Yadigar Cəfərli: “Hər tikilini tarix deyib saxlasan, onda elə keçmişin tıxacında ilişib qalarsan”
“Sovetski”də tarixi dəyər yoxdur, sökülməsi doğrudur
Nizami Cəfərov: “Bu qədər inkişaf edən bir şəhərdə ora nəyə oxşayır, bilinmir. “Sovetski”də biabırçı vəziyyət yaranıb”
Yadigar Cəfərli: “Hər tikilini tarix deyib saxlasan, onda elə keçmişin tıxacında ilişib qalarsan”
Yadigar Cəfərli: “Hər tikilini tarix deyib saxlasan, onda elə keçmişin tıxacında ilişib qalarsan”
Bakı şəhərinin Baş Planına əsasən, "Sovetski” adlanan ərazidə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri siyahısında yer almış 21 yaşayış evi və 2 abidə söküləcək. Bu abidələrin sökülməsi Nazirlər Kabinetinin müvafiq qərarında etdiyi dəyişiklikdə əksini tapıb. Söküləcək yaşayış evləri və mədəniyyət abidəsi sözügedən siyahıdan çıxarılıb. Həmin tarixi yaşayış evləri isə Yasamal rayonunun ərazisindədir. Bu yaşayış evləri 1885-1916-cı illərdə inşa olunub.
Memar Nəriman Əliyevin sözlərinə görə, söküləcək binaları XIX əsrin sonu - XX əsrin əvvəlində tikilmiş binalar kompleksi kimi saxlayıb, nümunə göstərmək olardı. Ancaq burada heç bir dəyərli memarlıq xüsusiyyətləri yoxdur: "Dövlət tərəfindən əvvəlcədən bunun layihəsi hazırlanır. Nə sökülüb, yerində nə tikiləcək planlaşdırılır. Yəni burada təsadüf ola bilməz. Bunlar XIX əsrin axırında - XX əsrin əvvəllərində inşa olunub. Burada binaların görkəmli memarlıq əhəmiyyəti yoxdur. Özü də iki-üç mərtəbəli binalar fərdlər tərəfindən tikilib. Bunlar o qədər böyük deyillər ki, şəhərin ümumi memarlıq keyfiyyətinə ziyan gətirsin. Bunların miqyası çox kiçikdir”. Qeyd edək ki, "Sovetski”dəki tarixi binaların sökülməsi son günlər sosial şəbəkələrin ciddi müzakirə mövzusuna çevrilib və məsələyə fərqli yanaşamalar, reaksiyalar yer alıb. Məsələn, "Qafqaz” Universitetinin professoru, politoloq Fərhad Mehdiyev həmin binaların sökülməsini pisləyib: "Görəsən, cənab Əbülfəz Qarayevin bir nazir kimi, belə bir tarixi binanın sökülməsinə görə vicdanı narahatlıq keçirir, ya yox? Tutduğunuz vəzifənin tarix və millət qarşısında məsuliyyətini dərk edirsinizmi? Heç kəsə sirr deyil ki, həmin ərazilər daha sonra ya "ayrılma” adıyla kiməsə satılacaq, ya da "vurğun”-vari tenderlərin predmeti olacaq. Mədəni mirasımız niyə vəhşicəsinə talan edilir? İndi ölkəmizdə "barokko” stili ilə daş yona bilən ustalarınız varmı? Lap tutaq ki, yuxarıdan kimsə basdırır, vicdanlarımız harda qaldı? Bu vətəni bu qədər sevirik?”.
Filologiya üzrə fəlsəfə doktoru Yadigar Cəfərli isə "Sovetski”nin sökülməsini təqdir edir: "Son günlər ictimai müzakirəsi aparılan mövzulardan biri də "Sovetski” adlanan ərazidəki tarixi binaların sökülməsi ilə bağlıdır. Çox adam bu mövzuda nəsə deməyi, ya da yazmağı özünə borc bilir. Bəzi rəylərdə də, əfsus ki, qərəz obyektivliyi üstələyir. Bakıdakı başqa gecəqondu massivləri kimi "Sovetski”ni də XIX əsrin sonu, XX əsrin əvvəllərində Bakıda yaşanan neft bumu əmələ gətirmişdi. O zaman ölkənin quzeyindən-güneyindən əmək miqrantları kütləvi şəkildə Bakıya axışırdılar. Şəhərdə onlara kirayəyə vermək, ya da satmaq üçün kütləvi sayda komalar tikilirdi. Təki balaca bir yer olsun, tikinti norma və qaydalarını, insanların rahatlığını düşünən yox idi. Bildiyim qədər, bu məhəllələrin sökülməsi hələ sovet dövründən planda vardı. Çünki Bakının infrastruktur baxımından ən əhəmiyyətli yerləri səmərəsiz şəkildə gecəqonduların altında qalmışdı. İndi çox yaxşıdır ki, bu iş başlanıb və davam etdirilir. Müsbət nəticələrini də şəhər sakinləri olaraq hər birimiz, ən azı, "Qış bulvarı”nın sağ və solundakı geniş, tıxacsız yollarda görürük”.
