" “Star”dan həm Azərbaycan qazanacaq, həm də Türkiyə" - Deputat





Prezident İlham Əliyevin "Star” neft emalı zavodunun açılış mərasimində qeyd etdiyi kimi, dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci bir dost, qardaş ölkə yoxdur. Baxın, əvvəllər Rusiya və Ukrayna bir-biri ilə yaxın idi, amma indi onların vəziyyətini görürsünüz. Rusiya və Belarus ittifaq ölkələrdir, buna rəğmən onların da arasında zidiyyətlər var. Bundan başqa ABŞ və Kanada da ittifaq ölkələrdir, amma onların da arasında ticari baxımdan gərginliklər var. Bütün bunlar deməyə əsas verir ki, dünyada Türkiyə və Azərbaycan arasındakı dostluğa, qardaşlığa bərabər ikinci bir nümunə yoxdur”.

Bu sözləri "Sherg.az”a millət vəkili, politoloq Rasim Musabəyov bildirib. Onun sözlərinə görə, "Star” neft emalı zavodu Azərbaycan və Türkiyə üçün böyük çox böyük iqtisadi, siyasi və mədəni əhəmiyyətə malikdir:

"Təsəvvür edin ki, bu layihənin əsas investorlarından biri Azərbaycandır və ölkəmiz bu layihəyə 6,3 milyard investisya yatırıb. Bu investisiyanın yatırılmasından həm Azərbaycan qazanacaq, həm də Türkiyə. Bundan başqa bu layihə hər iki ölkənin iqtisadi əlaqələri ilə yanaşı siyasi, hərbi və mədəni əlaqələrini də möhkəmləndirəcək. 

Onu da əlavə edim ki, bu, Azərbaycanın Türkiyə və eyni zamanda digər ölkələrdə investisiya yatırdığı və yatıracağı yeganə layihə deyil. Azərbaycan belə rentabelli layihələrə investisiya qoyuluşunu davam etdirəcək ”.

Ayyət Əhməd