Taksi dayanacaqlarına ehtiyac var

Amma bu duracaqlar harda salınacaq, bu önəmlidir
“Taksi dayanacaqları digər nəqliyyat vasitələrinin əlçatan olmadığı yerlərdə yaradılmalıdır ki, insanlar marşrut olmayan ərazilərdə taksilərdən istifadə etsinlər”



Bakıda xüsusi taksi dayanacaqlarının yaradılmasına başlanıb. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayevin sözlərinə görə, agentlik Bakıda taksi dayanacaqlarının fəaliyyət göstərməsi üçün yerlər müəyyənləşdirəcək. M.Ağayev bildirib ki, taksi sürücüləri adətən əhalinin gur olduğu ticarət mərkəzləri və digər obyektlərin qarşısında dayanmaq istəyirlər ki, müştəriləri rahatlıqla cəlb edə bilsinlər. Bu proses şəhərdə tıxacların yaranmasına səbəb olur.

Taksi dayanacaqlarının pullu və ya pulsuz olacağına gəlincə isə bu barədə konkret qərar yoxdur. Deyilənə görə, taksi dayanacaqları sadəcə taksilərin park edilməsi üçündür və ilkin mərhələdə ödənişli olmayacaq.

Sosial-Strateji Tədqiqatlar və Araşdırmalar Mərkəzinin rəhbəri İlqar Hüseynli "Şərq”ə açıqlamasında Bakıda xüsusi taksi dayanacaqlarının yaradılmasının təqdirəlayiq olduğunu deyib: "Əvvəllər taksilərin fəaliyyəti ciddi narahatlıq doğurur və problem olaraq qalırdı. Amma son illərdə bu sahədə nisbətən tənzimləmə işləri görülür. Hesab edirəm ki, qısa nömrəli taksilərin telefonla sifarişi məsələsi artıq Azərbaycanda formalaşıb, insanlarımız da uyğunlaşıb. Amma şəhərin müxtəlif istiqamətlərində taksi dayanacaqlarının olması da məqsədəuyğundur. Biz Türkiyə praktikasına nəzər salsaq, taksi dayanacaqlarının geniş yayılmış bir xidmət olduğunu görərik. Hətta bu fəaliyyətin təbliği istiqamətində filmlər də çəkilib. Amma Avropa ölkələrində "taksi durağı” deyilən bir məfhum yoxdur, taksilər ancaq telefon sifarişi ilə xidmət edir. Amma bizdə bu mədəniyyət tam formalaşmadığı üçün taksi dayanacaqlarının yaradılmasına ehtiyac var.

Amma dayanacaqların pullu olması bir az sual doğurur ki, bu ödənişlər hansı formada həyata keçiriləcək”.

Ticarət mərkəzlərinin və digər obyektlərin qarşısında taksilərin dayanmasının xoşagəlməz hal olduğunu vurğulayan ekspertin sözlərinə görə, bu cür ərazilərdə alternativ nəqliyyatlardan istifadə imkanları çoxdur: "Adətən ticarət obyektləri metro stansiyalarına yaxın olur və qarşısından da şəhərin müxtəlif istiqamətinə doğru hərəkət edən marşrut xətləri keçir. Taksi dayanacaqları digər nəqliyyat vasitələrinin əlçatan olmadığı yerlərdə yaradılmalıdır ki, insanlar marşrut olmayan ərazilərdə taksilərdən istifadə etsinlər. Amma bizim taksi sürücüləri daha çox metrostansiyaların üstündə və ticarət mərkəzlərinin qarşısında dayanmağa üstünlük verirlər. Sonda isə sərnişin götürmək üstündə dava salırlar. Bu sadəcə psixoloji faktordur. Məntiqlə düşünsək, metrodan çıxan adam niyə taksiyə minsin ki?! Adətən insanlar gedəcəkləri ünvana daha yaxın olan metrostansiyadan çıxırlar və özlərinin hərəkət istiqamətini buna uyğun fokuslaşdırırlar. Ona görə də, metrostansiyaların yanında dayanan taksilərin bu yanaşması başadüşülən deyil. Ticarət mərkəzlərinin qarşısında dayanmalarını isə nisbətən anlamaq olar. Çünki alış-veriş edən adamlar yükləri çox olduğu halda ictimai nəqliyyatdansa taksidən istifadə etməyə üstünlük verirlər”.

Ekspert Azər Allahverənov da Azərbaycanda taksi fəaliyyəti, xüsusilə dayanması ilə bağlı nizamsızlıq olduğunu dilə gətirib: "Taksilər harda gəldi saxlayıb müştəri gözləyir. Döngələrdə, nəqliyyat vasitələrinin sıx olduğu yerdə, avtobus dayanacaqlarında da dayanan taksi sürücülərinə rast gəlirik. Onlarla aparılan söhbətlər zamanı aşkar olunur ki, həmin taksi sürücüləri dayanmaları üçün xüsusi yerlər olmadığından harda gəldi dayanır. Onlar məcburiyyət qarşısında qalıb harada balaca bir boş yer görsələr, maşını orda saxlayır və müştəri gözləyirlər”. Taksilər üçün dayanacaqların salınmasını vacib sayan A.Allahverənov hesab edir ki, taksi dayanacaqlarının yaradılmasına və taksi sürücülərinin bunlardan geniş istifadəsinə nail olunarsa, paytaxt küçələrində yaşanan tıxacların, xoşagəlməz halların, avtobus dayanacaqlarının taksilər tərəfindən zəbt olunmasının qarşısı alınacaq”.

Şəymən