
Təcili yardım pullu ola bilməz
Bununla nə millət vəkili, nə də həkim razılaşır, amma...“Çox güman ki, əsassız çağırışların siyahısı hazırlanacaq və həkim də o siyahıya görə hərəkət edəcək”

Təcili tibbi yardımın keyfiyyətini artırmaq məqsədilə vahid elektron sistem yaradılacaq. Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev aktiv naviqasiya sistemin formalaşması ilə bağlı proqram hazırlandığını deyib. Sənədə əsasən, hər bir vətəndaş üçün ayrıca elektron səhiyyə kartı yaradılacaq. Kartda müraciət edən şəxsin həmin an yerləşdiyi məkan dəqiq göstəriləcək. Baş həkimin sözlərinə görə, bu sistem əlavə suallara da son qoyacaq.
Sistemdə eyni zamanda pasiyentin təcili yardıma müraciət edənədək həkimlə təmasları, xəstəlikləri, şikayətləri, müalicə üsulları və digər informasiyalar toplanacaq.
Yeni sistemin işə düşməsi ilə əsassız müraciətlərin azalacağına ümid edən R.Nağıyev gün ərzində təcili yardıma 2 minə yaxın müraciətin daxil olduğunu deyib və əsassız müraciətlərdən gileylənib: "Onların ancaq 40 faizi bizə aiddir. 60 faiz hallarda isə pasiyentlərə təcili yardım deyil, ətraflı müayinə lazım olduğu üzə çıxır. Onlar əslində poliklinikaya və xəstəxanalara müraciət etməlidirlər. Amma bizə zəng edirlər. Bu da əlavə vaxt və vəsait itkisinə səbəb olur”. Bunun qarşısını almaq üçün baş həkim təcili yardıma aid olmayan çağırışların pullu olacağını deyib. Bir nəfərə təcili tibbi yardım göstərilməsinin 100-140 manata başa gəldiyini vurğulayan baş həkim hesab edir ki, onlara aid olmayan çağırışlara görə pasiyentlər pul ödəməlidir.
Məsələ ilə bağlı münasibət bildirən ictimaiyyət üzvləri və ekspertlərin fikirləri haçalanıb. Bu yanaşmanı absurd hesab edənlərlə yanaşı, Rauf Nağıyevin açıqlamasının məqsədəuyğun olduğunu düşünənlər də var.
"Sən pul ödə, mən gəlim xidmət göstərim” mümkün deyil...
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev BŞTTYS-nin baş həkiminin bəzi çağırışların ödənişli edilməsi ilə bağlı səsləndirdiyi fikirlərin mümkünsüz olduğunu bəyan edib.
Ödənişli təcili yardım xidmətini təsəvvür belə edə bilmədiyini vurğulayan millət vəkili hesab edir ki, baş həkimin dediyi kimi onlara aid olmayan, yaxud təkrar çağırışlara, VİP xidmətlərinə görə xidmət pullu ola bilər: "Sadəcə bu sadalananları hansı şəkildə ödənişli edəcəklərini düşünə bilmirəm. Faktiki olaraq bizim qanunvericiliyə görə səhiyyə xidmətləri pulsuzdur və dövlət vəsaiti hesabına həyata keçirilir. Özəl tibbi xidmət yaratmaq mümkündür ki, özəl qaydada fəaliyyət göstərsin. Amma bu gün dövlətdə bütün tibbi xidmətlər pulsuzdur. Müəyyən dövrlərdə poliklinikalarda müayinələr pullu olsa da, sonradan onlar da ləğv edilib. Əsassız çağırışlara nəzarət etmək üçün elektron hökumət səviyyəsində formalar tapmaq mümkündür. Yəni, hər bir xəstənin ambulator kartasında olan məlumatları hər hansı cip vasitəsilə əlaqələndirə bilər və təkrar çağırışın nə ilə bağlı olduğunu aydınlaşdıra bilərlər.
Amma ilkin, təcili təxirəsalınmaz çağırışlarda "sən pul ödə, mən gəlim xidmət göstərim” mümkün deyil və bunu doğru da hesab etmirəm”.
Tibbi sığorta bu problemləri həll edəcək
M.Quliyev icbari tibbi sığortanın tətbiqindən sonra bu məsələlərin öz həllini tapacağını deyib: "Yaxın vaxtlarda icbari tibbi sığortanı qəbul edəcəyik. Bu zaman isə təkrar və ixtisaslaşmış çağırışlar paketə daxil ediləcək.
