“Teatr bizim üçün toya getməkdən maraqlı görünürdü”
Səidə Quliyeva: “Sovet zamanı gənclər, sevənlər öz sevdiklərini teatra dəvət edərdilər. Bu gün bu ənənələr qalmayıb”
Teatr sənətinin estetikasını, onun poetikasını bilmədən, səhnənin daxili enerjisinə çevirmədən hər hansı bir uğuru da əldə etmək çox çətindir. Zamanın ruhunu sənətin fövqünə qaldırmaq, peşəkarcasına rol oynamaq və onun insan ömrünün bir parçasına çevrilməsi sənətin əsl mahiyyətidir. Çünki teatr mədəniyyətin ən kübar sahəsi sayılır.
"Şərq”in bu dəfəki qonağı xalq artisti Səidə Quliyeva məhz ömrünü teatra həsr edən sənətkar ömrü yaşayıb. Səidə Quliyeva ilə teatrın bu günündən, aktrisa ömründən danışdıq.
- Sovet dönəmində teatra münasibət fərqli idi. Deyirlər bu gün teatr dönəmi bitib. Bu fikirlə razılaşmaq olarmı?
- Heç bir şəkildə bunu qəbul edə bilmərəm. Çünki bütün dönəmlərdə hər sahədə çətinliklər olur. Teatrın da enişi olan zamanlar ola bilər. Amma bu bütünlükdə teatrın tükənməsi demək deyil. Bizdə də belədi. Mən sadəcə teatrın çökməsi fikrini qəbul edə bilmərəm. Azərbaycana teatr lazımdımı? Hərdən bu suallar da ünvanlanır. Ya da "Teatr kimə lazımdır?” deyə müzakirə gedir. Nə danışırsız? Teatr vacib olan bir sahədi. Bir milləti teatrsız təsəvvür etmək olmur. Sivil bir ölkədə teatrsız necə keçinmək olar. Bu gün dünyanın bir çox ölkələrindən bizə qonaq gəlirlər, ölkəmizə turistlər gəlir. Teatrsız mümkündümü? Teatrın dönəmi bitə bilməz. İnandırım sizi ki, ətrafımda olan insanlar teatra tez-tez gedirlər. Olub ki, bir müddət teatrdan uzaqlaşan tamaşaçılarla ünsiyyət yaranıb, onları tamaşalarımıza dəvət etmişəm. Tamaşadan sonra deyiblər ki, Səidə xanım biz nə günah iş görmüşük ki, bir müddət teatra gəlməmişik, tamaşaları izləmək imkanını əlimizdən qaçırmışıq. Mən öz payıma deyirəm. Teatra gələn tamaşaçı ordan müəyyən bir təəssüratla ayrılır. Teatr insanın ruhuna təsir edir. Ələlxüsusda Azdramada olan tamaşalar tamaşaçıya təsir edir. Həm də Azdrama Ana teatr sayılır.
- Bu günün gəncləri sosial media, internet dünyasına o qədər kökləniblər ki, teatra getmək ənənəsindən uzaqlaşıblar.
- Bu tamamilə başqa bir yaramızdı. Bu bir bəladı. Bu barədə saatlarla danışmaq olar. Sovet zamanı gənclər, sevənlər öz sevdiklərini teatra dəvət edərdilər. Bu gün bu ənənələr qalmayıb. Bu həqiqətən təəssüf yaradır. İnsanların həyat tərzi dəyişib. Bizim dönəmlərdə teatra xüsusi bir təmtəraqla hazırlaşardıq, təzə paltar tikdirərdik, yeni ayaqqabı alardıq. Saçımızı bərbərxanada düzəldib teatra gedərdik. Teatr bizim üçün toya getməkdən də maraqlı görünürdü. Bu eşq bu günün gənclərində yoxdu. Amma teatrın bitməyini qəbul edə bilmərəm. Bəlkə də mən teatrın fanatıyam. Bu mənim həyatımdı, yaşam tərzim, sevgimdi. Biz çalışmalıyıq ki, gənclərə teatrı sevdirək.
- Televiziyaların teatrın təbliğində rolu nə qədər böyükdü. Tamaşaların piarı televiziyalarda aparılsa, gənclərdə maraq yaratmaq olarmı?
- Bu gün gənclik əslində televizora da baxmır. Daha çox sosial şəbəkədə, telefonda vaxtlarını keçirməyə maraqlıdırlar. Qısa məlumatlarla kifayətlənmiş olurlar. Amma televiziya istənilən halda böyük təsir gücünə malikdi. Teatrlarımız, teatr tamaşalarımız düzgün təbliğ edilsə, tamaşaçıların da marağı olacaq. Telekanallarda aktyor sənəti, teatr məsələləri çox az hallarda müzakirə edilib. Bu barədə verilişlərə nadir hallarda rast gəlmək olur. Əsasən şou əhli, müğənnilər qonaq olurlar, onlardan danışılır. Teatr bu baxımdan kənarda dayanır. Axı Azərbaycan mədəniyyəti təkcə müğənnidən ibarət deyil. Gəlin bundan başlayaq. Teatr sənəti televiziyalarımızda təbliğ olunurmu? Bunu soruşaq. Teatr sahəsində olan insanların təbliği istiqamətində işlər görülməlidi. Biz əvvəllər Azərbaycanın bütün bölgələrinə qastrol səfərlərinə gedərdik. Bir ay Azərbaycanın müxtəlif kəndlərində, bölgələrində tamaşalarla çıxış edərdik. Yay aylarında rayonlarda olardıq. Bu da teatra maraq yaradırdı. Bu həvəsi yenidən yaratmaq lazımdı. Televiziyalarımızda teletamaşalar təqdim edilirdi.
- Elə biz tamaşaçılar da aktyorlarımızı çox zaman teletamaşalardan tanıyırdıq. Televiziyada tamaşalar müzakirə edilirdi, aktyorlar dəvət olunurdu.
- O zamanlar ciddi mədəniyyət təbliğ edilirdi. Bu gün bu təbliğatı görə bilmirik. Bu gün hamı türk seriallarına baxırlar. Halbuki bizim aktyorlar heç də türklərdən zəif deyil. Teatr bizim milli sərvətimizdi. Milli sərvətimizə biganə münasibət göstərmək yolverilməzdi.
- Qeyd etdiniz ki, türk seriallarına tamaşaçılarımızın marağı böyükdü. Səbəb nədi? Bizim aktyorlarımız zəifdi, ya başqa səbəb var.
- Bilirsiz, səbəblər çoxdu. Yerli seriallarımızı izləyirsiz yəqin. Orda bizim teatrın aktyorlarını çoxmu görə bilirsiz? Yəqin ki, yox. Çünki Azdramanın az sayda aktyoru seriallara çəkilir, ya da dəvət alır. Çəkilənlərin çoxunu mən özüm belə tanımıram. Bəzən bu sahədə qeyri-peşəkar olanlar seriala çəkilirsə, orda hansı tamaşaçı marağından, aktyor oyunundan söhbət gedə bilər. Türkiyədə də seriallara bəzən təsadüfi aktyorlar dəvət olunur. Amma onlar həmin aktyorun üzərində çox işləyirlər. Onu o səviyyəyə çatdırırlar ki, serialda olan digər aktyorlar da tərəf-müqabili kimi əziyyət çəkməsinlər. Serial mənim yaralı yerimdi. Azərbaycanda çəkilən serial mövzusu mənim qanım axan yarama çevrilib. Ona görə ki, peşəkar aktyorlara olan hörmətsizlikdi. Bu məni narahat edir.
- Seriallara dəvət olunursuz?
- Dəvət olunuram. Elə bu yaxınlarda bir seriala dəvət olundum. Cəmi 6 bölümə çəkildim. Heç nə məni qane etmədi. Tərəf-müqabillərim pis deyildi. Dəniz Tacəddin adlı gənc aktrisamızla çəkildim. İstedadlı aktrisadır. Sadəcə serialın yaradıcı truppası məni tam qane etmədi. Nə rejissor, nə operator filan onlar məni qane etmədi. Səriştəsiz, qeyri-peşəkar bir komanda ilə serial çəkilirdi. Maddi baxımdan da çəkildiyim 6 bölümdən bu günə qədər də 1 manat pul almamışam. Film "Space”də gedirdi. Amma prodakşn serialı idi. Mən Vaqif Mustafayevin adına böyük hörmətlə yanaşıram. Mənim film rejissorum Vaqif müəllimdi. Məhz ona görə də razılaşmışdım. Demək istədiyim odur ki, film çəkməyi ancaq peşəkarlara həvalə etməlidirlər. Mən bunun dərinliyinə gedib özümü ucuzlaşdırmaq istəmirəm.
- Belə bir fikir formalaşıb. 50 manata çəkilən aktyordan nə gözləmək olar? Qonorarın az, ya da çox olması aktyorun oyun tərzinə təsir edə bilirmi?
- Yox, peşəkar aktyor üçün qonorarın əslində önəmi yoxdu. Düzdü, mən həmişə yüksək qonorar istəyirəm. Yüksək qonorar yoxdusa, çəkilmirəm. Amma böyük mənada sənətin ona aidiyyəti yoxdu. Əgər güclü ssenaridisə, ciddi filmdisə, peşəkar tərəf-müqabilim varsa, orda qonorar mənim üçün vacib sayılmaz, inanın pulsuz da çəkilərəm.
- Tərəf-müqabilinin güclü olub-olmaması aktyorun oyununa nə dərəcədə təsir edir?
- Tərəf-müqabilinin aktyorun oyun tərzinə böyük təsiri var. Sənin uğurunun 50 faizi tərəf-müqabilindən asılıdır. Tərəf-müqabili sənin ifanı tamamlayır, ya da tam əksinə tərəf-müqabili sənin ifanı bir anda gözdən sala bilər. Mən səhnəni o qədər müqəddəs hesab edirəm ki, ona xəyanət edə bilmərəm. Zaman gəlsə anlasam ki, mən səhnəyə çıxa bilmirəm, artıq səhnədə fiziki gücüm tükənib, mən özümü tamaşaçıya da güldürə bilmərəm. Yəni səhnədən vaxtında uzaqlaşmağı da bacarmaq lazımdı.
Tahirə