Sumqayıtda dəhşət

22 yaşlı qadın anası ilə birgə öz körpəsini öldürüb, basdırdı
Bu cinayəti törədənlərin heç biri nə qocalıqdan ağlını itirib, nə də uşaqdırlar ki, əməllərinin məsuliyyətini başa düşməsinlər


Sumqayıtda qandondurucu hadisə baş verib. Gənc qadın yeni dünyaya gətirdiyi körpəsini anası ilə birləşərək öldürüb.

Şəhərin H.Z.Tağıyev qəsəbəsində 22 yaşlı Səbinə İsmayılova oğlan uşağını anası 56 yaşlı Nigar Salmanova ilə birlikdə öldürərək həmin qəsəbədə yerləşən qəbiristanlıqda basdırıb. Körpənin meyiti basdırıldığı yerdən çıxarılıb.

Bildirilir ki, Səbinə İsmayılova qeyri-rəsmi nikahda yaşadığı şəxsdən hamilə qalıb. Daha sonra həmin şəxs onunla əlaqəni kəsib. Sevgilisindən ayrılandan sonra uşaq dünyaya gətirən Səbinə anasının təkidi ilə uşağı öldürmək qərarına gəlib. Artıq hər iki şəxs saxlanılaraq istintaqa cəlb edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.

Dünyaya gələn daha bir körpənin yaşamaq haqqı əlindən alındı. Övladını 9 ay bətnində daşıyan "ana”nın belə iyrənc və amansız addımı cəmiyyətdə də olduqca sərt qarşılanıb. Daimi olaraq televiziyalarda, KİV-lərdə yeniyetmə qızların hamilə qalması, nikahdan kənar uşaqların doğulması, arzuolunmaz hamiləliklərlə bağlı maarifləndirici işlər aparılsa da, cahil və vicdansızların sayı durmadan artır. Qeyri-rəsmi nikahdan dünyaya gələn uşaqlar ya öldürülür, ya da uşaq evlərinə tərk edilir.

Hələ də baş verənlərin təsirindən çıxa bilmədiyini deyən sosioloq Lalə Mehralı "Şərq”ə bildirib ki, insan belə hadisələri eşitdikcə, bir havanı udduğu və ünsiyyətdə olduğu şəxslərin necə qaddarlaşdığını düşündükcə insanlığından utanır: 

"Övlad dünyaya gətirən bir qadın, bir ana onu necə amansızlıqla öldürə və heç nə olmamış kimi həyatına davam edə bilər? İnsanın ağlı, vicdanı, mənəviyyatı belə hadisəni qəbul edə bilmir.

Uşaq nikahdan kənar dünyaya gəlib və böyük ehtimalla hamiləlik ətrafdan gizlədilib. Dünyaya uşaq gətirən qadın ailəli deyil və ətraf onu subay kimi tanıyır. Ana isə öz qızının hamiləliyini, dünyaya nikahsız uşaq gətirdiyini gizlətmək üçün belə bir addım atıb. Məsələ burasındadır ki, bu cinayəti törədənlərin heç biri nə qocalıqdan ağlını itirib, nə də uşaqdırlar ki, əməllərinin məsuliyyətini başa düşməsinlər. Birinin 22, digərinin isə 56 yaşı var. İnsan bir addımı atmazdan qabaq ölçüb-biçməlidir. Əgər vicdanını, mərhəmətini itirmiş bir insandırsa, bir canlını, öz qanından olan uşağı öldürməyi qarşısına məqsəd qoyubsa, təbii ki, o, mənəviyyatsız və vicdansız biridir. Amma vicdansız biri olsa belə, insanda normal dərrakə, şüur, ağıl olmalıdır. 

Fikirləşməlidir ki, "mən bir insanın həyatına son qoyuram və bu, ömürlük gizli qala bilməz”. Onsuz da heç bir cinayət sonsuza qədər cəzasız qalmır.

Ölkəmizdə nə qədər nikahdan kənar uşaqlar doğulur. Qanunsuz birlikdəlikdən doğulan uşaqlar hansı şəraitdə dünyaya gəlir, bunu yaxşı bilirik. Bilirik ki, xəstəxanalara getmirlər və ev şəraitində "mamaça"ların köməyi ilə dünyaya uşaq gətirirlər. Sonra da aparıb hər hansı bir internata atırlar. Bu məsələ ilə bağlı mətbuatda kifayət qədər maarifləndirmə işləri aparırıq. İnsana təsir edən odur ki, qadın təşkilatlarının, hüquq müdafiəçilərinin, sosial işçilərin əməyi boşa gedir. Qadınlar arasında "nikahdan kənar birlikdəlikdən, hamiləlikdən çəkinin” deyə təbliğatlar aparırıq. Həmişə çalışırıq ki, gənc qızlarımız arasında maarifləndirici işlər aparaq ki, arzuolunmaz hamiləlikdən qorunsunlar. Yəni, bütün kampaniyalar, bu qədər əziyyətlər demək ki, boşuna gedir. Məktəblilərin abortu ilə bağlı statistikanın faciəvi həddə olduğunu çox gözəl bilirik. Aborta gedə bilməyən qadınlar və yeniyetmələr var ki, çarəni doğub ya öldürməkdə, ya da uşaq evinə tərk etməkdə görür”.

Sosioloq bildirib ki, qəsdlə adam öldürməyə görə qanunlarımız kifayət qədər sərtdir. Ona görə də öz övladını qəsdlə öldürən qadınlara və ya kişilərə qarşı məhbuslar tərəfindən amansız münasibətlər olur: 

"Yəni onlar nə qədər ağır cəza almış olsalar belə, bu cür insanlara qarşı həddindən artıq sərt münasibət göstərilir. Dünyaya gətirdiyi övladını öldürən qadın və onun anası bu cür addım atmaqla öz aqibətlərini formalaşdırıblar. Həm sərt cəza alacaqlar, həm də həbsxanada məhkumlar tərəfindən onlara cəhənnəm əzabı yaşadılacaq”.

Yeganə Bayramova