Tanınmış jurnalist şəxsi arxivini “Şərq”in Milli Mətbuat Tarixi Muzeyinə BAĞIŞLADI - FOTO

"Şərq”in redaksiyasındakı Milli Mətbuat Tarixi Muzeyini ziyarət edən həmkarlarımızın sayı gündən- günə artır. Qonaqlı-qaralı muzeyimizin qapısını bu dəfə həmkarımız, "Təzadlar” qəzetinin əməkdaşı Elçin Məmmədov döydü. 
O,"Şərq”in redaksiyasında milli mətbuat tarixi muzeyinin yaradılmasından yenicə xəbərdar olmasa da, əliboş gəlməmək üçün ziyarətini müvəqqəti olaraq təxirə salıb. Görünür, qismət bugünə imiş… Onun ziyarətinin səbəbi sadəcə muzeyi gəzib eksponantlarla tanış olmaq deyil, o həmçinin şəxsi arxivini Milli Mətbuat Tarixi Muzeyinə bağışlamaq üçün redaksiyamıza təşrif buyurub.
Elçin Məmmədovla baş redaktorumuz Akif Aşırlının söhbətindən belə məlum oldu ki, o özü ilə müxtəlif illərdə nəşr olunan qəzet və jurnalların köhnə nüsxələrini gətirib. Söhbət "Azərbaycan gəncliyi” qəzetinin 1987-93 -üi il, "Gənclik” jurnalının 1988-89-ci il nömrələrindən gedir. Həmçinin arxiv materialları arasında "Ədəbiyyat və incəsənət”, "De Fakto” , " Komunist, "Bakı” qəzetlərinin, "Elm və təhsil”, "Kirpi” və digər jurnalların köhnə nüsxələrinə də rast gəlmək olur.
35 il mətbuatda çalışdığını vurğulayan E. Məmmədov "Azərbaycan gəncliyi” qəzetinin 1987-ci il 27 avqust tarixli sayında " Hamilik gücləndirilməlidir” sərlövhəli yazısının çap olunduğunu qeyd edib. Hansı ki həmin qəzeti də "Şərq”in redaksiyasına təqdim edib: 
"Müstəqillik dövründə çıxan qəzet və jurnalların əksər saylarını alıb oxuyurdum. Orta məktəbdən bu sahəyə həvəsli olduğum üçün oxuduğum nüsxələri də atmır, şəxsi arxivimdə saxlayırdım. Akif Aşırlının yaratdığı bu muzey barədə eşidəndə düşündüm ki, bu cür tarixi bir hadisəyə mənim niyə bir töhfəm olmasın. Akif bəyin sayəsində illər əvvəl çap olunan qəzetlər, jurnallar yeni oxucular tapır. Bütün arxivimi muzeyə bağışlamaqda məqsədim odur ki, hər kəs bu mətbu nümunələrdən yararlana bilsin.
Qeyd edək ki, E. Məmmədov Mətbuat tarixi muzeyində nümayiş olunsun deyə, ümumilikdə 500-ə yaxın qəzet, 100-dən artıq jurnal nüsxəsini gətirib.
Şəymən