Ümumilikdə təcili yardımla bağlı pullu xidməti mən təsəvvür edə bilmirəm. Bu, həm qanunvericiliyə uyğun gəlmir, həm də insanların sosial vəziyyəti buna imkan vermir. Azərbaycan sosial dövlətdir, təcili və təxirəsalınmaz yardımlar həmişə dövlətin vəsaiti hesabına həyata keçirilməlidir”. (modern.az)
Belə bir hesablama sistemi yoxdur
M.Quliyev R.Nağıyevin "İndi bir nəfərə təcili tibbi yardımın göstərilməsi 100-140 manata başa gəlir. Ona görə də hesab edirik ki, bizə aid olmayan çağırışlara görə pasiyentlər pul ödəməlidir” fikrinə cavab olaraq bu hesablanma mexanizminin ona çox qəribə göründüyünü deyib: "Bunu necə hesablayıblar?! Mənə çox maraqlıdır. Yəni, belə çıxır ki, bura həkim və tibb bacısının zəhmət haqqını, istifadə olunan dərmanların, nəqliyyatın xərcini daxil ediblər. Amma belə bir hesablama sistemi yoxdur. Ola bilər ki, baş həkim özəl tibb müəssisəsinin təcili yardımı ilə müqayisəli bunu deyib. Amma bir daha nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycanda təcili tibbi yardım pulsuz olduğuna görə, onun özəl qaydada kalkulyasiyası mümkünsüzdür”.
Hamısının da bir arqumenti var - BORCUNUZDU!
Uzun müddət təcili tibbi yardım stansiyasında fəaliyyət göstərdiyini vurğulayan pediatr Vaqif Qarayev də "Şərq”ə açıqlamasında BŞTTYS-yə daxil olan əsassız çağırışların kifayət qədər olduğunu deyib: "Gündüz saatlarında yaşanan adi baş ağrısına görə niyə TTY çağırılsın ki? Yaxud da uşaqda bir balaca narahatlıq varsa, buna təcili tibbi yardım neyləsin? Respublikada "n” qədər poliklinika var, sahə həkimləri fəaliyyət göstərir. Bu kimi narahatlıqlar zamanı onlara müraciət etməlidirlər. Hələ mən adi təzyiq, şəkər ölçdürən və yaxud qayınanası ilə dalaşdığı üçün əsəbiləşən, 37 dərəcə qızdırması olan insanların təcili tibbi yardıma müraciət etməsini demirəm. Sadəcə gündüz yox, gecə saatlarında da belə çağırışlar olur. Ailədaxili münaqişə olanda tərəflərdən biri vəziyyətinin daha da ciddi olduğunu şişirtmək üçün TTY çağırır. Hamısının da bir arqumenti var - BORCUNUZDU! Az qala bizim ölkədə təcili tibbi yardım həkimi nökər statusuna düşür! Hətta çox vaxt evdəkilər həkimə "komanda” verir ki, filan dərmanı yox, mən istədiyim dərmanı vur! Baxırsan ki, pasiyent mütləq xəstəxanaya getməlidi, amma qohumları imtina edir, həkimsən, nə yardım lazımdısa, sən elə! Yəni belə hallarda mən də razıyam ki, xəstələr rəsmi pul ödəsinlər. Bəlkə ondan sonra əsassız çağırışların sayı azalar və təcili tibbi yardım həkimləri də öz işləri ilə məşğul ola bilərlər. Sadəcə indiki şərtlər daxilində bu məsələnin tənzimlənməsinin çox müşkül olduğunu düşünürəm. Əvvəla ona görə ki, TTYS dövlət müəssisəsidi və pulsuz tibbi yardım göstərməlidir. İkincisi də ki, TTY-ə daha çox əhalinin imkansız təbəqəsi müraciət edir. Onlar ödəniş edə bilməyəcəklər. Bu isə son nəticədə həkim-pasiyent konfliktlərinə yol açacaq, vətəndaşlar hər gün həkimlərdən şikayət edəcəklər və s. və i.a”.
Həkimin sözlərinə görə, bu kimi məsələləri tənzimləmək üçün qanunvericilikdə ciddi dəyişikliklər olmalıdır. Ola bilsin olacaq da. Hər halda BŞTTYS-nin baş həkimi bu məsələni gündəmə gətiribsə, deməli, məlumatı var.
