"Tarixçinin o texniki səhvini ermənilər götürüb, 3-4 ildən sonra hər yerə yayacaqlar ki, azərbaycanlılar özləri bunu qəbul edir"
Tarixçi alim qalmaqallı tarix dərsliyindən danışdı: "Sanki hansısa əllər millətin tarixinə qarşı oynayır"
Dilavər Əzimli:" Azərbaycanda xaricdən gələn əllər güclü işləyir. Bütün sahələrə bu əllər uzanmaqdadır. Bu məsələdə də hansısa bizə qarşı olan xarici əl işləyib"
"Tarixçinin o texniki səhvini ermənilər götürüb, 3-4 ildən sonra hər yerə yayacaqlar ki, azərbaycanlılar özləri bunu qəbul edir"
"Tarixçinin o texniki səhvini ermənilər götürüb, 3-4 ildən sonra hər yerə yayacaqlar ki, azərbaycanlılar özləri bunu qəbul edir"
"Dərsliklər millətin həyatında önəmli rol oynayan bilgi mənbəyidir. Vətəndaşı bu dərsliklər vasitəsi ilə yetişdiririk”.
Bu sözləri "Sherg.az”a 10-cu sinif tarix dərsliyində yer alan növbəti rüsvayçılıqla bağlı danışarkən tarixçi-alim Dilavər Əzimli deyib.
O bildirib ki, orta məktəblərə xüsusi önəm verilməlidir:
"Çünki insanın yetişmə dövrü bəzən orta məktəblərdə baş verir. Ona görə, dünyanın bütün inkişaf etmiş ölkələrində dərsliklərə xüsusi əhəmiyyət verirlər.
Son dövrlərdə Azərbaycanda ümumi təhsil sistemində ciddi tənəzzül baş verir. Hansısa əllər sanki millətin tarixinə qarşı oynayır. Ali məktəblərdə Azərbaycan tarixinin, Türkologiyanın saatları azaldılır, əvəzinə başqa fənlər uzadılır. Eyni proses orta məktəblərdə də gedir.
İlk növbədə dərslik yazmaq üçün milli konsepsiya olmalıdır. Milli konsepsiya olmasa, istədiyimizə nail ola bilməyəcəyik. Hazırda dərsliklər hansı konsepsiya əsasında, necə yazılır, kimlər bura dəvət olunur, sual altındadır.
Sözügedən tarix kitabının Azərbaycan dilli variantı ilə bağlı da məsələ qaldırılmışdı. Həmin kitabın Azərbaycan variantını da eyni müəlliflər hazırlamışdı. Müxtəlif qurumlar, tarixçilər həmin dərslikdə ciddi səhvlər olması ilə bağlı fikirlərini irəli sürdü. Lakin vecinə alan olmadı. Üstəlik, o dərsliklərin rus dilində variantını tərtib etdilər.
Dərslikləri yazmaq asan məsələ deyil. Konkret bu sahədə yazılan dərsliklərə tender elan olunmalıdır. Bunun əsasında milli konsepsiyanı yaza biləcək insanlar cəlb olunmalıdır. Azərbaycanın qədim, orta əsrlər tarixinə xüsusilə önəm vermək lazımdır. 10-cu sinif dərsliklərində bu cür kobud səhvin yer alması ya məntiqsizlikdən, ya savadsızlıqdan, ya da bilərəkdən atılmış addımdır.
Tutaq ki, dərslik yazılıb, təsdiq edilib. Bəs müzakirələrdən necə keçib? Axı təhsil naziri imza atana qədər həmin dərsliyə necə olub ki, baxmayıblar? Vətəndaşlar bunu aşkar edəndən sonra nazirliyin və tərtibçilərin yadına düşüb ki, belə səhv var ?!”.
Dərslik müəlliflərindən birinin "Vikipediadan götürmüşük” sözlərinə sərt reaksiya verən D.Əzimli vurğulayıb ki, savadsızlıq elə buradan özünü büruzə verir:
"Vikipediada Roma ilə bağlı 51 xəritə var. Bu xəritələrin biri də məhz Vikipedia məlumat bazasından götürülüb. Bu xəritə Benito Mussolini dövründə daş üzərində çəkilib. Həmin vaxt Avropa mərkəzçilik xətti deyilən xətt əsasında "Böyük Ermənistan” təbliğatı aparırdılar. Bu təbliğat xəttini isə SSRİ tarixşünaslığı aparırdı.
Bu xəritəni götürüb, tarix dərsliyinə atmaq nəyə xidmət edir? Müəlliflər bunun texniki səhv olduğunu irəli sürür. Bu, yolverilməzdir. Tarixçinin o texniki səhvini ermənilər götürüb, 3-4 ildən sonra hər yerə yayacaqlar ki, azərbaycanlılar özləri bunu qəbul edir. Belə olduğu halda texniki belə olsa, bağışlanmayan qüsurdur. Məsələ ilə bağlı cavabdeh şəxslər, imza atanlar cəzalandırılmalıdır. Çünki bir dərslikdə gedən bu səhv millətə ağır başa gələ bilər.
Azərbaycanda xaricdən gələn əllər güclü işləyir. Bütün sahələrə bu əllər uzanmaqdadır. Bu məsələdə də hansısa bizə qarşı olan xarici əl işləyib. Lakin onlar güclü maliyyə mənbəyi əsasında Azərbaycanın təhsilinə və digər sahələrə təsir edirlər. Həmin şəxsləri sıradan çıxarmaq mütləqdir.
Bu cür səhvlərin təkrarlanmaması üçün dərsliklər üzərində xüsusi nəzarət qurulmalıdır. Milli konsepsiyaya əsaslanan dərsliklər hazırlanmalıdır. Azərbaycan müstəqil dövlətdir və onun tarixi digər ölkələrin tarixçilərinin rəyləri əsasında yazılmamalıdır. Azərbaycan tarixi dərslikləri ölkənin milli tarixçilərinin yazdıqları əsasında formalaşmalıdır. Xəritələr də milli xəritələr olmalıdır. AMEA Tarix İnstitutunun hazırladığı xəritələr var və onlar mütəxəssislərə təqdim olunmalıdır.
Heç bir mənbədə "Armeniya” yazılmır. Bu "Ərməniyyə” yaxud "Erməniyyə” şəklində yazılır. Həmin ifadənin ortalığa çıxmasının mexanizmini dəqiq bilmək, tərtibçilərin araşdırması lazımdır. Əks halda bu kimi hallar davam edəcək”.
Qeyd edək ki, 10-cu sinif şagirdləri üçün rus dilindəki "Azərbaycan tarixi" kitabında yer almış xəritədə dənizdən dənizə "Böyük Ermənistan" dövlətinin mövcud olduğu göstərilib. Həmin xəritəyə əsasən, Azərbaycanın, İranın, Gürcüstanın və Türkiyənin ərazilərinin bir hissəsi guya vaxtilə Ermənistan adlı dövlətin tərkibində olub.
9 nəfərin müəllifi olduğu dərslik 2017-ci ildə Bakıda çap edilib və 7000 tirajla yayılıb.
Aysel Aslan