
Supergüclər usanmayıb...
Bu terror İŞİD-in dəst-xəttinə oxşamır“Heç bir dövlət xüsusi xidmət orqanı da özlərinin zəif bəndi olduğunu boynuna almaq istəmir”

Xəbər verdiyimiz kimi, iyulun 14-də Fransanın milli bayramı günü gecə saatlarında Nitsa şəhərində amansız terrakt törədilib. Məlumata görə, naməlum şəxslər yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzişən insanların üzərinə sürüb. Yük maşınında olan silahlı şəxslər daha sonra insanları atəşə tutublar. Son xəbərlərə əsasən Nitsada törədilən hücum nəticəsində ölənlərin sayı 84 nəfərə çatıb. 120 nəfərin isə ağır yaralandığı bildirilir.
Həlak olanların arasında xeyli sayda xarici ölkə vətəndaşı var. Prezident Fransua Olland baş verənləri terror aktı adlandırıb. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb. Terroru Tunis əsilli Fransa vətəndaşının törətdiyi haqda məlumat yayılıb. Araşdırma zamanı yük maşınında silah-sursat aşkar olunub. Müxtəlif ölkələrin dövlət başçıları hadisəni pisləyən bəyanatlarla çıxış ediblər. Prezident F.Olland ölkədə fövqəladə vəziyyətin daha 3 ay uzadıldığını söyləyib. O, ölənlər arasında xeyli sayda uşağın olduğunu açıqlayıb.
Baş vermiş qanlı hadisənin səbəblərini şərh edən politoloq Elçin Xalidbəyli qeyd edib ki, terrorun milliyətinin və dininin olmadığı ilə bağlı deyim növbəti dəfə özünü doğrultdu. Ekspertin sözlərinə görə, Fransanı qana bulamış terror təşkilatı bir müddət əvvəl Belçikada terror törətmişdi, sonra İstanbul Hava Limanı hədəfə alındı. İndisə, Fransada günahsız insanların qanı töküldü, hətta azyaşlı uşaqlar belə, qətlə yetirildilər: "Göründüyü kimi, terror müasir dünyada mövcud olan ən ədalətsiz və qəddar savaş modelidir. Və bu modelə üstünlük verənlər heç bir halda haqlı olmurlar. Çünki terror savaşdan daha çox, bəşəri cinayət növüdür. Son illərdə terror artıq müxtəlif dövlətlərin problemi olmaqdan çıxıb. Və bu, indi bütün dünyanın əsas problemidir. Əgər bütün dünya dövlətləri bu problemin həlli üçün öz səylərini və imkanlarını birləşdirməsələr, bəşəriyyət daha ağır situsiyalarla, hətta ümumbəşəri xaosla üzləşə bilər. Ona görə də, terrorun hansı ölkədə baş verməsi əslində, elə bir ciddi önəm daşımır. Çünki terror yalnız onun törədildiyi ölkəni deyil, bütün dünyanı hədəfə alıb. Heç bir ölkə terror təhlükəsindən sığortalanmayıb. Bu dəfə Fransada baş veribsə, növbəti terror aktı digər bir ölkədə törədilə bilər. Bu baxımdan, yalnız Fransanın hədəf seçildiyini düşünmək yanlış olardı”.
Ekspertin qənaətincə, beynəlxalq terrorizm dünyanın inkişaf etmiş və əhəmiyyətli dövlətlərini hədəfə almaqla, bütün dünyada siyasi, iqtisadi və hüquqi sistemi sarsıtmağa çalışır: "Yəni özləri üçün daha rahat fəaliyyət ortamı yarada biləcək bəşəri xaosun ortaya çıxmasına cəhd edirlər. Təbii ki, terrorizmin mövcudluğunda birbaşa maraqlı olan bəzi supergüclər də var. Onlar terrorizmi həm maliyyələşdirirlər, həm də terrorizm üzərindən milyardlarla dollar para qazanırlar. Hazırda terrorizm həmin supergüclərin nəzarəti və himayəsi altındadır. Ancaq unudurlar ki, terrorizm həmişə nəzarətdə saxlana biləcək problem deyil. Nəzarətdən çıxacağı təqdirdə, terrorizm bumeranq effekti ilə öz himayəçilərini də hədəfə çevirə bilər. Ona görə də, dünyada artıq sağlam düşüncənin və sağlam məntiqin önə çıxmasının vaxtı çatıb. Daha sakit və firavan dünya üçün bütün dövlətlərin terrorizmə qarşı vahid mübarizə mexanizmlərinin yaranması qaçılmaz xarakter almağa başlayıb”.
