Tarix mətbu nəşrlərdə saxlanır
Arxivləşmə baxımdan ən etibarlısı çap mətbuatıdır
(...əvvəli ötən sayımızda)
Milli mətbuat tariximizin müxtəlif mərhələlərinə aid informasiyaların qorunması, bərpası və mühafizəsində arxiv materiallarının toplanması mühüm əhəmiyyət kəsb edir. Hətta sadəcə mətbuat tarixinin deyil, ölkənin tarixi, siyasi, mədəni və ədəbi gerçəkliklərinin aşkarlanıb, öyrənilməsində də çap mətbuatının məxsusi rolu var. Azərbaycanda əksər sahələrə dair çoxsaylı faktlar mövcuddur ki, onlar ötən əsrlərin qabaqcıl mətbuat nümunələrinin arxivlərindən əldə edilib. Yəni mətbuatın ilkin missiyası maarifləndirmə olsa da, media bütün dövrlərdə həm də ictimai-siyasi və mədəni proseslərə yön verən institut rolunda çıxış edib. Bu baxımdan mətbu orqanların arxivlərinin qorunub, saxlanılması hər zaman ciddi zərurətə çevrilib.
Bəzən elə gündəlik iş prosesində hər birimiz üçün müxtəlif sahələrin arxiv materiallarını araşdırıb oxumaq zərurəti yaranır. Amma bəzən axtarışlarımızın nəticəsi olmur. Çünki həmin müəssisələr, təşkilatlar, ya da hər hansı media orqanları öz arxiv materiallarını zamanında toplamırlar. Yəni bu işə laqeyd yanaşırlar. Amma unutmamalıyıq ki, hər bir arxiv materialı tarixin parçası kimi olduqca əhəmiyyətlidir. Hazırda bir çox çap media orqanlarının arxivi Milli Kitabxanada xüsusi yaradılmış qəzet fondunda yığılır. Bu fondda əsasən 1920-ci ildən sonra çap olunmuş Azərbaycan və rus dillərində qəzetlər saxlanılır. Həmçinin, 1875-ci ildə nəşr edilən və 56 sayı işıq üzü görən "Əkinçi” qəzetinin də 40 nüsxəsi Milli Kitabxanada qorunur. Kompüter dövrünə qədəm qoyduqdan və internet media qurumları yarandıqdan sonra arxiv materialları daha çox elektron variantında yığılmağa başlanıldı. Amma ekspertlər elektron arxivə etibar etmədikləri üçün onunla paralel çap variantının da toplanmasını zəruri sayırlar. Ümumiyyətlə, media aləmində bu sahədə vəziyyətin necə olduğunu və qəzet rəhbərlərinin arxiv yaratma prosesinə necə yanaşdıqlarını öyrənmək üçün bir neçə redaktorla əlaqə saxladıq. Məlumat aldığımız bütün media rəhbərləri arxivə sahib olduqlarını dedilər. Təbii ki, bu işə sonradan başlayanlar və müəyyən dövrlərdə qəzet itkiləri ilə üzləşənlər də var.
Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) Müşfiq Ələsgərlinin sözlərinə görə, KİV texnoloji baxımdan inkişaf edir; internet, rəqəmsal texnologiya KİV məhsulunun hazırlanması, yayılması və arxivləşdirilməsi prosesini tamamilə yeniləşdirib. Bu baxımdan bəzən deyirlər ki, artıq qəzetlərə ehtiyac qalmayıb, KİV-lər tamamilə yeni müstəviyə keçməli, qəzetlər gündəmdən çıxmalıdır: "Amma reallıqda, bu belə deyil. Media biliciləri, ekspertlər qəzetlərin, yardım gücünə də olsa hələ ki, yaşadılmasına tərəfdardırlar. Çünki qəzetlər günümüzün səlnaməsidirlər, arxivləşdirmə baxımından ən etibarlıdırlar. Hansısa əməkdaşın yanlış bir düyməni sıxması ilə rəqəmsal texnologiya üzərində qorunan bütöv bir arxiv bir dəqiqənin içində yox olub gedə bilər. Rəqəmsal arxivləşdirmə, hələ ki, istədiyimiz səviyyədə, tam etibar olunacaq səviyyədə deyil. Yəqin ki, uzaq olmayan gələcəkdə bu məsələ də özünün müsbət həllini tapacaq. Amma hələ ki, reallıq başqadır.
