Taksilər həqiqətən avtobus dayanacaqlarını zəbt ediblər




Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov ölkəmizdə taksilərin avtobus dayanacaqlarını zəbt etməsinin ciddi narahatlıq doğurduğunu bildirib. Onun sözlərinə görə, avtomobillərin dayanma-durması və park edilməsi qanunla tənzimlənir.

Bölmə rəisi son zamanlarda keçirilən reydlər zamanı taksi sürücülərinin avtobus dayanacaqlarını zəbt etməsinin şahidi olduğunu da deyib:

"Bizdə bu kimi hallar aşkarlanan zaman mütəmadi protokollar yazırıq. Təkcə onu demək kifayətdir ki, taksi fəaliyyəti ilə məşğul olan sürücülərə ay ərzində tətbiq edilən protokolları təhlil edərkən, eyni sürücünün eyni xətanın müxtəlif yerlərdə müxtəlif vaxtlarda törətdiyinin şahidi oluruq. Eyni sürücüyə 4 dəfə protokol yazıldığını görürük. Ümumiyyətlə, avtobus dayanacaqlarında taksilərin və digər nəqliyyat vasitələrinin durması yolverilməz bir haldır. Hesab edirəm ki, paytaxtda dayanma-durma ilə bağlı məsələ ən prioritet məsələlərdən biri olmalıdır. Kimliyindən asılı olmayaraq. Kiminsə, yolun hərəkət hissəsində durması uzun müddət sıxlığa səbəb ola bilər”.

V.Əsədov söyləyib ki, bəzi sürücülər belə qayda pozuntuları edən zaman "çörək alırdım”, "adam gözləyirəm”, "xəstə gətirmişəm”, "dərman alıram” kimi ifadələr işlədirlər:

"Söz yox ki, bu ifadələr sürücüləri məsuliyyətdən azad edə bilməz. Bu gün həmin ifadələri işlətmək məhz dayanma-durma ilə bağlıdır. Təbii ki, avtomobil adam daşınması üçün nəzərdə tutulub. Sürücülərin də bu ifadələri işlətməsi düzgün deyil”.

Bölmə rəisi dayanma-durma qaydalarını pozan taksi sürücülərinin 2 qat cərimələnməli olduğunu hesab edir:

"Həmin sürücülər avtobus dayanacaqlarını tutduğuna görə 40 manat cərimə olunmalı və taksi fəaliyyətindən kənarlaşdırılmalıdır. Çünki taksi fəaliyyəti ilə məşğul olan adamlar digərlərindən fərqli olaraq, qanunlara daha ciddi riayət etməlidirlər. Onlar bütün gün sükan arxasında olur, sərnişin daşıyırlar”.

Polis polkovnikinin dediklərinə görə, Bakı şəhərində ötən həftə ərzində DYP əməkdaşlarının dayanma-durma ilə bağlı 3000-ə yaxın inzibati protokol tərtib edilib:

"Bunların arasında digər sürücülər də var. Amma taksi sürücüləri daha çox yol hərəkət qaydalarını pozurlar. Bakı şəhəri üzrə dayanma-durma, parklanma vacib məsələdir və bu sahə üzrə xeyli təbliğat aparılmalıdır. Lakin yalnız yol polisinin tədbirlər həyata keçirməsi kifayət etmir. Hər kəs "Yol hərəkəti haqqında” qanunu öyrənməli, tələbləri yerinə yetirməyi bacarmalı və ən azından öz təhlükəsizliyini təmin etmək vərdişinə yiyələnməlidir”.

Məsələ ilə bağlı "Digesta” hüquq firmasının direktoru, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov "Şərq”ə açıqlama verib. Ekspertin sözlərinə görə, ölkəmizdə belə hallar artıq 15-20 ildir ki, müşahidə olunur:

"Taksi sürücüləri həqiqətən də avtobus dayanacaqlarını zəbt edirlər. Əslində onların səbəbləri də başadüşüləndir. Sürücülərin belə bir arqumentləri var ki, "biz harda dayanaq və harda işləyək?”. Bu adamları hər addım başı qayda pozuntusuna görə cərimə eləsələr, onlar 5 manat qazanıb üstünə də 5 manat qoyub cərimə verəsi olurlar. Polis burda taksi sürücülərinə qarşı humanist addım atır. Məsələn, sözlə təsir edir ki, "ay insanlar, gedin başqa yerdə durun”. Polislərin bu münasibəti sırf sosial məzmunludur. Sürücülərə başa salmaq istəyirlər ki, sizi hər dəfə cərimə eləsək qazandığınızın üstünə yenə pul qoyub cərimə verəsi olacaqsız. Amma insanlar özləri də bir dərs götürməlidirlər ki, avtobuslara məxsus dayanacaqları zəbt eləmək düzgün deyil. Taksi xidmətində ciddi nizam-intizam yaradılmalıdır. 15-20 il ərzində yığılıb qalmış problemlər həll olunmalı, taksi duracaqları nizama salınmalıdır. Fərqlənmə nişanı olmayanda taksilər küçələrdə görünməli deyil. Nişanı olanlar da duracaqlarda olmalı, yaxud da avtobus dayanacaqlarını zəbt etməli deyillər. Həmçinin bu məsələ ilə bağlı müəyyən təbliğat və cərimələr də tətbiq edilməlidir”.

Yeganə Bayramova