Tehran qədrimizi bilmir

ABŞ-ın sərt sanksiyalarına rəğmən, Azərbaycan İranla əməkdaşlıqdan imtina etmir



"Türkiyə, Azərbaycan və İran xarici işlər nazirlərinin İstanbulda keçirdikləri görüşündə daha çox rəsmi Tehran maraqlı olub”. Bunu politoloq Elxan Şahinoğlu deyib. Ekspert vurğulayıb ki, gələn həftədən başlayaraq ABŞ-ın İrana qarşı sərt sanksiyaları işə düşür. Onun sözlərinə görə, bu sanksiyalar müəyyən istisnalarla İranla əməkdaşlıq edən dövlət və şirkətlərə qarşı da tətbiq ediləcək: "Ona görə də Tehran elə bugündən sanksiyaların yayılması haqqında düşünməlidir. ABŞ-ın sanksiyaları fonunda iranlı rəsmilər beynəlxalq aləmlə mümkün qədər çox təmas qurmağa çalışırlar. Tehran ümid edir ki, qonşuları Azərbaycan və Türkiyə Amerikanın sanksiyalarına rəğmən, İranla əməkdaşlığı davam etdirəcəklər. İstanbuldakı görüşdə Türkiyə və Azərbaycan xarici işlər naziri İrana qarşı sanksiyalara qoşulmayacaqlarını və əməkdaşlığı davam etdirəcəklərini vəd etdilər. İran xarici işlər naziri isə bunun qarşılığında "Dağlıq Qarabağ münaqişəsinin həllinə maraqlıyıq” dedi. Əslində bu, çeynənmiş cümlədir. Nazir deməliydi ki, "Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllində maraqlıyıq”. Ancaq demədi”.

Siyasi şərhçi İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Baqirinin Azərbaycana səfərinin təxirə salındığını xatırladıb: 

"Bunu belə izah etdilər ki, guya, generalın iş qrafikində baş vermiş dəyişikliyə görə səfər təxirə salınıb. İnandırıcı deyil. Görünür, Tehran Azərbaycanın baş qərargah rəisinin keçən həftə İsrailə səfərindən və israilli həmkarı ilə görüşündən narazı qalıb. Üstəlik, Tehran böyük ehtimalla ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Boltonun Bakıda Azərbaycanın ünvanına dediyi müsbət mesajlardan da narazı qalıb. Özləri bilər. Reallıq odur ki, Tehrana qarşı sərt sanksiyalara rəğmən, Azərbaycan İranla əməkdaşlıqdan imtina etmir. Rəşt-Astara dəmiryolunun tikintisi üçün ayırdığı 500 milyon dollar kredit vədinə də sadiq qalır. Ancaq bunun qarşılığında Tehran yenə bizə şübhə ilə yanaşır”.

İsmayıl