Şuşadan yazırdılar, yenə yazırlar...
Bu şəhər həmişə mədəniyyət və maarifçilik mərkəzi sayılıb
Bütün dövrlərdə ən gözəl sözlər Şuşa haqqında deyilib. Azərbaycanın göz bəbəyi, alınmaz qalamız, mədəniyyətimizin beşiyi, dağ çiçəyi, ərlər yurdu... Günəşə, aya, telli-duvaqlı gəlinə bənzədiblər Şuşanı. Nə deyilsə, nə söylənsə, Şuşaya yaraşır. Şuşa qəhrəmanlarıyla, ziyalılarıyla, dahi insanlarıyla nəinki Azərbaycana, bəşəriyyətə yetir.
Şuşamızın erməni separatçıları tərəfindən işğalının 25-ci ildönümündə Qarabağ mahalının bu qala şəhərində təşəkkül tapmış mətbuat nümunələrimizi xatırlamaq istədik. Maraqlı məqalələr, dəyərli məlumatlar qarşımıza çıxdı.
"Şuşa” qəzeti
Köçkün insanlarımızla birlikdə yurd-yuvasından didərgin düşmüş maddi sərvətlərimiz kimi "Şuşa” qəzeti də hazırda fəaliyyətini paytaxtda davam etdirir. Qəzetin maraqlı tarixçəsi var. "Şuşa” qəzeti fəaliyyətinə 1932-ci ildə başlayıb. Həmin dövrdə qəzet Azərbaycan KP Şuşa Rayon XDS İcraiyyə Komitəsinin orqanı kimi nəşr olunub, 1969-cu ildən "Şuşa” qəzeti adlandırılıb. "Şuşa” radiosu və "Şuşa” televiziyası isə Şuşanın işğalından sonra fəaliyyətlərini dayandırıblar.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva Milli Mətbuat Günü ilə bağlı keçirilmiş tədbirdə mədəniyyət və maarifçilik mərkəzi sayılan Şuşada dövri mətbuatın rolu haqda bunları demişdi:
- XIX əsrin sonlarında Şuşada mətbəələr açılmışdı, kitablar nəşr edilib əhali arasında yayılırdı. Bu işlərdə dövrün tanınmış alimi, ədibi, şairi, musiqişünası və xəttatı Mir Möhsün Nəvvab Qarabaği fəal iştirak edirdi. M.M.Nəvvab 1903-cü ildə Şuşada Yuxarı Gövhər ağa məscidinin həyətindəki birmərtəbəli binada qiraətxana-kitabxana açmış, buraya Bakıdan "Əkinçi”, Tiflisdən "Ziya”, "Ziyayi-Qafqaziyyə”, "Kəşkül”, Qafqaz”, Hindistandan "Həblül-mətin”, Bağçasaraydan "Tərcüman” qəzetlərini, İstanbuldan, Tehrandan, Moskvadan, Peterburqdan başqa qəzet və jurnalları gətirtdirmişdi. Əbdülkərim bəy Mehmandarov, Nəcəf bəy Vəzirov, Əhməd bəy Ağayev, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Fərhad Ağazadə və dövrün onlarla ziyalısı vaxtaşırı bura toplaşmışlar. 1911-1914-cü illərdə Şuşada "Şuşinski listok”, 1913-cü ildə "Şuşinskaya jizn”, 1919-cu ildə "Qarabağ” qəzetləri nəşr edilmişdir. Hazırkı "Şuşa” qəzeti 1932-1938-ci illərdə "Sosializm maldarlığı”, 1938-1963-cü illərdə "Kolxoz bayrağı”, 1963-1965-ci illərdə "Şuşa kurortu” adı ilə çıxmışdır.
Nədən yazırdı "Şuşa” qəzeti...
Sovet dövrünün əksər mətbu orqanları kimi "Şuşa” qəzeti də o illərdə "sosializm realizmi” təbliğ olunurdu. Bu barədə Səxavət Məmmədlinin maraqlı seçmələri var:
"9 May - Qələbə günüdür. Bu əlamətdar gün təkcə Böyük Vətən Müharibəsində faşist Almaniyası üzərində qələbə çalmış sovet xalqı tərəfindən deyil, eyni zamanda bütün sülhsevər xalqlar tərəfindən təntənə ilə qeyd edilir. 39 il əvvəl sovet qoşunları faşist Almaniyasını diz çökdürmüş, Reyxstaqa qələbə bayrağı sancmışdır”.
