“Çünki indiyə qədər Bakı şəhərində konkret olaraq taksilər üçün ciddi xəritə hazırlanmayıb”
“Ona görə də müəyyən eləmək olmur ki, taksi daşımalarına tələbat daha çox hardadı”
"Avtomobil nəqliyyatı haqqında” qanunun 20-ci (Taksi minik avtomobilləri ilə sərnişin daşımaları) maddəsinə dəyişiklik edilir. Dəyişikliyə əsasən Azərbaycanda taksi minik avtomobili ilə sərnişin daşıması həyata keçirən avtomobillər yalnız xüsusi müəyyən edilmiş və müvafiq qaydada işarələnmiş taksi minik avtomobillərinin duracaq yerlərindən istifadə edə biləcək.
Nəzərə alsaq ki, hazırda nəqliyyat sistemində bir pərakəndəlik mövcuddur. Maraqlıdır yeni dəyişikliklər ölkədəki xoşagəlməz vəziyyəti aradan qaldıracaqmı?
Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov "Şərq”ə açıqlamasında bildirib ki, vaxtilə taksi daşımaları ümumi təyinatlı nəqliyyat sisteminə daxil idi və bu işlə xüsusi nazirlik məşğul olurdu. Lakin taksi daşımaları özəlləşdiriləndən - müxtəlif sahibkarlar taksi fəaliyyəti ilə məşğul olandan sonra avtobuslar kimi taksilər də müxtəlif təşkilatlara bölündülər:
"İndi taksi daşımaları ilə həm müəyyən şirkətlər məşğul olur, həm də adi sahibkarlar, məsələn, müəyyən insanlar var ki, avtomobilini lisenziyalı taksi kimi istifadə edirlər. Ancaq taksi daşımalarının özünün xüsusi bir qaydası var. Əvvəllər elə yer var idi ki, sərnişin istənilən yerdə taksi saxlaya bilərdi və ya avtomobildən düşə bilərdi. Çünki taksi daşımalarında spesifik göstərici varıydı - taksilər harda istəyirdi saxlaya bilirdilər və sərnişin mindirə bilirdilər. Sonra bütün bunlar şəhərdə böyük problem əmələ gətirdiyi üçün taksi dayanacaqları nəzərdə tutuldu. İnsanlar taksilərə bir növ avtobus dayanacaqları kimi xüsusi yerlərdə minirlər. İndi isə sifarişlə taksi daşımalarını təşkil edirlər”.
Ekspertin sözlərinə görə, hazırkı şəraitdə taksilər üçün xüsusi dayanacaqların olması bir qədər çətin məsələdir: "Çünki indiyə qədər Bakı şəhərində konkret olaraq taksilər üçün ciddi xəritə hazırlanmayıb. Ona görə də müəyyən eləmək olmur ki, taksi daşımalarına tələbat daha çox hardadı. Tələbatdan ötrü müəyyən sorğular və müşahidələr aparılmalıdır ki, taksi daşımalarına xidmət daha çox harda istifadə olunur. Bu bir növ ləngimələrin, tıxacların aradan qaldırılması, xidmətin səviyyəsinin başqa ictimai nəqliyyatlardan artıq olması üçün məqsədəuyğundur. Taksi daşımaları dayanacaqları 3-4 zonaya bölünəcək. Bütün bunlara nəzarət və icra edilməsi bir az çətindir. Bizdə həmin taksi daşımaları üçün yerlər varmı?
Bəzi yerlər avtobus dayanacağıdır, bəzi yerlər parklanma üçün xüsusi sahələrdir.
Məqsəd yaxşıdır, amma bunun xəritə formasında tərtib olunması, tətbiqi mexanizmləri hazırlanmalıdır. Çünki bizdə elə taksilər var ki, sadəcə taksi daşımalarının lisenziyasını alıb və xidmətin hansı formada olmasını bilmirlər. Ölkəmizdə taksi daşımaları ilə məşğul olanların çoxu tək-tək sahibkarlardır və onlar işin spesifikliyini, incəliyini, tələbatları bilmirlər. Ona görə də bu məsələlər qanun şəklində ən yüksək səviyyədə işlənilməlidir.
Effektivliyi nə dərəcədə olacaq - bu, icra və nəzarət mexanizmindən asılıdır. Nəzərdə tutmaq lazımdır ki, burda heç kimin mənafeyinə ziyan gəlməli deyil. Çünki ölkəni tıxacdan qurtarmaqdan ötrü müəyyən məcburi addımlar atılır. Lakin bu zaman xidmət səviyyəsi aşağı düşür, insanların tələbatı ödənilmir və narazılıq əmələ gəlir. Taksi dayanacaqları üçün nəzərdə tutulmuş yerləri müəyyənləşdirmək lazımdır və orda onlar üçün əlavə təhlükəsizlik məsələləri araşdırılmalıdır. Bir qanun qəbul etməklə onun icra mexanizminin uyğunluğu yerinə yetirilmir, bu uyğunluğu ciddi nəzərə almaq lazımdır”.
Yeganə Bayramova