Məmməd Gülməmmədov: “Analitik yazıların az olmasının səbəbi jurnalistikanın bu sahəsinin hələ yeni-yeni inkişaf etməsidir”
Təhlil yazan jurnalistlər var, ancaq çox azdır
Azər Həsrət: “Məsələ sadəcə maliyyə ilə bağlıdır. Çünki bizdə ifadə azadlığı sarıdan problem yoxdur”
Məmməd Gülməmmədov: “Analitik yazıların az olmasının səbəbi jurnalistikanın bu sahəsinin hələ yeni-yeni inkişaf etməsidir”
Məmməd Gülməmmədov: “Analitik yazıların az olmasının səbəbi jurnalistikanın bu sahəsinin hələ yeni-yeni inkişaf etməsidir”
Vasif Əfəndiyev: "Mediamızda kifayət qədər yetişmiş, məlumatlı və analitik təhlilə malik jurnalistlərimiz var"
(əvvəli ötən sayda)
Azərbaycan milli mətbuatı xalqımızın azadlıq amallarının gerçəkləşməsinə, mənəvi dəyərlərinin qorunmasına, müstəqil dövlətçiliyimizin qurulması və inkişafına mühüm töhfələr verib. Müstəqillik illərində mətbuatımız daim dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Söz və məlumat azadlığının inkişaf etdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi, habelə mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ciddi addımlar atılıb. Bununla yanaşı, Azərbaycan mediasında bir sıra problemlər hələ də həll olunmamış qalmaqdadır.
Belə problemlərdən biri də ölkə mətbuatında yer alan siyasi təhlillərin azlıq təşkil etməsidir. Bunu isə əksər ekspertlər həmin sahənin gəlirli olmaması və jurnalistikada ixtisaslaşmanın aparılmaması ilə izah edirlər. Əksər ölkələrdə, eləcə də Qərb mətbuatında ixtisaslaşma elə sürətlə gedir ki, bizlər bu sürəti heç təsəvvür belə edə bilmirik. Belə ölkələrdə iqtisadiyyatdan yazan jurnalistə siyasətdən və ya mədəniyyətdən yazı tapşırmaq ənənəsi yoxdur. Bizdə isə vəziyyət başqa cürdür. Siyasətdən yazan müxbir zərurət olduğu halda iqtisadi təhlillərə də baş vurur.
İxtisaslaşmanın doğurduğu mühüm problemlərdən biri də Azərbaycan jurnalistikasında siyasi təhlillərin az olması, mövcud analitik məqalələrin isə zəif alınmasıdır. Çox az sayda media orqanına rast gəlmək olar ki, beynəlxalq aləmdə və ölkədə baş verən siyasi dəyişikliklərlə bağlı düzgün təhlil versin. Əksər ekspertlər də vurğulayıblar ki, hazırda Azərbaycan mətbuatında siyasi təhlillərə ehtiyac duyulur.
Çünki indi informasiya əsridir. Hamı xəbərləri sosial şəbəkələrdən izləyə bilir. Amma bu xəbərlərin mahiyyəti və hadisələrin necə inkişaf edəcəyi vətəndaşı həmişə narahat edir. Bu səbəbdən oxucular məlumatların analizini də görmək istəyir. Lakin belə analizlərin sayı çox azdır. Analizlərin olmaması müəyyən mənada maliyyə ilə də bağlıdır. Çünki təhlillər üzərində işləmək çox vaxt tələb edir. Bəzən qonorarın azlığı da təhlilçilərin ciddi siyasi təhlillər yazmasına mane olur. Siyasi təhlillərə vaxt və enerji çox sərf olunur. Hesab edilir ki, siyasi təhlillərə verilən dəyər artarsa, təhlilçilər də maraq göstərərlər.
Ekspertlərin fikrincə, hər jurnalist təhlil yaza bilməz. Jurnalistikaya yeni başlayan insan dərhal təhlilə keçərsə, müsbət nəticə ala bilməz. İlk növbədə təcrübə qazanmalıdır. Məsələn, Qərb ölkələrində, eləcə də Türkiyədə təhlili yazıları müəyyən həyat təcrübəsi olan insanlar qələmə alırlar. Ciddi təhlil üçün həyat təcrübəsi və yaxşı mütaliə lazımdır. Siyasi təhlildə tarixi hadisələri və siyasi gedişləri bilmək vacibdir. Təhlilçilər ona da diqqət çəkib ki, çox uzun təhlilləri oxuyan az olur. Belə analizləri yalnız peşəkar oxucular oxuyur. Sıravi vətəndaş yaxın durmur. Bu səbəbdən təhlil çox lakonik və aydın olmalıdır ki, daha çox oxucu qazansın. Qərbdə bu məsələ ön plandadır. Yəni təhlilçilərin əsas hədəfi odur ki, təhlilləri qısa və aydın olsun. Yəni 10 səhifəlik təhlil nə qədər maraqlı olsa da, onu ancaq peşəkarlar oxuyacaq. Təhlilçi yazının oxunmasını istəyirsə, qısa və aydın yazmalıdır. Xatırladaq ki, müxtəlif ölkələrin medialarında təhlili yazılara yanaşma fərqlidir. Daha geniş yayılmış forma təhlili yazıların keçmiş diplomatlara, siyasətçilərə etibar edilməsidir. Çünki bu adamların rəyi peşəkar sayılır.
Məsələ ilə bağlı "Şərq”ə danışan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Azər Həsrət deyib ki, gündəlik və çevik siyasi təhlillərə rast gəlmək bir qədər problemlidir. Onun sözlərinə görə, baş verənləri operativ və savadlı şəkildə təhlil edib cəmiyyətə təqdim edən ekspertlərimiz azdır:
"Eyni zamanda bunu peşəkarcasına həyata keçirə biləcək media qurumlarımız da çox deyil. Bununla belə siyasi təhlillə məşğul olacaq və bunu yüksək səviyyədə gerçəkləşdirəcək qurumların və kadrların olmadığını iddia edə bilmərik. Şəxsən özüm də vaxtaşırı bu işlə məşğul oluram, amma epizodik olaraq. Yəni əsas iş kimi deyil. Məncə, əsas işi siyasi təhlil olanların özlərini realizə edə bilməsi üçün uyğun müstəvilər azdır. Məsələ sadəcə maliyyə ilə bağlıdır. Çünki bizdə ifadə azadlığı sarıdan problem yoxdur. Hər kəs təhlillərini sərbəst şəkildə yaya bilər. Amma bu təhlillər üçün yetərincə maliyyə ayırmağa hazır media qurumlarımızın sayı çox deyil. Bu arada Az.TV və İTV başda olmaqla bir sıra TV kanallarımızı istisna kimi dəyərləndirərdim. Çünki onlar istər siyasi, istərsə də iqtisadi məsələlərdə çevik təhlillər təqdim edirlər”.
Jurnalistin özünün təhlil etməsinə gəlincə isə A.Həsrət bildirib ki, bu, yolverilən və hətta arzuolunandır: "Siyasətdən yazan jurnalist illər ərzində özü peşəkarlaşır, sahəni yaxşı öyrənir və keçmişdə olanları təhlil edərək gələcəklə bağlı proqnoz verməsi üçün imkanı olur.
Siyasi ekspertlərin fikirlərindən istifadə də yerinə düşür. Çünki istənilən halda peşəkar siyasət adamları siyasi təhlili biz jurnalistlərdən daha yaxşı edə bilər. Çünki onlar həm də siyasətin içindədirlər. Lakin burda da bir mənfi cəhət var. Siyasət adamının təhlillərinə cəmiyyətdə həmişə şübhə ilə yanaşılır. Çünki onun siyasi məqsədlərinin olduğu hər kəsə bəllidir. Jurnalist təhlilləri isə daha etibarlı hesab edilir. Axı biz jurnalistlər balansı qorumalı və obyektiv olmalıyıq. Cəmiyyət də bizi belə qəbul etdiyi üçün təhlillərimizə daha çox güvənir”.
"Ölkə.az” saytının baş redaktoru Məmməd Gülməmmədov da bəyan edib ki, Azərbaycan mətbuatında siyasi təhlil və analitik yazıların mövcud durumu o qədər də ürəkaçan deyil:
"Bunun bir çox səbəbi var. Birincisi, ölkədə ekspert qıtlığıdır. İstənilən mövzu ətrafında danışacaq ekspertlərin sayını barmaqla saymaq olar. Söhbət mətbuata açıq ekspertlərdən gedir. Məsələn, Azərbaycanda kifayət qədər siyasi savadı olan politoloqlar var. Sadəcə bu şəxslər ya mətbuata açıq deyillər, ya da onları tapmaq mümkün deyil. Burada da günahın bir hissəsi televiziyaların üstünə düşür. Çünki istənilən kanala baxın, verilişlərə dəvət edilən ekspertlər demək olar ki, eyni simalar olur”. Baş redaktor bildirib ki, analitik yazıların az olmasının səbəbi jurnalistikanın bu sahəsinin hələ yeni-yeni inkişaf etməsidir:
"Azərbaycan mətbuatını Türkiyə və Qərb mətbuatı ilə müqayisə edənləri anlamıram. Birincisi, onlar da bu səviyyəyə çatmaq üçün uzun yol adlayıblar. İkincisi, əsas məsələ maddiyatdır.
Əgər bizdə də kifayət qədər şirkət sponsoru olsa, təbii ki, sayt rəhbərləri analitik yazılar yazan jurnalistlərə normal qonorar verib yazılar ala bilərik. Azərbaycanda bu gün bir yazı üçün hansı məbləğdə qonorar verilir?
Qərbdə bu rəqəm necə dəyişir? Reklam qiymətləri necədir? Azərbaycanda azad mətbuat var və bu mətbuat günü-gündən inkişaf edir. Jurnalist siyasi mövzunu seçib təhlil apara bilər. Bu məsələdə təbii ki, ekspertin fikirlərinə baş vurmaq mütləqdir. Çünki jurnalistika tərəfsiz olmalıdır. Jurnalist öz fikrini oxucuya sırıya bilməz.
Hansısa siyasi məsələ barədə öz fikrini ancaq analitiklər yaza bilər. Sırf jurnalistika ilə məşğul olan şəxs tərəf və münasibət ortaya qoya bilməz. Az da olsa Azərbaycan mediasında bu gün normal və sanballı analitik yazılar, ekspert rəyləri işıqlandırılır. Rəhbəri olduğum "ölkə.az” saytında da daxili və beynəlxalq siyasətin gündəmdə olan mövzuları ekspert rəylərinə əsaslanaraq mütəmadi şəkildə dəyərləndirilir. Düşünürəm ki, yeni mövsümdə yeni siyasi ekspertlər, analitiklər, təhlillər ilə saytımız daha da zənginləşəcək. Hazırda bu istiqamətdə müəyyən işlər gedir”.
Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndiyev deyib ki, mediada yer alan siyasi təhlilləri xarakterinə görə bir neçə qrupa bölmək olar:
"Bunlar əsasən üç istiqamətə ayrılır. Bunlardan biri hakimiyyətin siyasi kursuna uyğunlaşan ekspertiza rəyləridir. Digəri isə müstəqil ekspertlər vasitəsilə həyata keçirilir. 3-cü istiqamət isə siyasi partiyaların mövqeyinə uyğun həyata keçirilir. Bütün istiqamətlər özlərində yenə də qruplara və fərqli təhlillərə ayrıla bilər. Bəzən elə olur ki, hakimiyyətin bir qolu digərindən fərqli bəyanatlar və siyasi təhlillər verməyə məcbur olur. Sadəcə olaraq, edilən bu təhlillər və siyasi bəyanatlar düşünülmüş, ütülənmiş və gələcəkdə kompromata çevrilməyən formada olmalıdır.
Bu məsələnin üzərində çox dayanmaq istəmirəm. Ölkədə siyasi mənzərənin formalaşması əsasən müstəqil ekspertlərin üzərinə düşür. Ən böyük problem əsasən bu sahədədir. Dünyada gedən siyasi prosesləri ardıcıl və mütəmadi izləməkdən savayı siyasi təhlilçi həm də dərin məlumat bazasına və analitik düşüncəyə malik birisi olmalıdır. Bir çox hallarda mənşəyi bilinməyən, Azərbaycana dost olmayan ölkələr tərəfindən mediamıza soxulan və kənardan istiqamətləndirən saxta ekspertiza rəylərinə və çaşdırıcı informasiyaların yayılması ilə də rastlaşırıq.
Bəzən bu təhlilçilər insanlarımızın mənəvi dəyərləri ilə də oynamağa cəsarət edirlər. Ən yaralı yerimiz olan Qarabağ problemi ilə bağlı doğru olmayan təhlillər vermələri ilə yanaşı, "Rusiya üç günə torpaqları qaytarır” başlıqlı yazılar verməkdən belə çəkinmirlər”.
Ekspertin fikirlərinə görə, bu sayaq provakativ bəyanatlar insanlarımızın milli duyğularında dərin travmalar yaradır:
"Bəzən mətbuat işçilərinin qeyri-professional yanaşması nəticəsində hər hansı bir ekspertin təhlilinə tam zidd başlıq verilir və şərhin mahiyyəti dəyişilir. Bir çox hallarda belə şərhlərin mətni oxunmadan ictimaiyyət tərəfindən ciddi haqsız hücumlara məruz qalınır. Bizə qonşu olan ölkələrdən Rusiya və Türkiyənin mediasında ümumi vəziyyət mahiyyətcə eyni olsa da, say nisbətinə görə, professionallıq daha yüksəkdir.
Lakin Azərbaycan mediasında da kifayət qədər yetişmiş, məlumatlı və analitik təhlilə malik jurnalistlərimiz var. Bir çox hallarda bu jurnalistlər opponentlərindən daha dolğun və tutarlı təhlillər verir və köşə yazıları ilə çıxış edirlər”.
İsmayıl Qocayev