Susma, danış - 2 yaşlı şəhid verdik, Kremlin yenə tükü tərpənmədi

Rusiya hakimiyyətinin Azərbaycana münasibəti Zaxarovanın acıqlı və kinli müsahibələrində öz əksini tapır


Füzuli rayonunun Alxanlı kəndində erməni quldurları tərəfindən mülki şəxslərin qətlə yetirilməsi, hadisədən sonra 2 yaşlı körpənin qanlı fotolarının mediada yayılması nəinki daxili ictimaiyyətdə, bütün regionda və dünyada ciddi rezonans doğura bildi. Xüsusən, beynəlxalq mətbuat və sosial şəbəkələr fonunda qanlı olay müxtəlif yollarla dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.

Nəticədə bir çox xarici ölkənin təmsilçiləri, əcnəbi deputatlar, beynəlxalq qurumlar işğalçı Ermənistanın insanlığa sığmayan əməlini sərt dillə pislədilər. Ancaq təəssüflər olsun ki, prosesin düz mərkəzində olan, işğalçı Ermənistanı hamıdan yaxşı tanıyan şimal qonşumuz - Rusiya 2 yaşlı Zəhranın şəhid edilməsinə çox soyuq münasibət sərgilədi. Demək olar ki, Rusiya XİN rəsmisi Mariya Zaxarovanın etiraza səbəb olan yarımçıq açıqlamalarından başqa rəsmi Moskvadan səs çıxmadı.


Əslində Kremlin Azərbaycanı bilərəkdən narazı salmasının səbəbi müxtəlif cür dəyərləndirilir. Lakin "Rusiya hadisənin həssaslığını nəzərə alaraq, formal şəkildə olsa belə təcavüzkar Ermənistan irad bildirə bilməzdimi” sualı hamını düşündürür.

Moskvanın sərgilədiyi mövqe ilə bağlı "Şərq”ə danışan politoloq Vasif Əfəndiyev deyib ki, dünya ictimaiyyəti dinc sakinlərin ermənilər tərəfindən vəhşicəsinə qətl edilməsini pislədi və hadisəni vandalizm adlandırdı. Ancaq Rusiya yenə də amöb münasibət bildirdi:

"Rusiya Prezidentinin sözçüsü Zaxarovanın bu vəhşiliyə münasibəti həddindən artıq loyal və qıcıqverici oldu. Son zamanlar Zaxarova bütün çıxışlarında Azərbaycana qarşı antipatiyası olduğunu göstərir. Hesab edirəm ki, bu heç də Zaxarovanın şəxsi münasibəti deyil. Rusiya hakimiyyətinin Azərbaycana münasibəti Zaxarovanın acıqlı və kinli müsahibələrində öz əksini tapır”. Ekspertin sözlərinə görə, Ermənistan ictimaiyyətini ürəkləndirən bu sayaq çıxışlar əslində münaqişəni körükləmək məqsədi güdür: "Rusiya "aprel düyüşləri”nə görə, Azərbaycanı cəzalandırmaq üçün fürsət axtarır. Onların əsas məqsədi hərbi əməliyyatları Ermənistan ərazisinə daşımaqdır. Yalnız bu zaman Rusiya ordu birləşmələri açıq şəkildə Azərbaycan silahlı qüvvələrinə qarşı əməliyyat apara bilərlər. Azərbaycan isə hələlik aktiv hərbi əməliyyatlarını işğal olunmuş ərazilərdə aparmaq niyyətindədir. Məlumdur ki, Azərbaycan öz hərbi potensialını artırmaq üçün Rusiyadan silah alır. Bu yaxınlarda əldə olunan razılaşmaya əsasən, Azərbaycan Rusiyadan böyük həcmdə hərbi texnika və sursat alıb. Lakin bütün bunlara baxmayaraq, eyni zamanda Rusiya tərəfi Ermənistan ordusunu təmənnasız olaraq daha müasir silahlarla təmin etməyə çalışır. Bütün bunları nəzərə alan Azərbaycan tərəfi qüvvələr nisbətini nizamlamaq və üstünlük əldə etmək üçün İsrail başda olmaqla digər ölkələrdən silah almağa məcbur olur”.

Siyasi şərhçi bildirib ki, Dağlıq Qarabağ probleminin həll olunmasına mane olan tərəfin Rusiya olması heç kimə sirr deyil:

"Artıq bu barədə həm Azərbaycan, həm də Avropa Birliyi ölkələrinin yüksək kürsülərindən deyilməyə başlanılıb. Sadəcə Azərbaycan bu faktı ehtiyatla dilə gətirir. Azərbaycan dövlət başçısının Almaniyaya sonuncu səfəri zamanı keçirilən mətbuat konfransında Angela Merkelin faktı açıq və sərt bir şəkildə dilə gətirməsi bu məsələnin həlli yollarının dəyişdirilməsinə bir işarə idi. Bu gün Azərbaycan ictimaiyyətində bir fikir tam olaraq formalaşıb ki, ATƏT-in Minsk Qrupu münaqişənin həlli istiqamətində heç bir iş görə bilmir. Bu qrupun fəaliyyətinin nəticəsi status-kvonun saxlanılmasına xidmət edir. Lakin hazırda münaqişənin həlli variantlarını işləyib hazırlayan ikinci alternativ təşkilat yoxdur. Ona görə də Minsk Qrupunun buraxılmasının tərəfdarı deyiləm. Mən bu qrupun tərkibinin Almaniya, Türkiyə və Pakistan nümayəndələri hesabına genişləndirilməsini təklif edirəm. Azərbaycan xarici siyasət idarəsi bütün səylərini bu istiqamətə yönəltməlidir. "Aprel döyüşləri” ərəfəsində dünya dövlətlərindən gələn yumşaq münasibət Qarabağ uğrunda haqq savaşımıza bir dəstək olaraq qiymətləndirildi. Bunun əksinə, Rusiya birmənalı olaraq Azərbaycandan hərbi əməliyyatları dayandırmağı tələb etdi”.

İsmayıl