"Unudulmaz tarixi gün” adlı bu məqalə 8 may 1984-cü il tarixdə "Şuşa” qəzetində çap olunub.
"Şuşa” qəzeti, 2 avqust, 1984-cü il, N 93
Cabir Novruz (Xalq şairi) yazır: "Azərbaycanımızın coğrafi və mənəvi mənada ən uca nöqtələrindən birindəyik. Babalarımızın dili ilə desək, qəhrəman Şuşa qalasında. Tarix və mədəniyyətimizin qədim, əbədi beşiklərindən biri doğma Qarabağdayıq”.
"Şuşa” qəzeti,17 yanvar, 1989-cu il
"Şəhərimizdə açılmış yaşıl aptek dərman bitkilərinin toplanması və satışı məqsədilə atılmış uğurlu addımdır. Qəzetimizin bu nömrəsindən başlayaraq Şuşada, onun dağ yamaclarında, meşələrində olan dərman bitkilərindən bəhs edəcəyik”.
Və faciə addım-addım yaxınlaşır; 24 yanvar, 1991-ci il. Sakinlər redaksiyaya müraciət edib:
"Hörmətli redaksiya! Yenə də çox narahatıq. Erməni millətçiləri Şuşa-Ağdam magistral yolunda fitnəkarlıq törədirlər. Ona görə də təsərrüfat yüklərinin daşınması çətinləşmişdir. Maşınların əzilməsi, şüşələrin sındırılması hər gün davam edir”. Deməli, "Şuşa” qəzeti son günədək xəbərvermə vəzifəsini yerinə yetirib. Yaxınlaşan işğal barədə xəbərdarlıq edib.
Şuşa şuşalı jurnalistlərin qələmi ilə
Bu gün müxtəlif mətbuat oqranlarında xeyli şuşalı jurnalist çalışır. Onlardan bəziləri Şuşa ilə bağlı hisslərini Modern.az-la bölüşüb. Şuşa şuşalı jurnalistlərin qələmində belə anladılır:
Tanınmış publisist, "Günəş” uşaq jurnalının baş redaktoru, "Şuşa” nəşriyyatının direktoru, Vasif Quliyev:
"Şuşanı necə görmüşdümsə, indi də o cür gözümün qabağındadır. Mən öz fikrimi deyirəm - Şuşa işğal olunmayıb, Şuşa satılıb. İşğal olunmaq başqa şeydi, xəyanət başqa. Mənim nəzərimdə Şuşa işğal olunmayıb. O, xəyanətin qurbanı olub.
Hər gün, hər saat Şuşa mənim yadımdadır. Heç vaxt da yadımdan çıxmır. Bütün günü xatırlayıram, həm də mənim işim Şuşanın tarixini yazmaqdır. Hər cümləni də yazanda Şuşanın bir guşəsi göz önümə gəlir.
Axırıncı dəfə 1992-ci ilin fevral ayında orada olmuşam. O zaman şəhər miskin halda idi. Üzündən qəm-kədər yağan yetim bir uşağa bənzəyirdi. Şuşa işğal olunanda mən inanmadım. Bir sutka məni inandıra bilmədilər. Mən inana bilmədim ki, o cür əlçatmaz, strateji mövqeyi olan şəhəri ermənilər ala bilsin. Səhərisi günü hospitalda yaralıları görəndə onda inandım ki, doğrudan belədir.
Şuşa bənzərsiz bir şəhər idi. Əminəm ki, Şuşa azad olacaq...”.
"Media forum” portalının baş redaktor müavini, jurnalist-publisist Hikmət Sabiroğlunun "Qarabağ söhbətləri” kitabından seçmələr:
- Onlar unudulmazdı - Aşağı Daşaltı, Qayçı göl, Uzun göl, Müsrüf gölü, Qotur bulaq, Şor bulaq, Xəlfəli çayı, Cıdır düzü, həyətimizdəki yasəmən, armud ağacı... heç xoruzumuzun pipiyi də yaddan çıxmayıb. Amma torpaq hər şeydən öncə adamları ilə Vətəndir... ...Üstündən nə qədər ötüb, yaşımızın üstünə neçə yaş gəlib, bu illər ərzində başımız nə müsibətlər çəkib, amma məktəb xatirələri solub-solağımır, həmişə diridir....
