Tanınmış yazıçını şuradan kənarlaşdırdılar

Çünki Mehriban Vəzir Milli Şuranın çirkin məqsədlərini ifşa etdi



Milli Şuranın dünən keçirilən Koordinasiya Mərkəzinin iclasında, yazıçı-publisist Mehriban Vəzir şura üzvlüyündən xaric edilib. Məlumata görə, M.Vəzirin Milli Şuradan kənarlaşdırılmasının səbəbi onun "şuranın Əsasnaməsinə və fəaliyyət prinsiplərinə zidd hərəkətlərə yol verməsidir”.

Mehriban Vəzir qurumdan çıxarılmasının səbəbini belə izah edib: "Məsələnin kiçik tarixçəsi ondan ibarətdir ki, aprelin 30-da Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasının ümumi yığıncağı baş tutub. Bu yığıncaqda şuraya və monitorinq qrupuna yeni seçki keçirilib. Namizədlərin sayı 30 nəfərdən çox idi. Eyni zamanda burada iştirakçıların da sayı 140 nəfərdən yuxarı olub. Yəni çox möhtəşəm tədbir keçirilib. Şuraya seçkinin nəticələri isə əlbəttə, çox təəccüb doğururdu. Çünki sahə üzrə çox məşhur mütəxəssislər bir yana qaldı, onlar 20 səs topladılar. Lakin ilk dəfə bu prosesə qatılan adamlar 100-ə yaxın səs aldılar. Ancaq heç bir pozuntu da yox idi. Seçkilərin nəticəsi demokratik qaydalara uyğun idi. Buna görə, nəticə bizi düşündürürdü. Buna baxmayaraq, heç bir etiraz etmədən, nəticələri tanıdıq”. M.Vəzir deyib ki, öz elektron poçtunda bəhs etdiyimiz şəbəkə üzrə Oqtay Gülalıyevin Milli Şura rəhbərliyinə verdiyi bir raportu oxuyub: "Raportda deyilirdi ki, hökumətin 400 min vəsait xərclədiyi prosesi darmadağın etdik və onların Milli Şuranı QHT edib nəzarət altına almaqlarına icazə vermədik. Eyni zamanda bildirilirdi ki, artıq şuranın "əlli plyus biri” bizim adamlardır. Bu qələbəyə, dəstək verənlərə təşəkkür edirəm və sairə. Yəni bu məktub, Milli Şuranın daxili işlərinə, Oqtay Gülalıyevin şəxsi həyatına aid deyildi. Bu, yalnız koalisiyaya, eyni zamanda koalisiyanın üzvləri kimi mənə də aid idi”. M.Vəzir bildirib ki, bu məktubu götürərək, koalisiya şəbəkəsində çıxış edib: "Keçmiş koordinator Əliməmməd Nuriyevdən izahat istədim ki, 400 mini hökumət kimə verib? Şuraya hakim olmuş "50+1” kimlərdir? Bu kimi suallar ünvanladım. 150 nəfərin təmsil olunduğu koalisiya şəbəkəsində poçtuma gəlmiş məktubu yönləndirərək, açıq şəkildə bu suallarıma cavab istədim. Bizi böhtana salırlar. Eyni zamanda bir sual da qoydum ki, şura bu şəkildə hansı rolu oynayıb. Bununla da vəziyyət qarışdı. Eyni zamanda yeni seçilən şuranın və monitorinq qrupunun legitimliyi artıq şübhə altındadır.

Nəticə də bəllidir ki, Milli Şura məni üzvlükdən çıxardı. Ancaq gərək heç olmasa, məndən də izahat istəyərdilər. Çünki əslində Oqtay Gülalıyev bu cür yalan raportla, Milli Şuranın rəhbərliyini aldadıb. Burada tam bir böhtan var.

Milli Şura çox təəssüf ki, bu yalanlarla bağlı izahat istəməkdənsə, belə bir qərar çıxarıb. 400 min məsələsini koalisiyanın adına yazıblar və mən də Əliməmməd müəllimdən bunun izahatın istəmişəm. İzahat istədiyimə görə də məni üzvlükdən çıxarıblar”. M.Vəzirin Milli Şuradan çıxarılmasına sosial şəbəkələrdə maraqlı şərhlər verilib. Məsələn, "Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu özünün feysbuk səhifəsində bununla bağlı belə yazıb: "Dəyərli Mehriban xanımı təbrik edirəm! Qurtuldu”. İctimaiyyət nümayəndələrinə görə, Mehriban Vəzirin Milli Şuradan çıxarılması onun bu qurumun daxilində baş verən çirkin oyunları üzə çıxarması, eləcə də fəaliyyətsizliyini sübuta yetirən bəyanatlar verməsidir. Göründüyü kimi, Mehriban Vəzir Milli Şuranın çirkin məqsədini ifşa edib və bəlli olub ki, bu qurum həqiqətən də ictimai təşkilatların işlərinə müdaxilə edərək, özünə bu yolla tərəfdaş axtarmağa çalışır. Təbii ki, ictimai təşkilatlar Milli Şuranın satqın, xəyanətkar bir qurum olduğunu bildikləri üçün, eyni zamanda bu qurumun siyasi məqsədlərə xidmət etdiyi üçün onların müraciətlərinə rədd cavabı verirlər. Bu səbəbdən, Milli Şura rəhbərliyi öz adamlarını həmin ictimai təşkilatlar sırasına emissar kimi göndərib, planlarını reallaşdırmağa cəhdlər göstərir. Söz yox ki, belə bir halın yaşanması bir daha sübut edir ki, Milli Şuranın xəyanətkar rəhbərliyi batmaq üzrədir və batarkən əlinə düşən istənilən çöpdən yapışmağa hazırdır. Ancaq bu çöp onlara yardım etmədi. Təkcə Mehriban Vəzirin Milli Şura adlı ölü qurumun kirli planlarını faş etməsi deyilənləri bir daha təsdiq etdi.

İsmayıl