Spiker jurnalistləri diqqətli olmağa çağırdı

“Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Amma öz səsini eşitdirmək üçün sanksiya təklifini dəstəkləmədi”



"Niyə bizə məsləhət edirlər ki, sanksiya olmaz, dialoq yolu ilə münaqişəni həll edin, bəs niyə onlara da dialoq təklif etmirlər?”. Bu sözləri Milli Məclisin sədri Oqtay Əsədov beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartlarından danışarkən deyib. Spiker qeyd edib ki, deputatlar bu qurumlarla işləyərkən ehtiyatlı olmalıdır: 

"Hamınız təcrübəli millət vəkillərisiniz. Biz hələ də beynəlxalq təşkilatların əksəriyyətinə inanırıq. İndiyə kimi görmüşük ki, onlar yalnız öz dirijorlarının göstərişi ilə işləyirlər. Bunu görmüşük, şikayət etməkdən də yorulmuşuq”. O.Əsədov AŞ PA-da Azərbaycan nümayəndə heyətinin Rusiyaya qarşı sanksiyalara dəstək verməməsinə də aydınlıq gətirib: "Mətbuat yazır ki, Azərbaycan işğalçı dövləti dəstəklədi. Bəs, niyə sanksiyalar Ermənistana qarşı olmur? Bu addımla Azərbaycan nümayəndə heyəti bir daha öz fikrini açıqladı ki, sanksiya hər kəsə qarşı qəbul edilməlidir. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Amma öz səsini eşitdirmək üçün sanksiya təklifini dəstəkləmədi. Niyə bizə məsləhət edirlər ki, sanksiya olmaz, dialoq yolu ilə münaqişəni həll edin. Bəs niyə onlara da dialoq təklif etmirlər? Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tam dəstəkləyir, amma ikili standartlara qarşıdır. Belə olanda isə bizə təsir edir. İstəyirik, səsimiz eşidilsin. Mən jurnalistlərdən xahiş edirəm ki, yazanda bir qədər diqqətli olsunlar, dövlətin maraqlarını nəzərə alsınlar. Bu kimi məsələlər jurnalistlərin diqqətindən kənarda qalmamalıdır. "Azərbaycan işğalçını dəstəklədi, sanksiyaya qarşı çıxdı” deməklə deyil. Hər şeyi diqqətlə müşahidə etsələr, onlar üçün də atılan addımların mahiyyəti anlaşılar”.

Anar