İranda Qarabağın həllindən sonra Güney Azərbaycan məsələsinin gündəmə gələcəyi qorxusu var
Ermənistan mətbuatı İranın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə dair sensasion iddia irəli sürüb. Ermənistanın "Armtimes” nəşri iddia edib ki, İran Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tərəflərə təqdim etdiyi sülh planından çox narahatdır. Agentlik bu barədə İranın diplomatik mənbələrindən məlumat əldə etdiyini diqqətə çatdırıb:
"Aprel döyüşlərindən sonra danışıqların bəzi aspektləri ictimaiyyətə bəlli olub. İran tərəfi Lavrovun planına əsasən Ermənistanın Qarabağ ətrafında yerləşən 5 rayonu Azərbaycana qaytarması variantından narahatdır. İran şimal sərhədləri yaxınlığında belə bir mövqe dəyişikliyinə qarşıdır və hər hansı formada danışıqlar prosesinə müdaxilə etməyə çalışır”. Məlumatda, həmçinin İran Prezidenti Həsən Ruhaninin avqust ayında Bakıda Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bu məsələni qaldıracağı bildirilib. İddia ilə bağlı "Şərq”ə açıqlama verən Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev deyib ki, İranın Cənubi Azərbaycan problemi var və bu problem kifayət qədər ciddi, real, etnik mahiyyət daşıyır: "Fars rejimi hər zaman maraqlı olub ki, Azərbaycanın başı problemlərinə qarışsın və müəyyən hədd daxilində qalsın. Çünki Şimali Azərbaycanın qüvvətlənməsi İranda yaşayan milyonlarla soydaşımızın və tarixi ərazimizin yenidən gündəmə gəlməsinə səbəb ola bilər. Fars rejimi Cənubi Azərbaycanın İrandan ayrılma meyillərinin dəstəklənməsini qətiyyən istəmir. Sırf bu səbəbdən Dağlıq Qarabağ məsələsində sülhə nail olunmasını arzulamır. Nə qədər ki, Azərbaycanın ərazi problemi var, ikinci ərazi məsələsini gündəmə gətirməyəcək. Düzdür, Azərbaycan tərəfi heç vaxt bu cür iddiada olmayıb. Amma görünür, İranın müəyyən şübhələri var”. Professora görə, Ağdam işğal olunanda Tehranda danışıqlar gedirdi: "Şəxsən heç vaxt inanmamışam ki, İran tərəfi danışıqlar prosesinə müsbət təsir göstərə bilər. İran Azərbaycanın mövqeyini əvvəllər də müdafiə etməyib, bundan sonra da edəcəyini zənn etmirəm. Əslində burada həlledici məqam İran yox, Rusiyadır. Təbii ki, İran tərəfi Ermənistana müxtəlif vədlər verə, "torpaqlardan çıxmayın”, "dirənin” şəklində düşmənlərə dəstək çıxa bilər. Amma düşünmürəm ki, bunun hansısa ciddi təsiri olacaq. Burada əsas amil Moskvadır”.
İsmayıl