Struktur islahatları təqdir edildi:"...Əlavə maliyyə sərf etməyə lüzum yox idi"





"Azərbaycanın idarəedici orqanlarının yükü çoxdur. Əgər Azərbaycanı 10 milyon əhalisi olan digər ölkələrlə müqayisə etsək görərik ki, bizdəki strukturların sayı üç dəfə çoxdur. Bu, kifayət qədər böyük bir rəqəmdir”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib.

Analitik bildirib ki, struktur islahatları çox təqdirəlayiqdir, çünki dövlət büdcəsinə ağırlıq düşürdü. Ona görə də bu yükü azaltmaq və idarəetməni təkmilləşdirmək lazımdır: 

"İdarəetmədə optimallaşdırma və səmərələşdirmə deyilən bir qanun var. Bizdə idarə edənin və idarə olunanın nisbəti pozulmuşdu. Elə yerlər var idi ki, idarə edənlə idarə olunanların sayı bərabər idi. O baxımdan indiki islahatlar kifayət qədər uğurludur. Prezident yanında olan bir sıra qurumların, agentliklərin ləğv edilməsi bilavasitə həmin strukturların yarıtmaz fəaliyyəti ilə bağlıdır. Kimsə deyə bilməz ki, həmin qurumlar mühüm beynəlxalq tədbirlərin təşkilatçısı olublar, Azərbaycanın haqq işini dünya ictimaiyyətinin diqqətinə çatdırıblar. Fəaliyyətsiz qurumlara əlavə maliyyə sərf etməyə lüzum yox idi. Bu cür strukturlar və işçi qruplar ictimai əsaslarla fəaliyyət göstərməlidirlər”.

C.Nuriyev Müdafiə Sənayesi Nazirliyinin ləğv olunmasına da münasibət bildirib: "Azərbaycanda Müdafiə Nazirliyi var, belə halda əlavə Müdafiə Sənayesi Nazirliyinin olması müəyyən çaşqınlıq yaradırdı. Nazirlik əsasında yeni bir qurumun - "Azərsilah” ASC-nin yaradılması çox yerində qərardır. Vurğulamaq lazımdır ki, "Azərsilah” milli addır. Artıq öz adımızla, brendimizlə dünya bazarına çıxa biləcəyik. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin yaradılması da uğurlu bir ideyadır. Sahibkarlara bir mərkəzdən xidmət göstərmək mühüm addımdır. İş adamlarının ayrı-ayrı qurumlarla işləməsi onlar üçün ciddi problem yaradırdı. Bu baxımdan vahid mərkəzin yaradılması müsbət haldır”.

Professor islahatların davam edəcəyinə əminlik ifadə edib: "Hələ də artıq qurumlar var. Statistika Komitəsi, Standartlaşdırma Metrologiya və Patent üzrə dövlət komitəsi nəyə lazımdır? Statistika Komitəsi İqtisadiyyat Nazirliyinə, Diaspora Komitəsi Xarici İşlər Nazirliyinə birləşdirilsə, daha yaxşı olar. Ailə, uşaq və qadın komitəsi Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliyi ilə birlikdə Səhiyyə Nazirliyinə verilə bilər. Adını da qoyarlar Sosial Müfadiə Nazirliyi. Bir neçə nazirlik birləşdirilərək Elm, Təhsil və Mədəniyyət Nazirliyi təsis edilə bilər. Çünki elm və təhsilin bir mərkəzdən idarə olunması vacibdir. Ölkədə bu qədər komitəyə nə ehtiyac var?!”.

İsmayıl