"Təhlükəsizliyimizə əsas təhdidlərdən biri dini ekstremizmdir" - Təhlükə




"İctimaiyyətdə dini ekstremizimlə mübarizə üçün aktivlik artırılmalı, məlumatlılıq gücləndirilməlidir”.

Bunu Sherg.az-a kriminalist ekspert İlqar Altay deyib. O bildirib ki, əhalinin bu problemlərə qarşı maarifləndirilməsində ictimai təşkilatlar və Qeyri Hökumət Təşkilatlarının üzərinə böyük məsuliyyət düşür:

"Dövlət Təhlükəsizlik Xidməti (DTX) Azərbaycandakı ekstremistlərin müəyyən hissəsinin tutulması, zərərsizləşdirilməsi ilə bağlı hesabat verir. Eyni zamanda həmin vaxt bunun təsdiqi olaraq bu Daxili İşlər Nazirliyindən (DİN) məlumat gəlir ki, xarici ölkələrdə 900 nəfər azərbaycanlının terror qruplarında iştirak etməsi məlumdur. Bu uyğunluq tam təşkil edilib və onu göstərir ki, Azərbaycanda dövlətimizin təhlükəsizliyinə əsas təhdidlərdən biri məhz ekstremizmdir. Ekstremistlər də müxtəlif olur. Siyasi, kriminal və başqa istiqamətlərdə ekstremistlər fəaliyyət göstərir. 

Burada isə söhbət dini ekstremizmin radikallığa çevrilməsindən gedir. Bunun sonu terrorçuluğa gətirib çıxara bilir. Azərbaycan daxilində bu təzahürlər olmasaydı, 900 nəfər gedib xaricdə qruplaşmalara qoşulmazdı. Onların fəaliyyəti də ölkə ərazisinə təsir edir. Bu istiqamətdə mübarizə aparılmalıdır. Mən müşahidəçi, tədqiqatçı kimi bunu deyə bilərəm ki, bu gün həmin təzahürlərlə lazımi qədər mübarizə aparılır. Bu barədə narahatlıq yoxdur. DTX və hüquq-mühafizə orqanları tərəfindən mümkün tədbirlər görülür. Sadəcə, bu məsələdə cəmiyyətimiz bir addım geridədir”.


Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şöbə rəisi Suad Mahmudov son yarım ildə Bakı, Sumqayıt və Qusarda həyata keçirilən əməliyyatlar zamanı 9 ekstremistin məhv edildiyini, 4 ekstremistin isə həbs olunduğunu söyləyib.

Ayyət Əhməd