"Amma mən onunla 15 ildir əlaqəni kəsmişəm"
"APA TV”-nin "Show time” verilişində əsası qoyulan Fədayə Laçın Tacir Şahmaloğlu qalmaqalı hələki səngimək bilmir. Ötən gün «Şərq»ə açıqlamasında Fədayə Tacirlə sevgi yaşadığını israrlı şəkildə dilə gətirdi. Hətta Tacirə mesaj göndərən Fədayə Laçın «Səninlə sevgi yaşamışıq. Bunu niyə danırsan? Sən deyildin mənimçün dəli olan? Səndən küsəndə gül kollarının üstündə uzanıb ağlayırdın. Sevgimizi də bilənlər bilib. İndi camaatın gözünə baxıb necə deyim ki, biz səninlə bacı-qardaş olmuşuq? Axı biz sevgili idik. Bunu necə gizlədim? Kişi sevgisini danmaz. İndi də yeri gələndə restoranda oturub xaş da yeyirik. Mən onunla yaşadığım sevgi münasibətini necə gizlədim? Onsuz da bunu hamı bilirdi» deyə sərt açıqlama verdi. Tacir Şahmaloğlu Fədayə Laçının bu kəskin mesajını cavabsız qoymadı.
O, «Şərq»ə açıqlamasında «Fədayə Taciri itirdi» deyib, xanım müğənnini yalan danışmaqda suçladı:
«Mən hələ də anlaya bilmirəm ki, bu məsələ niyə yenidən gündəmə gəlib? Kimə lazımdı? Mənim Fədayə Laçınla sevgi münasibətim olmayıb. Bu, yalandı. Fədayə deyə bilər ki, sevgili olmuşuq. Amma mən də deyirəm ki, bu, Fədayənin fikridir. Fədayə elə xəyallarda olub bəlkə. Mən ümumiyyətlə, Fədayənin varlığını yadımdan çıxartmışam. Qaldı restoranda bu gün də onunla oturub xaş yeməyə filan, bu da yalandı. Özü də böyük yalandı. Ağ yalandı. Fədayə ilə 15 ildi qurtarmışıq. Təsadüfən toylarda görürəm, vəssalam. Deyir, ona qadağa qoymuşam. Mən ona sevgili kimi qadağa qoymamışam. Bir duet ortağı kimi məsləhət verib qadağa qoymuşam ki, mənimlə duet ortağı olan xanım müğənni hərəkətlərinə, geyimlərinə diqqət yetirməlidi, hər kişi ilə öpüşüb görüşməməlidi. Vəssalam. Mən onu sevərək qadağa qoymamışam ki. Deyir ki, guya, o məndən küsəndə ağlayırdım. Gülməli səslənir. And olsun Allaha, yalandı. Bu qədər yalanın rəngi boz olur.
Qadın bu boyda yalanı necə deyə bilər? 15 ildi ayrılmışıq, heç bir ünsiyyətimiz yoxdu. Niyə mənim adımı hallandırmağa çalışır? Ayıbdı. Köhnə söz-söhbətləri niyə belə çirkinləşdirib gündəmə gətirir? Mətbuat işçiləri soruşur ki, 15 ildən sonra bu məsələ niyə gündəmə gəldi, bəlkə Fədayə hələ də sizi sevir? Ola bilər. Yenə də öz işidi. Qadındı, bəlkə hissləri ola bilər. Bunu belə qabartmaq xoş səslənmir. Ay ağlamışam, sızlamışam. Yalandı. Mənim Fədayə ilə intim münasibətim olmayıb. Hansı sevgidən danışır ki? 21-ci əsrdə sevgi var?
Mən bilmirəm o, sevgi deyəndə nə düşünür? Mən onu sevməmişəm. Ola bilər ki, qadındı. Bu gün də onun mənə qarşı hissləri var. Bu onun işidi. Mən ona dəstək olmuşam. Yol göstərmişəm. Sonradan ona kim nə dedi, bilmirəm. Ayrıldı ki, tək oxusun. Nə əldə edib, Fədayə mənim yanımdan gedəndən sonra hansı uğura imza ata bilib? İtirən o olub. Biz bir yerdə duet ortağı kimi daha böyük işlər görə bilərdik. Fədayə Taciri duet ortağı kimi itirdi. Yaxşı oxuyurdu. Amma itirdi. Məndən sonra bircə uğurlu işinin adını çəkə bilməz».
Tahirə