Sürücülərə görk olacaq

Qəza təhlükəsi yaradan marşrut xəttlərinin ləğv olunması mübarizə üsullarından biridir




Son zamanlar 63 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarla bağlı xeyli sayda qayda pozuntuları aşkarlanıb. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, cari ilin fevral ayının 28-də 63 saylı marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusu 2 piyadanı vurub və nəticədə 1 piyada vəfat edib.

Qeyd edilən marşrutda fəaliyyət göstərən avtobusların istismara yararsız və qəzalı vəziyyətdə olması, dəfələrlə qayda pozuntularına yol verməsi, o cümlədən mövcud marşrut xəttini dəyişməsi halları sərnişindaşıma xidmətinə mənfi təsir göstərdiyi üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən 63 saylı marşrut xəttinin fəaliyyəti 01 aprel 2016-cı il tarixindən etibarən dayandırılacaq.

Yol hərəkəti qaydalarını pozan, sərnişinlərin həyatı üçün təhlükə yaradan, çoxsaylı şikayətlərə səbəb olan marşrut xəttlərinin ləğv olunması kimi mübarizə üsulunun qanunvericilikdə öz əksini tapdığını vurğulayan hüquqşünas-ekspert Ərşad Hüseynov deyib ki, Nazirlər Kabinetinin qərarına görə, qayda pozuntularına yol verən, qəza törədərək insanların həyatına təhlükə törədən marşrut xəttləri ləğv oluna bilər. Bunun ən böyük səmərəsi ondan ibarətdir ki, digər sürücülər üçün görk ola bilər”. Müvafiq qərarın necə qəbul edildiyini dəqiq bilmədiyini vurğulayan Ə.Hüseynovun sözlərinə görə, qərar iki variantda qəbul oluna bilərdi: "Əvvəla, həmin marşrut xəttini ləğv etmək əvəzinə, başqa bir sahibkara da vermək olardı. Ən səmərəlisi bu olardı. Yaxud da, sahibkarla yanaşı, marşrutun sxemini saxlayıb, nömrəsini də dəyişmək olardı. Amma mətbuata verilən məlumatda qərarın hansı formada qəbul edildiyi aydın olmur”.

Şəymən