"Şuşa yerində olsaydı...” Bilmirəm niyə həmişə bu cür deyirik: "Şuşa yerində olsaydı”. Şuşa yerindədi elə. Biz orda deyilik. Şuşa bizi qoyub heç hara getməyib. Biz onu qoyub getmişik. Şuşa heç qayıdan da deyil. Biz ora qayıda bilərik...
...Mən çox inanırdım ki, Şuşanı ala bilməzlər. Fikirləşirdim, Bakı qoymaz Şuşa getsin, çünki Şuşanın əldən getməsi Azərbaycanın sonu demək idi. Fikirləşirdim ki, dünya qoymaz Şuşa getsin, çünki onda müharibə Dağlıq Qarabağın sərhədlərini aşırdı. Demə, bundan betər şeylər də mümkünmüş. Həm Bakı adına, həm dünya adına...
... Evdən ancaq bir-iki xalça-palaz, bir də bacımın yüngülvari cer-cehizini çıxarmağa razı oldum. Son gün - martın 12-də maşın qapıda gözləyəndə divar şkafımızı bir də açıb baxdım. Kitablar. Dədəmin kitabları, öz kitablarım. Hansını götürəsən, hansı qalsın? Dəymədim.
Şkafın bir küncündə şəkil albomları qalaqlanmışdı, babamın şəkilləri, dədəmin şəkilləri, öz şəkillərim. Hansını götürəsən, hansı qalsın? Orta məktəb "vinetkam” lap üstə idi. 1983-cü ildən bəri mən bəlkə min dəfə o vinetkamı açıb baxmışdım, o vinetka mən əsgərlikdə olanda yuxuma da girmişdi. Bir də açıb baxdım...
... Qaytarıb yerinə qoydum. Şkafı örtdüm. Mən həmişəlik getmirdim. Ən azı vinetkaya görə qayıtmalıydım...
... Biz Şuşadan çıxandan iki gün sonra xəbər gəldi ki, evimizə mərmi düşüb. Hər şey yanıb. Vinetka da....
... Qarabağın beş kəndinin adını bilməyənlər oturub-durub "Lazım gəlsə, Qarabağı qaytararıq” deyirlər. Lazım nə vaxt gələcək, yollar nə vaxt açılacaq, yola düşməyə kimlər qalacaq?..
...Uzun bir yoldu Qarabağ söhbəti...”
AzəriPress Agentliyinin (APA) baş direktoru Nurşən Quliyev: "Şuşa ilə bağlı xatirələrim ən acı xatirələrdir. Ancaq ümumən Şuşa haqqında xatirələr həm də ən əziz xatirələrimdir. Demək olar ki, Şuşanı, o gördüyüm, olduğum, gəzdiyim yerləri tez-tez xatırlayıram, yada salıram. Heç yadımdan çıxarmıram.
Təkcə xatirələrlə iş bitmir. Nə qədər o günlərin həsrətini çəksək də, o günlərə doğru irəliləmək də lazımdır. Biz ümid edirik ki, bu irəliləyiş də olacaq və bizim o xatirələr gec-tez gerçəkliyə çevriləcək.
Şuşanın işğalı böyük itkilərdən biri oldu. Strateji əhəmiyyətli bir yer idi Şuşa. Dağlıq Qarabağ probleminin həlli məsələsində elə daha çox mübahisələr Şuşanın üzərindədir. Bu da bir daha Şuşanın strateji məkan olduğunun göstəricisidir”.
