Uşaqlarda qan xərçənginin yaranması bəzən valideynlərin diqqətindən kənarda qalır
Son zamanlar xərçəng xəstəliyinə yoluxanların sayı artıb. Xüsusilə uşaqlarda "leykoz” adlanan qan xərçəngi xəstəliyi daha çox müşahidə olunur. Bu bəla xalq arasında "ağ qan qırmızı qanı yeyir” ifadəsi ilə məşhurdur.
Hər zaman ciddi araşdırmalar aparılsa da, sözügedən xəstəliyin konkret olaraq nədən qaynaqlandığını bilmək mümkünsüzdür. Bir sözlə, tibb elmi bu xəstəliyin yanında hələ ki acizdir.
Bəs xəstəliyin ilkin göstəriciləri nədən ibarətdir? Azyaşlı uşaqların daha çox leykozdan əziyyət çəkməsinə səbəb nə ola bilər?
Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə əlaqədar fikirlərini "Şərq”lə bölüşüb. Professorun sözlərinə görə, leykoz xəstəliyi ilə əlaqədar müəyyən bir dövr var. Təəssüflər olsun ki, bəzən həkimlər onu müəyyən edə bilmirlər:
"Məsələn, uşağın ayağında uzun müddət səbəbsiz ağrılar, qızdırmalar və ayaq ağrıları, halsızlıq olur. Bütün bu hallarda uşaqlar mütləq ciddi şəkildə yoxlanmalı, qan təhlili aparılmalıdır. Qanda blast hüceyrələrinin olub-olmaması araşdırılmalıdır. Hansısa bir şübhə olduqda daha dərinə gedərək sümük iliyinin müayinəsi və digər müayinələr həyata keçirilir. Bu, elə bir vəziyyətdir ki, təəssüflər olsun bəzən normal yoxlamalar olmur və kifayət qədər gecikmələr baş verir. Bu vaxt kömək göstərmək mümkünsüzdür. Ona görə də hesab edirəm ki, vaxtında və dəqiq yoxlamaların aparılması çox vacibdir”.
- Bəs xəstəlik ilk olaraq özünü necə büruzə verir?
- Leykoz dediyimiz qan xərçəngi xəstəliyində qanda leyesemiya baş verir. Həmçinin qanda trombositlərin çoxalması, eritrositlərin dəyişməsi baş verə bilər. Əslində qan xərçəngi çoxsaylı xroniki kəskin leykozda özünü göstərir. Ümumiyyətlə, çoxsaylı qan xəstəlikləri var. Qızdırma, halsızlıq və ayaqda ağrıların olması uşaqlarda leykozun ilk və mühüm əlamətləridir. Bu zaman uşaqlar dəqiq şəkildə yoxlanılmalıdır”.
- Stress və həyəcan xəstəliyin kəskinləşməsinə səbəb ola bilərmi?
- Bəli, qorxu, həyəcan, bütün bunların hamısı sümük iliyində formalaşır və sümük iliyində xəstəliyin kötük hüceyrələri yaranır və bu proses baş verir. Kötük hüceyrələrində isə daim fərqlənmiş, dəyişilmiş hüceyrələr ifraz olunur. Amma xəstəliyin başlanğıc məqamı nə ilə bağlıdır, o hələ də müəyyən olunmayıb. Xəstəliyin radiasiya, stress, viruslar və xroniki soyuqdəymələrlə bağlılığı ola bilər. Xəstəliklə bağlı birmənalı səbəb müəyyən olunmadığı üçün məhz genetik transformasiya sübuta yetirilməyib”.
Yeganə Bayramova