- Bəs, meyarlar necə müəyyən edilir ki, bu xəstənin müraciəti əsassızdır? Ola bilməz ki, ətraflı müalicəyə ehtiyacı olan xəstə hansısa səbəbdən həkimə gedə bilmir?
- 37 dərəcə qızdırma TTY-lik deyil axı? Məgər vətəndaşlar adi baş ağrısına görə özü gedib aptekdən ağrıkəsici ala bilməz? Yaxud da evdəki qalmaqala görə əsəbiləşən, əhvalı dəyişən adama validolu mütləq təcili tibbi yardım həkimləri verməlidir? Özü içə bilməz ki? Konkret sualınıza gəldikdə isə onu deyim ki, çox güman ki, əsassız çağırışların siyahısı hazırlanacaq (çağırışın səbəbinə görə) və həkim də o siyahıya görə hərəkət edəcək. Ona görə qanunvericilikdə dəyişikliklər olmasını vacib hesab edirəm ki, bütün bunlar maddələr üzrə qeyd olunmalıdır. Amma yenə də deyim ki, bu ideyanın baş tutacağına inanmıram.
- Bir də, baş həkim hər bir vətəndaş üçün ayrıca elektron səhiyyə kartı yaradılacağını deyib. Kartda müraciət edən şəxsin həmin an yerləşdiyi məkan dəqiq göstəriləcək. Sizcə, bu sistem əlavə suallara son qoyacaq?
- Bəli, bu sistem təcili tibbi yardım həkimlərinin işini çox asanlaşdıracaq. Xüsusilə, xroniki xəstələr haqqında vacib məlumatlar o kartda öz əksini tapacaq. Həm də TTY üçün ən ağrılı problemlərdən birinin - ünvanın tapılmasında- həllində xeyli faydalı olacaq.
Bu problemin yükünü vətəndaşların cibinə girməklə azaltmaq məqsədəuyğun deyil
Bütün bu problemlərin icbari tibbi sığorta sisteminin olmaması səbəbindən qaynaqlandığını vurğulayan tibb elmləri doktoru, professor Adil Qeybulla isə hesab edir ki, sosial müdafiənin bir elementi olan bu çatışmazlıq səhiyyə rəhbərliyinin vətəndaşların xeyrini kifayət qədər düşünmədiyinin göstəricisidir. İndiki situasiyada Təcili Tibbi Yardım Xidmətinin ödənişli xidmətə keçməsinin xeyli problemlər yaradacağını vurğulayan professorun sözlərinə görə, məsələyə kompleks yanaşmaq lazımdır: "Başa düşürəm, təcili tibbi yardım stansiyasında çalışan həkimlərin maaşları aşağıdır. Xidmətin keyfiyyətini, həkimlərin güzəranını yaxşılaşdırmaq üçün real addımlar atılmalı, təxirəsalınmaz tədbirlər keçirilməlidir. Bu, sosial problemlərin daha da artmasına gətirib çıxara bilər”.
A.Qeybullanın sözlərinə görə, səhiyyə sahəsinə ayrılan büdcənin rasional xərclənməsi yolu ilə bu sahədəki çatışmazlıqlar aradan qaldırılmalıdır.
Vətəndaşların əsassız çağırışlarına gəldikdə isə professor deyib ki, bu məsələ yerində müəyyənləşdirilməli, akt tərtib olunmalıdır: "Vətəndaşların əsassız müraciətlərinin qarşısını almaq üçün hansısa addımlar atmaq və bu problemi aradan qaldırmaq olar. Amma konkret meyarlar olmadan, subyektiv rəylər əsasında vətəndaşların narazılığına səbəb olacaq addımlar atmaq onsuz da gərgin olan vəziyyəti daha da ağırlaşdıra bilər. Sosial etirazlara səbəb olacaq addımlar atmazdan əvvəl ehtiyatlı olmaq lazımdır”.
İndiki durumda səhiyyə sahəsində baş verən problemlərdən çıxış yolunu icbari tibbi sığortanın tətbiqində görən ekspert hesab edir ki, başlıca olaraq da doğuş və təcili tibbi təxirəsalınmaz yardım ora daxil edilməlidir. Bu həm həkimlərin maddi durumunun yaxşılaşmasına, həm də insanların sosial narazılığının aradan qalxmasına gətirib çıxaracaq.
Şəymən