Qəzetlər həm kontent baxımından, yəni günümüzün hadisələrini gerçək, obyektiv, peşəkar əks etdirmək baxımından, həm də etibarlı arxivləşdirmə baxımından daha güvənilir səviyyədədirlər. Qanuna görə, çap məhsulları öz arxivlərində qorunmaqla yanaşı, həm də bir nüsxələri Milli Kitabxanaya göndərilir və orada da qorunub saxlanılırlar ki, bu da tarixi, mədəni hadisələrin gələcək nəsillərə ötürülməsi üçün vacibdir. Bununla yanaşı, yuxarıda da qeyd etdiyim kimi, zaman dəyişir və KİV-lər artıq yeni texnologiya üzrə də etibarlı arxivləşdirmə variantlarını tapıb tətbiq etməlidirlər”.
"525-ci qəzet”in baş redaktoru Rəşad Məcid qəzetin ilk günündən arxivləşdirmə işinin aparıldığını deyib: "Biz redaksiyada qəzeti iki nüsxədə cildlənmiş şəkildə də toplayıb saxlayırıq. Əvvəllər altı aylığı, ya da bir illiyi toplayıb cildləyirdik. Qəzet gündəlik çıxandan sonra isə üç aylığı toplamağa və cildləməyə başladıq. 2000-ci ildən sonra isə qəzetin internet versiyasını da toplayırıq.
Bir neçə dəfə də internet səhifəmizi yeniləmişik və ona görə də tam olaraq o qədər köhnə arxiv yaddaşı saxlamaq olmur. Hazırda da yeniləmişik, amma arxivi isə köhnə sayt kimi saxlamışıq. Onun da müəyyən həddi var və daima da saxlamaq olmur. Ən etibarlı mənbə yenə də kağızdır. İtən nömrələr isə lap ilk illərə aiddir. 92-93-cü illərdə çıxan nömrələrdən ola bilsin ki, hansısa yoxdur. Redaksiya hələ o vaxt yeni idi, özünün hələ normal bir ofisi yox idi. Ola bilsin ki, yerdəyişmə zamanında bu nömrələr itib”.
"Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev də rəhbərlik etdiyi mətbu orqanın arxivinin saxlanılmasına böyük diqqət ayırdıqlarını deyib: "1999-cu ildə, fəaliyyətimizi bərpa etdikdən sonra çıxdığımız bütün nömrələri yığırıq. Onu əvvəlcə bir qovluğun içərisinə toplayırıq. Müəyyən mərhələyə çatdıqdan sonra kitab halında çap etdiririk. İstənilən araşdırmaçı və ya oxucu arxivimizdən istifadə etmək imkanına malikdir”.
Baş redaktor bildirib ki, qəzetlərinin internet versiyası da fəaliyyət göstərir və yazılar elektron arxivdə də saxlanılır: "Gün ərzində hazırladığımız məhsulları özümüzün Kaspi.az saytında yerləşdiririk. Materiallarımızın arxivi orada da toplanır. Çox sadə və asan şəkildə axtarış verməklə qəzetimizin materiallarını əldə etmək mümkündür. Biz qəzetimizin tarixinə hörmət əlaməti olaraq neçə il araşdırma aparmışıq.
"Kaspi”nin XIX əsrin sonları XX əsrin əvvəllərindəki nüsxələrini də tapmışıq. Həmin materialları Hollandiyada yaşayan həmyerlilərimizdən biri elektron versiyada saxlayıbmış. Təsisçimiz Sona xanım Vəliyeva danışıqlar apararaq o nüsxələrin ölkəmizə gətirilməsinə nail oldu. Biz onun PDF variantını işləmişik. Düzdü, tam yekunlaşdırmamışıq. Amma saytımızda yerləşdirmişik. Hətta yalnız qədim "Kaspi” qəzetini deyil, həmin dövrdə çıxan əksər qəzetlərin arxivlərini PDF formatda saytımıza yerləşdirmişik. İstənilən araşdırmaçı bir "klik” edib, "Kaspi”nin arxivi ilə tanış ola bilər. Axtarış sistemi də var. Çox rahat şəkildə onlardan istifadə etmək mümkündür”.
