onun obrazını da yaratmışam. Onun da məzarını axtarıb tapmaq lazımdır”
Qeyd edək ki, Azərbaycan poeziyasının inkişafında böyük rol oynamış, Stalin repressiyasının qurbanı olmuş və 1938-ci ildə güllələnmiş şair Mikayıl Müşfiqin qalıqlarının tapılması ilə bağlı son zamanlar kütləvi informasiya vasitələrində yayılan materiallar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqətini cəlb edib. Cənab Prezident məsələni şəxsi nəzarətinə götürüb. Dövlət başçısı məsələnin araşdırılması üçün Milli Elmlər Akademiyası, Səhiyyə, Mədəniyyət nazirlikləri və digər əlaqədar qurumların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə göstəriş verib. Tapşırığa əsasən, Mikayıl Müşfiqə məxsus olduğu ehtimal edilən qalıqlar müvafiq qaydada DNK ekspertizasından keçiriləcək. Əgər qalıqların həqiqətən ona məxsus olduğu təsdiqini taparsa, şairin yenidən dəfn olunması ilə bağlı bütün zəruri tədbirlər görüləcək.
Şəymən