Böyük Vətən müharibəsi iştirakçılarına xatirə abidəsi ucaldılıbsa, repressiya qurbanlarının xatirəsi niyə əbədiləşdirilməsin?
Milli Məclisin deputatı Fazil Mustafa Stalin repressiyasının qurbanlarına abidə ucaldılmasını təklif edib. Stalin qurbanlarının məzarlarının tapılması ilə bağlı yayılan məlumatlara münasibət bildirən deputat qeyd edib ki, məzarı aşkarlanan soydaşlarımızın kimliyi ilə bağlı DNT analizi aparılmalıdır. Fazil Mustafa eyni zamanda, repressiya qurbanlarının xatirəsinə abidə ucaldılmasını təklif edib. "Hesab edirəm ki, bu abidə şəhərin mərkəzində, "Sahil” bağında ucaldıla bilər”.
Repressiya dövrünün tədqiqatçısı Aslan Kənan "Şərq”ə açıqlamasında texnologiyaya inamının olmadığını və DNT analizləri vasitəsilə məzarı aşkarlanan soydaşlarımızın kimliyinin müəyyənləşdirilməsinin məqsədəuyğun təklif olmadığını deyib:
"Bu addım atılacaqsa belə bütün repressiya qurbanlarına eyni gözlə baxmaq lazımdır və proses birbaşa dövlət tərəfindən həyata keçirilməlidir. Hər imkanı olan adamın məzarı aşkarlanan repressiya qurbanının kimliyini müəyyənləşdirmək üçün əl- ayağa düşməsi düzgün deyil. Bu məsələ uşaq işi deyil axı!”.
Məsələnin Mikayıl Müşfiqin qalıqlarının tapılması iddiasından sonra gündəmə gəldiyini vurğulayan tədqiqatçı deyib ki, yayılan məlumat həqiqəti əks etdirmir:
"Mikayıl Müşfiq yanvar ayının 5-dən 6-na keçən gecə güllələnib. Onun ölümü ilə bağlı müxtəlif iddialar var, hamısı da əsassız. Biri yazır ki, Müşfiqi Nargin adasında öldürüb, suda batırıblar. Digəri də tamam başqa bir yerdə güllələndiyini iddia edir. Ortada dəqiq bir məlumat olmadıqdan sonra uydurma iddiaları deməyin nə mənası var? Bizə aydın olan yeganə fakt Mikayıl Müşfiqin güllələnərək öldürülməsidir.
20 dəqiqəlik məhkəmədən sonra Müşfiq haqqında hökm çıxarılıb və yanvarın 6-sı gecə saatlarında bu hökm icra olunub. Məndə olan məlumata görə, repressiya qurbanları bağlı yerdə baş tutub və onların sağa-sola tərpənmək imkanı belə olmayıb. Gülləni də heç xəbərləri olmadan vurublar. Həm də ki, Mikayıl Müşfiqi güllələyən adamın kimliyi bəlli deyil, nə də o adam güllələdiyi şəxsin kim olduğunu bilib. Bütün bu müəmmalar fonunda hansı əsasla demək olar ki, tapıntılar Mikayıl Müşfiqə aiddir”.
Millət vəkilinin repressiya qurbanlarının xatirəsinə abidə ucaldılması təklifinə gəldikdə isə A.Kənan bu təşəbbüsü müsbət dəyərləndirdiyini deyib:
"1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına xatirə abidəsi ucaldılıbsa, repressiya qurbanlarının xatirəsi niyə əbədiləşdirilməsin? Bu abidədə sadəcə ədəbiyyat və incəsənət xadimləri yox, Stalin repressiyasının qurbanlarına çevrilən sadə vətəndaşlar da olmalıdır. Qolçomaq adı altında kəndlilərin əksəriyyətini iki qoyun, bir keçinin üstündə şərləyərək güllələyib. Fazil Mustafanın təklifi çox ağıllı fikirdir, məncə, müvafiq qurumlar bu istiqamətdə real addımlar atmalıdır”.
Şəymən