Analitik Arzu Nağıyev diqqətə çatdırıb ki, Bastiliya qalasının alınması günü Fransada terror aktının törədilməsi hakimiyyətin zəifliyinin göstəricisidir: "Hamıya məlumdur ki, Fransua Olland çox zəif prezidentdir. Bu zəiflik özünü Nikola Sarkozinin vaxtında da büruzə verirdi. Amma nə Jak Şirak, nə də Fransua Mitteranın vaxtında belə hallar yox idi. Düzdür, o vaxt ortalıqda belə terror təşkilatları da yox idi. Amma bununla belə hakimiyyətin zəifliyi terrorçuların əl-ayaq açmasına şərait yaradıb. Digər səbəb isə xüsusi xidmət orqanlarının öz işini düzgün qura bilməməsidir. Mənim fikrimcə, Nitsada törədilən terror aktı ilk növbədə Fransa xüsusi xidmət orqanlarının buraxdığı səhvlərin nəticəsidir”.
Ekspert Fransa xüsusi xidmət orqanlarının işinin bərbad olduğunu deyib: "Nitsada terror aktını törədən şəxsin vaxtilə Tunisdən gəlmiş Fransa vətəndaşı olduğu deyilir. Adətən xüsusi xidmət orqanlarının işində əsas istiqamət ya hansısa xətt, ya da ərazi üzrə olur. Əgər xüsusi xidmət orqanları bu xəttə lazımi adamları deyil, özünün 7-ci nəsildən olan aristokratlarını götürürsə, deməli, müvafiq əməliyyat şəraitinə nəzarət edə bilmir. Əgər həqiqətən də xüsusi xidmət orqanları arasında Tunis icmasından və digər icmalardan olan vətəndaşlar və ya xüsusi məlumat verənlər olsaydı, yəqin ki, belə bir hadisə baş verməzdi. Bundan başqa, artıq terrorizmin forma və metodları dəyişir. Terror təkcə partlayışlarla deyil, digər üsullarla, yollarla da həyata keçirilir. Yəni iş yalnız təkcə partlayıcı qurğular axtarmaqla bitmir”.
A.Nağıyevin fikrincə, hadisənin "İŞİD” (terror təşkilatı) tərəfindən törədilməsi fikri də kifayət qədər şübhəlidir: "İŞİD” indi sanki bir nağıl qəhrəmanına çevrilib. Kim terror aktı törədirsə, bunu "İŞİD”in boynuna yıxmaqla özünü təmizə çıxarmağa çalışır. Heç bir dövlət xüsusi xidmət orqanı da özlərinin zəif bəndi olduğunu boynuna almaq istəmir. Halbuki bu yaxınlarda Fransa parlamentində xüsusi xidmət orqanlarının işinin zəifliyi barədə bir neçə dəfə bəyanatlar səslənib. Terror təşkilatlarının hər birinin məqsədi yenə də mövcud hakimiyyətin zəifliyini göstərmək, özləri haqqında geniş məlumat verərək gündəmdə qalmaq və bu istiqamətdə müxtəlif işlər görməkdir. Ola bilər ki, bu aktı "İŞİD” öz üzərinə götürsün və "biz də varıq” desin. Amma dəst-xətt onlarınkına oxşamır. Çünki "İŞİD”in özü də artıq parçalanıb. Ondan başqa da terror təşkilatları, qruplar var ki, üzdə olmaq üçün və ya maliyyə dəstəyi almaq üçün "İŞİD”ə biət ediblər. Ona görə də bunun yalnız "İŞİD”in əl işi olduğunu hələ sübuta yetirmək lazımdır”.
Ayyət Əhməd