Tahir Kərimli: “Beynəlxalq qurumlara bel bağlamaq olmaz”

“AŞPA-nın təsiredici və həlledici mexanizmləri yoxdur”


"AŞPA münaqişələrin həllində parlament diplomatiyası potensialından maksimum istifadə etməlidir”. Bunu Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən iclasında qurum sədri Pedro Aqramunt deyib. Aqramunt 2016-cı ilin aprel ayında Ermənistanla Azərbaycan arasında ağır döyüşlərin baş verdiyini xatırladaraq bölgədə gərginliyin hər an alovlana biləcəyini vurğulayıb: 

"Biz Avropanın keçdiyi ağır tarixindən bilirik ki, münaqişələr heç cür müharibə yolu ilə həll edilə bilməz. Parlamentar olaraq bu məsələdə rolumuz olduqca əhəmiyyətlidir. Parlament diplomatiyası və dialoqun aparılması çox vacibdir. Assambleyamız münaqişələrin həll edilməsində öz parlament diplomatiyası potensialından maksimum dərəcədə istifadə etməlidir”. 

Aqramuntun təşəbbüsünə münasibət bildirən millət vəkili Tahir Kərimli "Şərq”ə deyib ki, AŞPA və ATƏT müstəvisində aparılan müzakirələr məsələni gündəmdə saxlamaqdan başqa bir işə yaramır:

"Bunlar köməkçi vasitələrdir. Həmin qurumların məcburi qərar qəbul etdirmək imkanları yoxdur. Ona görə də beynəlxalq qurumlara bel bağlamaq olmaz. AŞPA müxtəlif ölkələrdən ibarət olan parlamentarilər qurumudur. Bu müstəvidə qismən iş görülə bilər. Amma Assambleyanın prosesə həlledici təsir göstərmək imkanları sıfıra bərabərdir. Çünki orada təmsil olunan erməni deputatlar hər zaman qeyri-konstruktiv mövqe sərgiləyirlər, ortaq məxrəcə gəlmirlər. Azərbaycanın ərazi bütövlüyünün AŞPA səviyyəsində dəfələrlə müzakirə olunmasına, ölkəmizə dəstək verilməsinə baxmayaraq, əməli fəaliyyət zamanı sadəcə bizə tələb qoyulur, işğalçı ölkə yaddan çıxır”. 

Deputatın sözlərinə görə, atəşkəs məsələsinin qabardılması, aprel döyüşlərindən sonra yaranan narahatlıq da müharibənin yenidən başlama ehtimalı ilə bağlıdır: 

"Torpaqlarımızın azadlığı üçün zamanı gələndə biz müharibə başlatmalıyıq. Çünki Avropa strukturlarının təsiredici və məcburedici imkanları, həlledici mexanizmləri yoxdur. Sadəcə BMT-nin nizamnaməsində belə imkanlar yer alıb. Lakin o qurumun da hansı vəziyyətdə olduğu hamıya bəllidir. Münaqişənin həlli ilə məşğul olduqlarını iddia edən həmsədr dövlətlər erməni diasporasının ən güclü olduğu ölkələrdir. Belə məqamda nə AŞPA-dan, nə də ATƏT-dən faydalı iş gözləməyə dəyər. Sadəcə ara-sıra bizə xoş gələn, amma icra olunmyan qərarlar qəbul etməklə başımızın altına yastıq qoyurlar”.

İsmayıl