Tacir Şahmaloğlu: "Görünür, Elza bu həqiqəti qəbul etmədi, amma o, dahi olan deyil axı, dahi Üzeyir Hacıbəyov, Fikrət Əmirovdur"
Son günlər müğənni Tacir Şahmaloğlu xanım müğənnilərin hədəfinə tuş gəlir. Belə ki,"APA TV”-nin "Show time” verilişində Yalçın Uğurun qonağı olan Tacirin fikirləri yeni qalmaqala səbəb olub. Tacirin ismarıcları cavabsız qalmayıb. Əməkdar artist Elza Seyidcahan T.Şahmaloğlunun onun ünvanına dediyi "Əgər Elza Seyidcahan özünə "dahi" deyirsə, onda dahilərə nə deyək?” sözlərinə cavab verib:
"Tacirin şübhəsi var dahiliyimə? Gəlsin mənim bəstələrimi ən aşağı ritmlə oxusun, onda görər. Gəlib "Yenə o bağ olaydı”nı səsləndirsin, oxuya bilsə, özümə dediyim "dahi” sözünü geri götürəcəm. Musiqiçi ancaq muğam oxuyan deyil, ritm də tutmalıdır. Tacir efirdə belə danışır, amma məni görəndə tərifləyir. Hətta bir dəfə "Tənha” mahnımı oxumuşdu, gəlib məndən "minisovka”sını istəmişdi. Dahilərin yaşı olmur. Hərə bir peşənin dahisidir. Tacir əlbəttə, mənim dahiliyimə şübhə ilə yanaşacaq. Axı özü bəstəkar deyil, mahnı yazmaq nədir bilmir. Mən acından ölən dahilərdən deyiləm, orta yaşayanlardanam».
Tacir Şahmaloğlu ilə yenidən əlaqə saxlayıb münasibət öyrənməyə çalışdıq. Şou-biznesin xanımları niyə son günlər sizin adınızı hallandırırlar, bu, gündəmə gəlmək üçün seçilən vasitədi, ya həqiqətən sizdən inciyiblər ? » suallarımıza cavab verən T. Şahmaloğlu "Sherg.az"a söylədi ki, bu qalmaqalların hamısı boş, mənasız söhbətlərdi:
"Mən Elzanın xətrini çox istəyirəm. Deyirəm ki, Elza özünə dahi deyə bilər. Amma mən o sözü qəbul edə bilmirəm. Elza dahi deyil axı. Mən onu necə dahi görüm? Ola bilər o özünə dahi desin, özünü dahi görsün. Amma dahi başqa anlamdı axı. Siz də sənətin içində olan insanlarsız. Elza dahidi? Dahi insanları zaman yetişdirir. Dahi Üzeyir Hacıbəyovdu, Fikrət Əmirovdu. O deyir ki, mənim onunla münasibətim yoxdu. Ola bilər. Amma mənim ona hörmətim var».
"Elza Seyidcahanın şeiriyyət dünyasından xəbərin varmı? «Tikim sizin ağzınızı» deyən Elzanın şeirlərini poeziya adlandırmaq olarmı ? " suallarına gəlincə, T.Şahmaloğlunun cavabı belə oldu:
"Mənim onun şeiriyyəti ilə işim yoxdu. Dahi sözünü eşitdim, münasibətimi bildirdim. Görünür, Elza bu həqiqəti qəbul etmədi. Elzanın şeirlərini oxumamışam, izləməmişəm. Bircə şeirini eşitmişdim. O da «Bu şəhərdə» komandasının təqdimatında. Yəni söhbət bilirsiz nədi? Çatana dahi, sənətkar deməzlər. Böyük sənətkar Arif Babayevdi. Qaldı Elza düşünürsə ki, "Tikim sənin ağzını"şeiri fəlsəfi yükə malikdi və bu şeirə görə, yüz il sonra onu dahi hesab edəcəklər, yaradıcılığını anlayacaqlar, mən bir söz demirəm. Nə deyim? Ola bilər ki, biz onun şeiriyyətini başa düşmürük.
Yüz il sonra anlayan tapılar. Şeirləri müzakirələrə səbəb olur. İndi nə yazır, özü bilir. Mən gözəl şeir olanda mahnılarım üçün istifadə edirəm. Yaxşı şeir olsa, niyə istifadə etməyim ki? Elzaya uğurlar arzulayıram. Bilmirəm niyə hamının yadına son günlər Tacir tez-tez düşür. Heç kimlə işim yoxdu. Sual verilir, cavabımı dilə gətirirəm. Hərənin öz yanaşması, öz məntiqi var.
Mən də necə anlayıramsa, o şəkildə də münasibətimi bildirirəm. Əgər Elza mənim söylədiyimi qəbul də bilmirsə, nə deyə bilərəm? Allah canına dəyməsin. Mən yenə o fikrimdə qalıram ki, Elza özünü dahi hesab etməklə dahi olan deyil».