İ.Quliyevin qənaətincə, arxiv işi çox önəmli məsələdir: "Bu, tarixə hörmətdir, əməyə verilən dəyərdir. Bir iş görürsənsə, onu qoruyub, saxlamağı da bacarmalısan. Məhsullarımızla gələcək nəsillər də tanış olmalıdırlar. Hesab edirəm ki, bütün mətbuat orqanları, xüsusən də qəzetlər arxiv işinə böyük diqqət ayırmalıdır”.
Qanuna müvafiq olaraq kitabxanalara pulsuz qəzet nüsxələri verilir: "Məsələn, Axundov adına Mərkəzi Kitabxanada qəzetimizin bütün saylarını yığırlar. İstənilən halda gedib, lazımi nömrələrimizlə tanış olmaq olur. Başqa kitabxanalarda da arxivləşdirməni aparırlar. Qeyd etdiyim kimi, bir nəfər ayırmışıq. O da hər gün qəzeti səhifələyib, bir qovluğa yığır. Müəyyən müddətdən sonra onu cildləyirik. 1999-cu ildən bu günə qədər çox böyük material bazamız formalaşıb. 30-dan çox cildlənmiş kitabımız var. Əvvəllər böyük formatda çıxmışıq. Böyük formatda olanlar lap böyük kitablardır. İndiki variantımız isə bir az yığcamdır. Hamısı yığılıb, saxlanılır.
Yəni indiyə qədər olan materiallarımızı otaq şəraitində saxlaya bilirik. Allah qəzetimizə uzun ömür versin, inşallah, gələcəkdə o materialların köhnəlmə, sıradan çıxma təhlükəsi yaranarsa, buna dair adekvat addımlar atacağıq. Hazırda isə ehtiyac yoxdur”.
Arxivlərindən ciddi şəkildə istifadə olunduğunu söyləyən İ.Quliyev deyib ki, onlara araşdırmaçılarla yanaşı, sadə vətəndaşlar da müraciət edir: "Arxivimizdə işləyirlər. Cildləri onların ixtiyarına veririk ki, işləsinlər. Xüsusən araşdırmaçılar bizə daha çox müraciət edirlər.
Onları istiqamətləndiririk ki, 1999-cu ildən sonrakı nömrələrimizlə tanış olmaq üçün redaksiyamıza gəlmək lazımdır. Bəzən araşdırmaçılar istəyirlər ki, özlərinə lazım olan sayları götürüb aparsınlar. Amma buna icazə vermirik. Bildiririk ki, arxivimizdən ancaq redaksiya daxilində yararlanmaq olar. Lakin şəkillərin çəkilməsinə imkan yaradırıq”.
Qədim "Kaspi”nin nüsxələrinə gəlincə, müsahibimiz bəyan edib ki, bunun üçün də internetə çıxışları var: "Maraqlananlara təklif edirik ki, internet versiyamızla tanış olsunlar. Orada qədim "Kaspi”nin elektron versiyasının orijinalını da saxlayırıq. Kiməsə lazım olanda onu redaksiyamıza dəvət edib, o materialları elektron formada təqdim edirik. Demirəm hər gün, amma kifayət qədər müraciət edənlər olur”.
Baş redaktor nəzərə çatdırıb ki, qəzetdə hansısa mövzuya dair məqalə dərc olunubsa, bu, artıq həmin məsələ üçün mənbədir: "Həqiqət və ya doğrunu bilmək istəyən subyekt bir neçə mənbəni araşdırmalıdır. Demirəm ki, "Kaspi” qəzeti nə yazıbsa, hamısını fakt kimi qəbul etmək lazımdır. Subyektiv yanaşma ola bilər. Müsahiblərin subyektiv fikirləri dərc olunur. Araşdırmaçılar bir məsələni bir neçə mənbədən araşdırmalıdırlar. Sonda isə bütün materialları ümumiləşdirib, qərar verməlidirlər ki, bundan fakt kimi faydalanmaq olar, ya yox. Birmənalı şəkildə "nə yazmışıqsa, faktdır” desək, bu, artıq düzgün yanaşma deyil. Qəzetçilik yaradıcı işdir. Ortada subyektiv meyillər də ola bilər. Dövrün tələbinə uyğun müəyyən xüsusi yanaşmalar da tirajlana bilər. Məsələni dəqiqləşdirmək üçün bir neçə mənbəyə müraciət etmək lazımdır”.
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb