Təhlükəli inadkarlıq davam edir

Ermənistan danışıqlardan bu dəfə də qaçsa, müharibə olacaq



Dördgünlük aprel müharibəsindən 3 ay keçib. Bu müddət ərzində Dağlıq Qarabağ münaqişəsi ətrafında diplomatik fəallıq artıb. Rusiya, ABŞ və Fransa prezidentləri səviyyəsində telefon diplomatiyası güclənib. Amma buna baxmayaraq, hələlik Qarabağda yeni və daha böyük müharibənin baş verməyəcəyinə dair əsaslar zəif və kövrək olaraq qalmaqdadır.

Vasitəçilər yenə də ənənəvi ümidverici bəyanatlar səsləndirməkdə davam edir. 22 illik danışıqlar təcrübəsi isə belə bəyanatlarla problemi nizamlamağın mümkün olmayacağını sübuta yetirib. Ona görə də bir sıra ekspertlər hesab edirlər ki, əgər indiki status-kvonu tezliklə dəyişmək mümkün olmazsa, tərəflər arasında genişmiqyaslı müharibə başlaya bilər. Ekspert Heydər Camal da iddia edib ki, Dağlıq Qarabağ konflikti yalnız böyük müharibə nəticəsində həll oluna bilər. Politoloq Qarabağ məsələsi ilə bağlı hazırda müşahidə olunan diplomatik fəallıqdan real nəticə gözləmədiyini deyib. ABŞ-ın nüfuzlu "Bloomberg” agentliyi də Qarabağa dair son şərhində sülh və müharibə məsələsinə toxunub. Agentliyin ekspertləri hesab edirlər ki, münaqişənin dinc yolla tənzimlənməsində Rusiya həlledici rolunu saxlayır, lakin Kreml bu roldan lazımınca istifadə eləməkdə maraqlı deyil. Danışıqlar fonunda müharibə riskini dəyərləndirən siyasi elmlər doktoru, millət vəkili Elman Nəsirli hesab edir ki, indiki halda müharibənin yenidən başlaması ehtimalı elə də böyük deyil. Amma hər hansı kompramis əldə olunmazsa, vəziyyət dəyişə bilər: "Müşahidə olunan odur ki, Dağlıq Qarabağ münaqişəsi qətiyyən dondurulmuş deyil və istənilən halda müharibənin yeni fazası başlaya bilər. Dördgünlük müharibə də hər an baş verə biləcək partlayışın bir təzahürü idi. 3 ay ərzində danışıqlar prosesində müəyyən dinamizm olub. Ən azı prezidentlərin iki görüşündən sonra cəmiyyət münaqişənin həlli ilə bağlı irəliləyişlərin olacağına inanıb. Dövlət rəhbərlərinin üçüncü görüşü də planlaşdırılır. Bunların hamısı intensivlikdən xəbər verir. Ancaq əsas problem odur ki, işğalçı Ermənistan qeyri-konstruktiv mövqe sərgiləməkdə davam edir”. Professor deyib ki, əgər erməni tərəfi danışıqlar masasına oturmaqdan və problemin mərhələli həllindən boyun qaçırarsa, təbii ki, o zaman müharibə qaçılmaz olacaq: "Hələlik düşmən tərəf təhlükəli inadkarlığını davam etdirir. Hətta bu yaxınlarda Sarkisyan dedi ki, "əgər bütün dünya Qarabağın Azərbaycanın tərkibində olmasına razılaşsa belə ermənilər buna razılıq verməyəcək”. Bu, bir daha təsdiqləyir ki, qarşı tərəfin işğalçı və barışmaz mövqeyində dəyişiklik yoxdur. Hər halda rəsmi İrəvana təzyiq edildiyi şübhəsizdir. Aprel döyüşlərindən sonra danışıqlar masasına oturmayacağını deyən Sarkisyanın prosesə cəlb olunması da erməni rəhbərliyinə edilən təzyiqin nəticəsi idi”.

İsmayıl