Təhsil haqlarına görə ali məktəbdən qovulanların çıxış yolu var

İşləyib pul qazanandan sonra təhsili davam etdirmək olar



1992-2015-ci illər ərzində ali məktəblərdən 40 minə yaxın tələbə xaric edilib. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən verilən məlumata görə onlardan 17 minə yaxını təhsil haqqını ödəyə bilmədiyinə görə ali məktəbdən qovulub. Qeyd edək ki, tələbələrin təhsil haqqına görə təhsildən qalması məsələsi cəmiyyətdə kifayət qədər müzakirə doğuran məsələlərdəndir.

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayevin sözlərinə görə, hər kəs universitetə daxil olarkən bilir ki, oraya müəyyən məbləğ ödəyəcək və bununla bağlı müqaviləyə də qol çəkir: "Ödənişli əsaslarla oxuyan tələbə təhsil haqqını ödəməlidir. Bu, bütün dünyada belədir. Müvafiq vəsaiti ödəmək üçün imkanı olmayan tələbə müxtəlif variantlardan yararlana bilir. Kimisi hər hansı imkanlı şəxslərin hesabına oxuyur. Yəni tələbələrin imkanlarını, potensialını görən imkanlı şəxslər onların təhsil haqqını qarşılayır. Eləsi də var çalışdığı şirkətin vasitəçiliyi ilə bu problemi həll edir. O məzun olduqdan sonra isə həmin şirkət kadr kimi potensialından faydalanır. Gənclərin bir qismi isə orta məktəbi bitirdikdən sonra işləyib, gələcəkdə alacaqları təhsil üçün pul yığırlar”.

Professorun sözlərinə görə, bəzi hallarda isə ali məktəblər yüksək qiymətlərlə oxuyan tələbələri ödənişdən azad edir. Misal olaraq Qafqaz Universitetini göstərən ekspert deyib ki, sözügedən təhsil ocağında "əla”çı tələbələr təhsil haqqının tamamından, "4” və "5” qiymətləri ilə oxuyan tələbələr isə ödənişin 50 faizindən azaddırlar. "Bundan əlavə, ödənişlidə oxuyan və yüksək nəticələr göstərən tələbələrə təqaüd də verir. Digər bir variant isə odur ki, təhsil haqqını ödəyə bilməyən tələbə bir neçə illiyinə təhsilini dondura bilər. İşləyib, pul yığandan sonra bərpa olunub, təhsilinə qaldığı yerdən davam edə bilər. Baloniya sisteminə keçən ali məktəblərdə təhsil müddətinin konkret vaxtı yoxdur. Tələbə 4 illik təhsil müddətini 6 ilə də, 10 ilə də qurtara bilər”. Təhsil haqqını ödəyə bilməyən tələbələrin azad edilməsinin ali məktəblərin nizamnaməsinə uyğun olduğunu vurğulayan ekspert deyib ki, həm ödənişi keçirə bilməyib, həm də zəif göstəriciləri olan tələbələr üçün vaxt sərf olunmur. Bu mütləqdir.

Təhsil Nazirliyindən də bildirilib ki, təhsil haqqının ödənilməsi qaydası və üsulları ali təhsil müəssisəsi ilə tələbə arasında bağlanmış müqavilə ilə tənzimlənir. Təhsil haqqının ödənilməsi ilə bağlı müstəsna hallara icazə verilməsi ali təhsil müəssisələrinin səlahiyyətindədir.

Qurumdan verilən məlumata görə, milli valyutanın devalvasiyasından sonra tələbələrin rifahının yaxşılaşdırılması məqsədilə Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələrinin rəhbər nümayəndələri nazirliyə dəvət edilib və onlara tələbələrin təhsil haqlarının hissə-hissə ödənilməsinə şərait yaradılması və imtahan sessiyasında təhsil haqlarını ödəməyən tələbələrə müəyyən güzəştlərin edilməsi (imtahanlara buraxılmağa icazə verilməsi) tövsiyə edilib.
Ödənişli əsaslarla təhsil almaq təcrübəsi bütün dünyada mövcuddur.

Şəymən