Jurnalist Bəxtiyar Məmmədli:
"Şuşanı axırıncı dəfə 1992-ci il fevral ayının 27-də səhər tezdən gördüyümdü. O vaxt mənim 11 yaşım vardı. Uşaqlıq dövründə Şuşanı bir o qədər xatırlamırdım. Lakin yaşa dolduqca gəzdiyim yerlər bir-bir xəyalımdan keçir, özü də bir kino lenti kimi. Ən çox isə yadımda qalan Daşaltı, Soyuqbulaq, İsabulağı, Cıdır düzü, Bazarbaşı meydanı və demək olar ki, şəhərdə olduğum digər yerlərdir. Mən sonradan qohumlarımdan eşidirdim ki, Şuşada bunlardan əlavə daha gözəl yerlər də olub. Lakin o yerləri gəzib, görmək mənə qismət olmadı...
...Şuşanın işğal günü - 8 may 1992-ci il tarixi mənim həyatımda daha dərin izlər qoydu. Həmin gün atam Məmmədov Fehruz Heydər oğlu ermənilər tərəfindən əsir götürülüb və ondan bugünə qədər də heç bir xəbər yoxdu. Bu tarix hər il təkrar olunur və ailəlikcə acılarımızı dönə-dönə təzələyir. Həmin gün şuşalıların böyük əksəriyyəti Şuşa qalasını itirdilərsə, digər qismi həm Şuşanı, həm də yaxınlarını itirdi. Hərdən yerli medianı izləyəndə görürəm ki, bəzi həmkarlarım Şuşanın döyüşsüz təslim olduğunu yazırlar. Bu, yanlış fikirdir, Qala camaatı son ana qədər ermənilərlə vuruşub. Mayın 8-də şəhəri tərk edən anam və bacım Şuşaya ermənilər tərəfindən mərmi yağışı yağdırıldığını deyirlər”.
"Yeni Müsavat” qəzetinin redaktoru Nazim Sabiroğlu:
"8 rəqəmi məni təqib edən rəqəmlərdən biridir. Ayın 8-də anadan olmuşam. Mayın 8-i olmasa da. Uzun müddətdi Bakıya gələndən 8-ci mikrorayonda yaşayıram. İşə uzun müddət 88 nömrəli avtobusla gedib-gəlmişəm. İndi də 8-ci kilometrdə işləyirəm və Şuşa da 8 mayda işğal olunub. Yəni 8 rəqəminin belə bir fəlsəfəsi var.
Bunların içərisində ən ağrılısı təbii ki, Şuşanın işğalı ilə bağlı olan tarixdir. Şuşa elə bir şəhərdi ki, onun haqqında danışmaq çətindir. Şuşa mənim üçün itirilmiş deyil. Əslində qazanılmış bir yerdir.
Azərbaycanın işğal olmayan rayonlarının adamları öz yerləri haqqında o qədər də fikirləşmirlər ki, yəni biz-işğal altında olan rayonların camaatı kimi. Özümüz üçün belə bir mif yaratmışıq, yəni o şəhər, bizim üçün işğaldan sonra bir şəhər var.
Şuşa işğala qədər bir şəhər kimi mənim üçün başqa cürə idi. Ancaq işğaldan sonra bu şəhər artıq mənim üçün başqa bir yerdir.
Şuşa işğal olunandan bəri yuxuma bircə dəfə girib. Yəqin ki, o zamanda yaramız çox təzə idi. Mənim yadımdadır ki, bir xeyli müddət özümə gələ bilmədim. Təəssüf ki, indi Şuşanı yuxuda görmürük. Şuşanın o xarabalıqlarını internet saytlarında, xarici jurnalistlərin çəkdiyi şəkillərdə görürük.
Mən arada o şəkillərə baxıram və inanın, elə yerlər var ki, mən orda necə yıxıldığımı da yadıma salıram, məsələn, bu küçədə mən necə yıxılmışam və yaxud bu küçədə hansı qızı sevmişəm. Bunlar hamısı mənim yadımdadır. Azərbaycanın çox rayonları işğal olunub, amma Şuşa bu işğal rayonlarının bir simvolu kimi yaddadır. Məsələn, 8 mayda Şuşanın işğalı televiziyalarda, qəzetlərdə bu və ya digər rayonlardan daha çox anılır. Ancaq bu, digər rayonların yaddan çıxması deyil. O, işğal rayonlarının Şuşanın simasında simvollaşdırılmasıdır ki, bu torpaqlar heç vaxt yaddan çıxmasın...”.
Hazırladı: Məlahət Rzayeva
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb