Təcili yardım maşınlarında gah qaz daşınır, gah da ondan taksi kimi istifadə olunur - BİABIRÇILIQ

"Siqaret çəkən, spirtli içki içən şəxsi necə təcili tibbi yardım maşınına sürücü götürmək olar? Kadrı vaxtında düzgün seçsək, sonradan cəza verməyə ehtiyac olmayacaq""Ev quşunun adi tükündən belə sonradan maşında daşınan yaralıya, xəstəyə infeksiya yayıla bilər"
"Tək təcili yardım maşınları deyil, ümumən dövlət mülkiyyətinin şəxsi məqsədlər üçün istifadə edilməsi yol verilməzdir”.
Bunu "Sherg.az”a Gədəbəydə təcili yardım maşınından ev quşlarının daşınmasında istifadə edilməsinə münasibət bildirərkən Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, həkim Sərdar Cəlaloğlu deyib. 
Onun sözlərinə görə, kim olur olsun, xidməti maşını ailəsi, şəxsi marağı üçün istifadə edə bilməz:
"Çünki xidməti maşın yalnız həmin şəxsin iş yükünü azaltması üçün verilir. Təcili tibbi yardım maşınları nə həkimlərin, nə sürücünün, nə də digər işçilərin hər hansı şəxsi ehtiyacı üçün istifadə edilə bilər. Bu, yalmız tibbi maşınlara aid edilmir. Baxırıq ki, nazirlərin, deputatların, polisin və s. dövlət işçilərinin xidməti maşınları onların ailələrinə xidmət edir. Bu, nəzarətin zəif olması ilə bağlıdır.
Xüsusilə, təcili tibbi yardım maşını xəstələrin, yaralıların daşınması üçündür. Həmin şəxs tibbi maşında toyuq daşıyır. Bundan sonra həmin maşının içərisinin təmiz olması, infeksiya keçməməsi sual altında qalır. Ev quşunun adi tükündən belə sonradan maşında daşınan yaralıya, xəstəyə infeksiya yayıla bilər. Buna görə, təcili tibbi yardım maşınları xüsusilə, diqqətlə istifadə olunmalıdır.
Belə hallara yol verilməsi, özbaşınalıqla əlaqədardır. Hər kəs əlində olan imkandan yalnız öz məqsədləri üçün istifadə edir. Təcili tibbi yardım maşınları hətta lazım gəldikdə pul alıb, kimisə harasa aparmağa da xidmət edir. Çünki dəfələrlə eşitmişik, tıxac olur, bəziləri təcili yardım maşınının sürücüsünə pul verib, bir növ taksi kimi istifadə edirlər. Belə hallar birbaşa nəzarətsizliyin nəticəsidir”.
Təcili yardım maşının öz şəxsi bazarlığı üçün istifadə edən sürücünün və buna şərait yaradan baş həkimin cəzalandırılmasına gəlincə, S.Cəlaloğlu deyib ki, hər şeyi cəza ilə yoluna qoymaq yanlışdır:
"Düşünürəm, biz daha çox maarifləndirmə ilə bunu həll etməliyik. Yoxsa, cəza verməyə qalsa, ölkədə o qədər səhv, yanlış iş görənlər var ki. Hər kəsə cəza düşünsək, gərək əksəriyyəti cəzalandıraq. İlk növbədə başa salmaq, maarifləndirmə aparmaq, ikincisi isə nəzarəti gücləndirmək lazımdır. Təcili yardım maşını sürən şəxsləri necə gəldi işə götürmək də olmaz. Onlara xüsusi şərtlər qoyulmalıdır. Onların nə qədər humanist olmasından tutmuş, keçmişinə qədər diqqət etməliyik. Siqaret çəkən, spirtli içki içən şəxsi necə təcili tibbi yardım maşınına sürücü götürmək olar? Kadrı vaxtında düzgün seçsək, sonradan cəza verməyə ehtiyac olmayacaq.
Azərbaycanda isə nə düzgün kadr seçimi, nə də ciddi nəzarət var. Hətta adi sürücüləri belə işə alarkən dostluğa, tanışlığa baxırlar. Ona görə, kim gəldi işə götürülür və kadrların düzgün seçilməməsindən meydana gələn problemlər yaşanır. Məsələni kökündən həll etmək üçün kadr seçimini ciddi həyata keçirmək lazımdır”.
Qeyd edək ki, Gədəbəy Mərkəzi rayon Xəstəxanasının təcili yardım şöbəsinin müdiri Məhəmməd Tağıyev sürücünün iş saatından sonra evə gedərkən bazardan 4-5 ədəd qaz alaraq evinə apardığını ehtimal edib. Şöbə müdiri bildirib ki, onlarda 13 maşın var və növbə ilə işləyirlər. Evə gedəndə işçiləri də o maşınlar aparır.
Aysel Aslan