Müsahibimiz qeyd edib ki, hər tikilini tarix deyib saxlasan, onda elə keçmişin tıxacında ilişib qalarsan: "Hansısa binada vaxtilə görkəmli sənətkarımızın yaşamasına aid lövhənin olması, məncə, o binanın tarixi abidəliyinə dəlalət eləmir. Sənətkarı xatirələrdə əbədiləşdirənsə onun yaşadığı ev deyil, sənətidir, yaradıcılıq irsidir. Əgər o sənətkarları yaşatmaq istəyiriksə, buraxaq yaşadıqları evləri, insanların o evlərin içində keçirdikləri ömürləri öyrənək, yaşayıb-yaratdıqlarından barınaq və onlardan daha yaxşısını yaratmağa çalışaq. Yoxsa, sual etsən, Abbas Mirzə Şərifzadənin yaratdığı iki obrazın adını ard-arda çəkə bilməyəcək birinin, yaxud sonuncu dəfə teatra nə zaman getdiyini xatırlaya bilməyən kəsin indi az qala sinəsini aktyorun yaşadığı evə sipər edəcəkmiş kimi görünməsi, yumşaq desək, ucuz demaqogiyadır. Keçmiş həmişə önəmlidir, amma müasir inkişaf da mühümdür. A.M.Şərifzadənin bir zamanlar yaşadığı ev, bəli, daha olmayacaq, amma yerində onun təmsil etdiyi sənətin ən böyük amalı olan ictimai inkişaf nümunələri yaranacaq - rahat yollar, geniş parklar, yaşıl ağaclar, sağlam mühit və bütün bunlardan faydalanan sivil insan”.
Akademik Nizami Cəfərov da söyləyib ki, "Sovetski”də böyük anlamda tarixi bina yoxdur: "Bakıda tarixi olan yer İçəri şəhərdir, Şirvanşahlar sarayıdır. "Sovetski” çox bərbad vəziyyətdə idi. Bunu hamımız bilirik. Bu səbəbdən orada böyük mənada tarixi bina söhbəti etmək mümkün deyil. "Sovetski”də görülən işlər çox qiymətlidir. Ora həqiqətən də təmizlənməlidir. Gözəl binalar tikilməlidir. Şəhərin ən görməli yeridir. Mərkəzdir. Bu qədər inkişaf edən bir şəhərdə ora nəyə oxşayır, bilinmir. "Sovetski”də biabırçı vəziyyət yaranıb. İlk olaraq görülən işi qiymətləndirmək lazımdır. Bu, çox yaxşı təşəbbüsdür. Ora təmizlənsin, orda gözəl binalar tikilsin, park salınsın. Oranın ərazisi də çoxdur. Həm də hündürdə yerləşir. Oradan baxanda şəhər görünür. "Sovetski” Bakıya yaraşmır. Bu, məlum məsələdir. Onu da deyim ki, orada XX əsrin əvvəllərinə bağlı nəysə ola bilər. O da qoruma imkanı varsa, qorunmalıdır. Lakin əsas prinsip abadlaşma olmalıdır. Əlbəttə, tarixi maraqlı olan hər şey qorunur. Harada, bir xaraba varsa, onu saxlamaq mümkün deyil axı. Bu məsələdə bir az ürək genişliyi lazımdır”.
N.Cəfərov onu da əlavə edib ki, hansısa bina xüsusi bir tarixi əks etdirirsə, onun üzərində estetik bir şey etmək olar: "Amma dağılmış bir şeyi saxlamaq olmaz. Bəzi insanlarımızda qəribə xarakter var. Görürsən ki, biri gedib xarabada yaşayır. Deyirsən ki, bunu sök, yeni bir ev tik. Özünə yaşayış üçün gözəl şərait qur. Cavab verir ki, bu xarabanı sökə bilmərəm. Bu, babamın yurdudur. Baban bunu tikib, sən də yaşayıb, dağıtmısan. İndi sən də tikməlisən. İşə bu mənada yanaşmaq lazımdır”.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov da bildirib ki, ötən günlərdə həmin ərazilərdəki binalarla bağlı Nazirlər Kabineti (NK) qərar verib: "Görünür, o bina da qərarda adları yer alan binalar sırasındadır və ona görə də sökülür. Buna Mədəniyyət və Turizm Nazirliyi nə edə bilər? Nazirlər Kabinetinin qərarı var. Bu bizim səlahiyyətimizdə olan iş deyil. Çünki artıq yuxarı instansiya bu barədə qərar qəbul edib”.
Ayyət Əhməd