Vahid Əhmədov: “Müəyyən qədər gözləmək olardı”
Suyun qiymət artımına ehtiyac yox idi
Mirvari Qəhrəmanlı: “Azərsu” bahalaşma ilə əlaqədar suyun təmizlənməsi üçün istifadə olunan dərmanların xaricdən gətirilməsini bəhanə edir”
Vahid Əhmədov: “Müəyyən qədər gözləmək olardı”
Vahid Əhmədov: “Müəyyən qədər gözləmək olardı”
2016-cı il mayın 13-də Tarif Şurasının qərarı ilə suyun qiyməti bahalaşıb. Bakı, Sumqayıt, Xırdalan və Abşeronda hər kubmetrə görə qiymət 30 qəpikdən 35 qəpiyə, qalan inzibati ərazilərdə 25 qəpikdən 30 qəpiyə qaldırılıb. Tullantı sularının axıdılmasına görə isə qiymət 6 qəpikdən 15 qəpiyə yüksəldilib.
Bundan başqa, tullantı sularının axıdılması xidmətlərinin tarifləri qeyri-əhalidən ötrü hər kubmetrə görə 1 manat səviyyəsinə qaldırılıb. Bu, əvvəllər 30 qəpik idi.
Yarandığı gündən əhaliyə qənim kəsilən Tarif Şurasının bu qərarı əhali arasında ciddi narazılığa səbəb olub. Sanki qurumun missiyası gərginlik və stress yaradan qərarlar verməkdən ibarətdir. Kəskin qiymət artımı ilə bağlı Tarif Şurası və "Azərsu” əvvəlcədən heç bir açıqlama vermədiyi üçün təbii olaraq bu zərurətin haradan qaynaqlandığı da insanlarda sual doğurub. Bahalaşmanı "Şərq”ə şərh edən ekspertlər isə məsələyə fərqli aspektlərdən yanaşsa da, hər ikisi mövcud situasiyada qurumun qiymət artımına getməsinin düzgün olmadığını deyiblər.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı suyun qiymətinin bahalaşmasını Oğuz-Qəbələ su kəmərinin uğurlu layihə kimi özünü doğrultmaması ilə əlaqələndirib: "Biz Oğuz-Qəbələ su kəmərinin monitorinqini aparmışıq və öz iradımızı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə bildirmişik. Hesab edirəm ki, su kəməri çox tələsik çəkilib, ekspertizası belə aparılmayıb. Oğuz-Qəbələ su kəməri alternativ variantlar axtarılmadan çəkilib. Bəlkə də, həmin kəmər Qubadan və ya başqa bir rayondan gətirilməli idi”.
M.Qəhrəmanlının sözlərinə görə, hazırda Qəbələdə, Oğuzda, Şəkinin Qəbələyə yaxın ərazilərində bulaqların quruması prosesi gedir. Yeraltı çaylar istiqamətini dəyişib. Hətta Tuqay meşələri də quruma təhlükəsi altındadır.
Hələ də bu kəmərin keçdiyi ərazinin sahiblərinin torpaq pulu verilməyib: "Elə bu yaxınlarda iki nəfərə 70-80 min manat ödənilməsi ilə bağlı qərar çıxarılıb. Maraqlı məsələdir ki, kompensasiya üçün ayrılan vəsaitlər hara xərclənib ki, əhali hələ də şikayətçidir. Hələ bunlar son deyil. Oğuz-Qəbələ su kəmərinin törətdiyi fəsadlarla bağlı bizdə o qədər faktlar var ki! Demək olar ki, əhaliyə heç bir xeyri dəyməyən kəmərin yüzlərlə ziyanı var. Hansı ki, neft pulları hesabına çəkilən bu kəmərin çəkilişi zamanı "Azərsu” Bakı və ətraf rayonları 24 saat su ilə təmin edəcəyinə dair öhdəlik götürmüşdü. Amma ortada təminatın olmaması bir yana, su artıq bunlara baha başa gəlməyə başlayıb. Oğuzdan çəkilən su isə heç bir halda iqtisadi cəhətdən əlverişli olmayıb. Amma bu gün "Azərsu” bahalaşma ilə əlaqədar suyun təmizlənməsi üçün istifadə olunan dərmanların xaricdən gətirilməsini bəhanə edir. Yəni bilavasitə bu qiymət artımını dolların məzənnəsi ilə uzlaşdırmaq istəyirlər. Hansı ki, bu artım birbaşa qurumun özünün zamanında yol verdiyi səhvlər ucbatından baş verib. Sadəcə bir şeyi unudurlar ki, ölkədə iqtisadi böhran var və işsizliklə əlaqədar əhalinin narazılığına səbəb olan qiymət artımlarına yol verilməməsinə dair prezidentin göstərişi var. Görünür, "Azərsu” bu xəbərdarlıqdan heç bir nəticə çıxarmayıb”.
M.Qəhrəmanlının sözlərinə görə məsələ Oğuz-Qəbələ su kəməri ilə bitmir. Samur-Abşeron kanalının çəkilişi zamanı da eyni səhvlərə yol verilib. Artıq həmin kanalda ciddi fəsadlar nəzərə çarpır. Bu iki kəmərin ikisi də neft pulları hesabına çəkilib və çox təəssüf ki, milyonlar hesabına başa gələn bu layihələrin ikisi də uğursuz alınıb. Götürülən öhdəliklər isə birmənalı şəkildə yerinə yetirilməyib”.
İqtisadçı millət vəkili Vahid Əhmədov isə hesab edir ki, qurum maksimum dərəcədə bahalaşmanı saxlamalı idi: "Suyun qiymətinin bahalaşması ilə bağlı qərarı Tarif Şurası verib. Tullantı suların axıdılması ilə birlikdə qiymət 36 qəpikdən 50 qəpiyə qalxıb. Bu rəqəm isə heç də balaca rəqəm deyil. Hətta əldə etdiyim məlumatlara görə, artıq bəzi ərzaq məhsullarının qiymətində də artım müşahidə olunmağa başlayır. Güman edirəm ki, mövcud qiymət artımı davam edəcək. Çünki hər hansı sahədəki artım mütləq şəkildə digər sahələrə də öz təsirini göstərir”.
Millət vəkilinin sözlərinə görə, zərurət olmasa, təşkilat qiymət artımına getməzdi: "Əhalinin su təminatı ilə bağlı ölkədə çox böyük işlər görülür: "Xüsusən də, rayonlarda əhəmiyyətli tədbirlər həyata keçirilir və külli miqdarda vəsait sərf olunur. Amma indiki məqamda "Azərsu”nun qiymətləri artırmasını doğru hesab etmirəm. Ən azından müəyyən qədər gözləmək olardı. Üst-üstə yaşanan iki devalvasiya onsuz da əhalinin güzəranını xeyli dərəcədə çətinləşdirib. Hesab edirəm ki, İqtisadiyyat Nazirliyi öz fəaliyyətini daha da artırmalı və süni qiymət artımlarının qarşısını almalıdır”. Suyun qiyməti ilə yanaşı, digər kommunal xərclərin artıb-artmayacağına gəldikdə isə V. Əhmədov belə bir ehtimal olmadığını deyib: "İndiki halda işığın və qazın qiymətinin bahalaşmasına ehtiyac görünmür. Azərbaycanın dövlət büdcəsinin icraçısı hələlik yüksək səviyyədədir. Mərkəzi Bankın, Neft Fondunun yetəri qədər ehtiyatları olduğu üçün kommunal xərclərin artmasına ehtiyac yoxdur”.
Şəymən