"Şuşanın işğalı heç kimin ağlına gəlməzdi, ora böyük bir qala idi" - Sabiq millət vəkili

"Şuşa da daxil olmaqla işğal olunan torpaqlarımızın hamısı eyni ssenari ilə zəbt edildi”.
Bu barədə "Sherg.az”a sabiq millət vəkili Əlövsət Ağalarov bildirib. 
O qeyd edib ki, Dağlıq Qarabağ və ətraf rayonların işğalına görə, daxili qüvvələri, 90-cı illərdə vəzifədə olan şəxsləri günahlandırmaq düşmənin əlinə fürsət verməkdir:
"Başa düşürəm ki, torpaqlarımızın işğal olunması ilə bağlı içərimizdə günahkarlar çoxdur. Bu şəxsləri təbii olaraq, cəzalandırmaq lazımdır. Amma hər addımda, açıqlamalarda, müsahibələrdə "Şuşanı şuşalılar təslim etdi”, "Kəlbəcəri öz sakinləri”, "Laçını laçınlılar ermənilərə verdi” kimi bəyanatlar səsləndirmək düşmənə xidmət etməkdən başqa bir şey deyil. İnformasiya müharibəsində düşmənin dəyirmanına su tökməməliyik.
Şuşanın işğalı heç kimin ağlına gəlməzdi, Şuşa böyük bir qala idi. Aydındır ki, bu hadisələr zamanı səriştəsizlik, hərbi texnika, şəxsi heyət yetərsizliyi olub. Belə problemlər bütün torpaqlarımızın işğalında yaşanmışdı. Həmin dövrdə müdafiə naziri olan Rəhim Qazıyevin hərbi təhsili belə yoxdu, səriştəsiz kadr idi. 
Hərbi sahədəki şəxslərin çoxu Rusiyaya xidmət edən şəxslər idi, hətta içərisində agentlər də tapmaq olardı. Bütün bunlara baxmayaraq, bütün informasiya gücümüzü işğal faktının ermənilər tərəfindən həyata keçirildiyini dünyaya çatdırmağa səfərbər etməliyik".
Qeyd edək ki, bu gün Şuşa şəhərinin işğal olunmasının 26 ili tamam olur. 8 may 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən, 289 kvadrat kilometr ərazisi olan Şuşada həmin dövrdə 25 min nəfərədək əhali yaşayıb. Şuşanın işğalı zamanı yerli əhalinin 193 nəfəri şəhid, 102 nəfəri əlil, qalanlar da didərgin olub.
Aysel Aslan