Sürüşmə 10 ildir başlayıb

Bayıl yamacı bütövlükdə çökə bilər
"İnsanlar oradan mütləq köçürülməlidir. Üstəlik, sürüşmələr davam etsə, sahildə tikilən hündür binaların hamısı çökəcək"


Ekspertlər Bayıl yaylası ilə bağlı həyəcan təbili çalır. Onların fikrincə, təcili müvafiq mühafizə tədbirləri görülməsə, Bayıl yaylası çökə bilər. Çünki oranın torpağı, xərəklə daşınaraq doldurulub.

Şəhərsalma məsələləri üzrə ekspert Cahangir Qocayevin sözlərinə görə, keçmiş "Bayıl bazarı”nın qarşısında inşa edilən hündür binalar sökülməli, ərazidə təcili yol bağlanmalıdır: "Ümumiyyətlə, Bayıl yaylası, Batamdar ərazisi tarixdən də məlumdur ki, sürüşməyə meyillidir. Bayılın adı da həmin dövrdə "torpağın bayılması” sözündən yaranıb. Batamdara bu ad ərazidə sürüşmə baş verdiyi üçün qoyulub. "Batıram dart” sözünün birləşməsindən əmələ gələrək Batamdar adlanıb. Tarixdə Səbail rayonu 3 dəfə uçaraq dağılıb. "Sə bayıl”- üç dəfə bayılan sözündən əmələ gəlib. Bu gün də Bayıl yaylasını eyni təhlükə gözləyir. Tədbirlər görülməzsə, Bayıl yaylası çökəcək”.

Müstəqil Memarlar Assosiasiyasının rəhbəri Zemfira Budaqova isə hesab edir ki, son illər Bayılda tikilən çoxmərtəbəli binalar ərazidəki problemləri daha da artırıb: 

"Təxmini 10 ildir Bayıl istiqamətində sürüşmə başlayıb. Həmin vaxtı guya sürüşmənin qarşısını almaq üçün müxtəlif vasitələrlə torpağı birləşdirdilər. Halbuki, sürüşmənin səbəbi yerin altındakı gil süxurlarına su hopmasıdır. Ümumiyyətlə, Yer kürəsində su səviyyəsi qalxdığına görə, tərkibində gil təbəqəsi olan torpaqlarda sürüşmə yaşanır. Abşeron yarımadasında dənizə yaxın hissələr hamısı 7 metrlik gil süxurlarının üzərində dayanıb. İnsanlar oradan mütləq köçürülməlidir. Üstəlik, sürüşmələr davam etsə, sahildə tikilən hündür binaların hamısı çökəcək. Hesab edirəm ki, Abşeron yarımadasının dənizə yaxın hissələrində təhlükə çoxdur”.

Z.Budaqovanın sözlərinə görə, keçmişdə insanlar hansı tərəfdə yaşayış olar, harada olmazı bilirdilər: 

"Bayılda XX əsrin əvvəllərində sürgünə göndərilmiş, evsiz insanlar, Rusiyadan, başqa ölkələrdən qaçıb Azərbaycana gələnlər, həbsxanadan qaçanlar, məcburi köçkünlər orada evlər tikib yaşayırdılar. Orada türmələr olub, müvəqqəti məhbusları saxlayırdılar. Sonralar isə Bayılda yaşayışın qarşısını almaq əvəzinə daha da iri binalar tikdilər”.

Şəymən