Status-kvo uzun müddət davam edəcək

“Qərb dünyası Türkiyə ilə körpüləri tamamilə yandırmaq fikrində deyil”




"Türkiyə üçün Avropa İttifaqı xəyalı sona çatıb”. Bu sözləri Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han deyib. Han Türkiyənin Avropa perspektivindən uzaqlaşdığını bildirib: 

"Türkiyə Avropa perspektivindən uzaqlaşmaq istiqamətində hərəkət etməyə başlayıb. Buna baxmayaraq, Aİ ticarət və təhlükəsizlik mövzularında Türkiyə ilə hələ də əməkdaşlıq etməkdə maraqlıdır”. Xatırladaq ki, son günlər Avropa qurumları ilə Türkiyə arasında gərginlik artmaqdadır. AŞ PA-nın məlum qərarından sonra tərəflər arasında ziddiyyət daha da şiddətlənib. Qərb ölkələri Türkiyəni qitədən uzaq tutacaqları ilə, rəsmi Ankara isə Avropanı Rusiya ilə yaxınlıq etməklə, Uzaq Şərqə yönəlməklə hədələyir. 

Ancaq verilən açıqlamalardan görünür ki, Avropa İttifaqı Türkiyəni quruma yaxınlaşdırmasa da, tamamilə uzaqlaşmasına da icazə vermir. 

Bu barədə "Şərq”ə fikirlərini bölüşən politoloq Azər Rəşidoğlu deyib ki, Türkiyənin Avropa İttifaqına girə bilməyəcəyi əvvəlcədən bəlli idi. Ekspertin sözlərinə görə, Avropa Birliyi çoxdan xristian klubuna çevrilib: 

"Bu məsələ Türkiyə üçün son dərəcə mühümdür. Eyni zamanda Türkiyənin Avropa Birliyinə daxil olması da qitə üçün zəruri və faydalıdır. Türkiyə bölgədə ABŞ-ın və Qərbin ən yaxın müttəfiqidir, NATO-nun üzvüdür. Bu baxımdan Türkiyəni birdəfəlik itirmək Qərbin maraqlarına cavab vermir. Həmçinin, regionda Rusiya və İran amilini də nəzərə alan Qərb dünyası Türkiyə ilə körpüləri tamamilə yandırmaq fikrində deyil”. Ekspertin fikrincə, güclü və müstəqil siyasət yeridən Türkiyə də Avropanın ürəyincə deyil: "Türkiyəyə qarşı "kötək və kökə” siyasətini yeridirlər. Ehtimal edirəm ki, Türkiyənin Avropa Birliyinə üzvlük məsələsi real deyil. Lakin Türkiyənin tamamilə Avropa ailəsindən çıxarılması məsləhətli görülmür. Ona görə də indiki status-kvo hələ uzun müddət davam edəcək”.

İsmayıl