Tarixi razılaşma...





Ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ilə Rusiya Prezidenti Vladimir Putin Soçidə görüş keçirib. Mətbuata qapalı keçən görüş 1 saat 50 dəqiqə davam edib. Təkbətək görüşdən sonra prezidentlər nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar aparıblar. Liderlərin görüşündə Suriya məsələsi başda olmaqla, bir sıra regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ərdoğan görüşün əvvəlində Türkiyənin Rusiya ilə siyasi, hərbi, iqtisadi və digər sahələrdə əlaqələrinin genişləndiyini diqqətə çatdırıb. 

Xüsusən regional mövzularda iki ölkənin mövqeyinin bölgəni də umidləndirdiyini deyən Türkiyə lideri rusiyalı həmkarı ilə görüşlərin mühüm olduğunu bildirib. Putin isə qeyd edib ki, iki ölkənin əlaqələri yüksələn xətlə inkişaf edir və bölgənin təhlükəsizliyi baxımından əməkdaşlıq genişlənir. Türkiyə və Rusiya hərbçilərinin bölgədə ortaq hərəkət mexanizmi quracaqlarını ifadə edən Putin bildirib ki, ağır hərbi texnika və silahlar münaqişə rayonundan çıxarılacaq. Oktyabrın 15-dən etibarən Suriyanın atəşkəs elan olunan bölgələrində 15-20 kilometrlik təmas xətt üzərində təhlükəsizlik zolağı yaradılacaq.

Sergey Şoyqu: "İdlibdə hərbi əməliyyatlar aparılmayacaq”

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, Soçidə Rusiya və Türkiyə prezidentləri arasında aparılan danışıqların yekunu olaraq Memorandum imzalanıb. Şoyqu bəyan edib ki, Suriyanın İdlib əyalətində hərbi əməliyyatlar aparılmayacaq. Suriya hökuməti də əməliyyatı dayandırmağa hazırdır. Bundan əlavə Putin və Ərdoğan İdlibdə hərbsizləşdirilmiş zonanın yaradılması barədə razılıq əldə ediblər.

İrandan Ərdoğan-Putin razılaşmasına reaksiya

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, son həftələr keçirilən görüşlər və danışıqlar, o cümlədən Rusiya və Türkiyə prezidentlərinin Soçi görüşü nəticəsində Suriyanın İdlib şəhərində müharibənin qarşısını almaq mümkün olub: "Son bir neçə həftə ərzində mənim Ankara və Dəməşqə səfərim, İran-Rusiya-Türkiyə liderlərinin Tehran sammiti və Soçi görüşü sayəsində aparılan intensiv məsuliyyətli diplomatiya İdlibdə müharibənin qarşısını aldı. Diplomatiya hələ də çalışır”.

Ərdoğan bacardı: 4 milyon insanı ölümdən xilas etdi

Qətərli jurnalist Cabir əl-Harəmi Soçi görüşündə İdliblə bağlı əldə edilən tarixi razılaşmanı dəyərləndirərkən deyib ki, Prezident Ərdoğan bir daha məzlum xalqları müdafiə etməyi bacardı. Harəmi sosial şəbəkədə türkcə bunları qeyd edib: "Prezident Ərdoğan bir daha məzlum xalqları müdafiə etməyi bacardı. İdlibdə 4 milyondan atıq suriyalını ölümdən xilas etdi. Bu uğur sionistləşmiş ərəbləri razı salmayacaq. Bunlar həmişə Türkiyəyə qarşı çalışıblar”.

Ərdoğan-Putin görüşü bizi cəsarətləndirir – ABŞ generalı

Soçi razılaşmasına okeanın o tayından da reaksiya verilib. Amerikalı general-leytenant Robert Eşli deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putinin Soçi görüşü Suriya konfliktinin həlli baxımından olduqca əhəmiyyətlidir: "Bu cür müzakirələrin olması bizi cəsarətləndirir. İdlibdəki hazırki vəziyyət "qaynar qazan”a bənzəyir. Regionda 20 fərqli qrup və təşkilat mövcuddur”.

BMT-dən Putin-Ərdoğan görüşünə reaksiya...

BMT baş katibinin sözçüsü Stefan Düjarrik də bildirib ki, Rusiya lideri Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Soçidə baş tutan görüş olduqca önəmlidir: "Bu görüş İdlib sakinlərinin həyatında müsbət rol oynayacaq. İdlibdə mülki şəxslər böyük təhlükədədir. Ona görə də cəsarətli addımlar atmaq lazımdır”.

"Çox mühüm razılaşmadır”

Tarixi razılaşma ilə bağlı "Şərq”ə danışan siyasi elmlər namizədi Zaur Məmmədov bu anlaşmanın hər iki ölkə, həm Türkiyə, həm də Rusiya üçün əhəmiyyətli olduğunu bəyan edib: 

"Həm Rusiya, həm də Türkiyə indiki durumda bir-birinə möhtacdır. Onların Suriyada üz-üzə gəlmələri hər iki tərəf üçün çox ağır nəticələnə bilərdi. İndiki halda isə bölgəni rus və türk hərbçiləri birgə mühafizə edəcək. Nəticədə İdlib terrorçulardan və radikal müxalif qruplarından təmizlənəcək. O baxımdan çox mühüm razılaşmadır”.

İsmayıl